Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:22

Cavanşir Quliyev: «Mən Azərbaycan dövləti üçün yoxam»


Cavanşir Quliyev
Cavanşir Quliyev
-
«Heydər Əliyev o görüşdə məni, Ramiz Rövşəni və Flora Kərimovanı tilov atıb öz tərəfinə çəkməyə cəhd edirdi...».

Kiprdə çalışan və «Azərbaycan hökuməti üçün mən yoxam» deyən bəstəkar Cavanşir Quliyev Bakıda AzadlıqRadiosunun «Pen klub» proqramına nələr danışdı?

«MƏN AZƏRBAYCAN DÖVLƏTİ ÜÇÜN YOXAM»

- Cavanşir bəy, vətəndən uzaqda nəsə yazmaq olurmu?

- Olur. Bir şey peşədirsə onu istər vətəndə, istər vətəndən kənarda işlətmək olur. «Vətən torpağı», «vətənin ab-havası» gözəl kəlmələrdir, amma inandırım sizi, işə heç bir aidiyyəti yoxdur. Peşəsi olan adam onu hər yerdə işlədə bilir... İndi balet yazıram, «Tufan» baletini. Sırada nəhəng bir iş var: «Dədə Qorqud» baleti. O da Dədə Qorqud boylarına uyğun olaraq on iki baletdən ibarət olacaq.

- Dövlət sifarişi ilə yazırsınız?

- Yox. Mən Azərbaycan dövləti üçün yoxam. Bu dövlət mənə sifariş vermir. Öz təşəbbüsümdür. Ümidim budur ki, nə vaxtsa Azərbaycanda başqa bir hakimiyyət olar və o maraqlansa bəlkə bu baleti səhnəyə qoyar. Mənim özümün onu səhnədə görmək ümidim demək olar ki, yoxdur.

- Bəs Türkiyədə, Kiprdə səhnəyə qoymaq olmazmı?

- Türkiyədəki indiki hökumət baleti sevmir. Səhnədə ayaqları açıq artistin çıxmasını sevməzlər. Özləri də getməzlər və Türkiyədəki bütün opera-balet teatrlarına böyük təzyiqlər var, çoxu qapanmaq təhlükəsi altındadır. Hətta İstanbuldakı ən böyük opera-balet səhnəsi çoxdandır bağlıdır. Kiprdə isə ümumiyyətlə opera teatrı yoxdur.

«NECƏ Kİ DİŞ PASTASINI BASIB ÇIXARIRLAR, MƏNİ DƏ VAXTİLƏ YAVAŞ-YAVAŞ ELƏ ÇIXARTDILAR ÖLKƏDƏN»

- Belə başa düşdüm ki, vətəndən kənarda yazmaq olur, amma o yazdıqlarını reallaşdırmaq heç də mümkün deyil. Bu vətəndə necə, yaşamaq, yaratmaq imkanları qalırmı sizin üçün?

- Mənə elə gəlir, indiki durumda bu hakimiyyətin mənə qarşı tolerantlığı sıfırdır. Mənim vətənlə, dost-tanışla heç bir problemim yoxdur, problemim vətən üzərindəki hakimiyyətlədir. Necə ki, diş pastasını basıb çıxarırlar, məni də vaxtilə yavaş-yavaş elə çıxartdılar bu ölkədən. Mən heç vaxt özümü bu ölkədən kənarda yaşayan təsəvvür edə bilməzdim. Təzə-təzə çətin oldu, özümü həbsxanada hiss edirdim. Sonra yavaş-yavaş öyrəşdim. Əslində bəstəkarın işi əsərlərini səhnəyə qoymaq deyil. Bəstəkar sadəcə bu əsərləri yazır, sonra əsəri tanıdığı bir menecerə, şirkətə verir ki, o əsəri səhnəyə qoysun. Amma Azərbaycanda bu da yoxdur. Diktator rejimlərdə, avtoritar rejimlərdə normal şou-biznes olmur. Çünki, hər şeyi məmurun hökmü həll edirsə, belə bir ölkədə heç vaxt sərbəst bazar, eləcə də musiqi bazarı olmaz.

«HEYDƏR ƏLİYEV GÖRÜŞDƏ İŞTİRAK EDƏN MƏNİ, FLORA KƏRİMOVANI, RAMİZ RÖVŞƏNİ TİLOV ATIB ÖZ TƏRƏFİNƏ ÇƏKMƏYƏ CƏHD EDİRDİ»

- Cavanşir bəy, 1990-cı illərdə sizin «Məhəbbət olmayanda» adlı bir mahnınız vardı, Sənubər İsgəndərli oxuyurdu. O zamankı dövlət başçısı Heydər Əliyev bir dəfə sənətkarlarla görüşdə dedi ki, yaxşı mahnıdır və o cavan oğlanı da efirə buraxmaq lazımdır. Ondan sonra Cavanşir Quliyevi efirə buraxdılar. İndi niyə həmin Cavanşir Quliyevə qapılar bağlıdır?

- Mənə elə gəlir, siz Heydər Əliyevin o vaxtkı sözlərini düz oxumadınız. Heç inanmıram ki, o mahnı Heydər Əliyevin xoşuna gəlib. Heç mahnı məsələsi də deyildi, Əliyev sadəcə o zamankı görüşdə iştirak edən məni, Flora Kərimovanı və Ramiz Rövşəni tilov atıb öz tərəfinə çəkməyə cəhd edirdi. Çünki həqiqətən də mənim yaradıcılığımı bəyənirdisə, niyə sonradan onun işlədiyi dövrdə mənə yenə qadağa qoydular? O sualın cavabı yoxdur.

- Bəlkə Cavanşir Quliyev bir vətəndaş olaraq öz mövqeyini ortaya qoyurdu?

- Əgər mahnı sevgi mahnısıdırsa, bunun mövqeylə, siyasətlə nə əlaqəsi var? Onun bu cəhdinin arxasında sadəcə bizi özünə yaxınlaşdırmaq, münasibətlər yaratmaq cəhdi vardı. Çünki təəccübləndim ki, o mahnıdan da yaxşı mahnılarım vardı, niyə o mahnını seçib? Bilirsiniz ki, Heydər Əliyev hər görüşdən qabaq dərin hazırlıq aparırdı. Ona kimlə görüşəcəyi, bu adamın kim olduğu, onun həyatı ilə bağlı çoxu informasiyalar verirdilər. Hamı da elə bilirdi ki, bu hər şeyi bilir. Görünür, hazırlıq zamanı o mahnı kiminsə ağlına gəlib, çünki o vaxtlar həmin mahnını efirə tez-tez verirdilər. Və sonradan da məlum oldu ki, bu mahnı sevgisi filan deyil, bizi müxalif düşüncələrimizdən qopardıb hakimiyyətə yaxınlaşdırmaq arzusu idi. Bu hakimiyyət bir evlə, bir «Şöhrət» ordeni ilə, min manat maaşla sənətkarları alır. Çox ucuz qiymətdir bu. Məlum olur ki, bunların dəyəri, qiyməti min manat imiş.

- Bəs çox versələr onda necə?

- Çox verməzlər, çox versələr sənətkarlar bunların əleyhinə işləyə bilərlər. Yarıac vəziyyətdə saxlayırlar ki, dolanacaqları olsun. Bu təkcə Azərbaycanda belə deyil, bütün diktatorların metodudur.

- Hər yay Azərbaycana gəlirsiniz, bu dəfə nə müşahidə etdiniz, hansı dəyişikliklər olub?

- Təəssüf ki, insanların münasibətində pisə doğru dəyişiklik hiss edirəm. İnsanlar bir-birlərinə daha çox nifrət edirlər. Sevgi, hörmət, sayğı azalır. Bakının təmirinin fonunda, insanların xırda bir şeyin üstündə bir-birinə düşmən kəsilməsini görürəm.

«O ZAMAN İLHAM ƏLİYEV BAŞQA ÖLKƏNİN PREZİDENTİDİR»

- Sizcə, insanlar həyatlarını dəyişmək istəyirlərmi?

- Niyə istəməsinlər? Amma buna ümid görmürlər, bu hakimiyyət insanlara ləyaqətli həyat verməyəcəyini sübut elədi. Sadəcə ölməyə qoymayacaqlar.

- Amma indiki prezident İlham Əliyev ölkədəki vəziyyətdən çox razı və məmnun danışır. O deyir ki, yoxsulluq azaldılıb, maaşlar artırılıb, pensiyalar ilbəil artırılır.

- O zaman yəqin İlham Əliyev başqa bir ölkənin prezidentidir. Gəlsin mən ona tanıdıqlarımdan bir neçə nəfər göstərim ki, onların həyat səviyyəsi keçən ilkindən daha pisdir. Onlar necə sayırlar mən anlaya bilmirəm. Yəqin öz qazanclarını bütün millətin sayına bölürlər. Bax o artar. Deyir, Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir, iqtisadiyyatı ildə yüzdə otuz altı faiz artır. Bunu Azərbaycan efirindən başqa heç yerdə eşitmirik. Dünyada iqtisadiyyatı ən çox artan ölkə Çindir. İldə 4-5 faiz artır. Yəqin hakimiyyətdəkilər inkişaf kimi öz qazanclarını sayırlar.

- Siz həmişə çalışmısınız ki, bu ölkədə nəsə dəyişsin. Qarşıdan seçkilər gəlir, necə bilirsiniz nə isə dəyişəcəkmi ölkədə?

- Mən vəziyyətə baxaraq deyə bilərəm ki, hakimiyyət yenə nəyinsə dəyişməsinə imkan verməyəcək. İnsanların necə səs verməsindən asılı olmayaraq, növbəti dəfə hər şey saxtalaşdırılacaq. Buna gücləri var hələ də, dövlətin bütün güc sistemi hökumətə çalışır, millətə yox. Polis xalqı qorumalıdır, ordu xalqı, dövləti qorumalıdır. Amma bizdə ordu da, polis də prezident və ailəsini xalqdan qoruyur. O üzdən də istədikləri kimi seçkiləri saxtalaşdıracaqlar, necə istəyirlər nəticəni elan edəcəklər. Baxmayaraq ki, İlham Əliyevin üçüncü dəfə prezident olması legitim deyil, qanunsuzdur, o yenidən yerində oturacaq, eynilə Türkmənistandakı kimi, Özbəkistandakı kimi, Şimali Koreyadakı kimi davam edəcək. Amma belə hal, Liviyada da vardı, Misirdə də vardı. Axırı gəldi, arzu edək nə zamansa Azərbaycanda da bu işlərin axırı gəlsin, biz də görək.

- Milli Şura yaranıb, bununla bağlı, Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı nə fikirləşirsiniz?

- Bu əslində, müsbət şeydir. Biz illərlə deyirdik ki, Azərbaycan kiçik ölkədir, müxalifət partiyaları birləşməli, ölkənin taleyi ilə bağlı məsələdə bir mövqedən hərəkət etməlidirlər. Rüstəm İbrahimbəyov ölkənin dəyərli sənətkarlarından biri və son illər hakimiyyətin təqib etdiyi bir şəxsiyyətdir. Onun namizədliyini müsbət hal hesab edirəm. Bir dəfə qəzetdə də demişəm, ölkənin prezidenti yazıçı olsa, o ölkə bir az rahat yaşayar. Siyasətə bir az insanilik gələr, rahatlıq gələr. Amma nəticənin yaxşı olmasına ümidimiz azdır.

«BU HAKİMİYYƏT QARABAĞI ALSA, EFİRDƏN ÜZR İSTƏMƏYƏ HAZIRAM»

- Bir az da Qarabağ haqqında danışaq. Bu günlərdə yazıçı Seyran Səxavət demişdi ki, Qarabağla bağlı yazmağı özümə və dostlarıma qadağan etmişəm, indi bu haqda ali baş komandan yazmalıdır. Yadımdadır ki, Xocalı hadisələrindən sonra cəmiyyətdə bir ruh düşkünlüyü yaranmışdı, o zaman sizin «Əsgər Marşı» ovqatı xeyli dəyişdi, necə düşünürsünüz yazmaq yoxsa yazmamaq?

- O mövzuda yenə yazmaq lazımdır. İkincisi, Seyran Səxavət düz deyib Qarabağı alıb, sonra bayram eləmək lazımdır. Ali baş komandanın nə vaxtsa Qarabağla bağlı əmr verməyinə mənim inamım çox azdır. Bax bu efirdə deyirəm, əgər o nə zamansa əmr versə, gəlib bu efirdən üzr istəməyə hazıram. İnanmıram o sülh yaxud hərb yolu ilə Qarabağı alsın. Bu hakimiyyət Qarabağı almayacaq. Əgər alsa gəlib burdan üzr istəyərəm.

- İstərdim bir az da təhsildən danışaq. Siz Kiprdə təhsil sahəsində çalışırsınız. Azərbaycan təhsili ilə Kipr təhsilini müqayisə etmək olarmı?

- Qısa müqayisə aparsaq, Azərbaycanda tələbələr pul verir ki, oxumasın, orda pul verir ki, oxusun.

- Bəlkə bu şəraiti yaradan həm də müəllimlərdir?

- Müəllimlərin başının üstündə rəhbərlik var, rəhbərlik istəməsə müəllimlər rüşvət almağa qorxar. Keçmişdə Azərbaycana «Neft Akademiyası» deyirdilər, indi «Rüşvət Akademiyası»na çevrilib. Burda insanın cibindəki pulu necə çıxarmağın çoxlu üsulları var. Azərbaycanda ən ibtidai insan haqları pozulur.

«İNSANIN LƏYAQƏTLİ TƏQAÜD ALMAQ HAQQI POZULUR»

- Daha çox hansı haqların pozulduğunu görmüsünüz?

- Başlayaq ondan ki, səsvermə vaxtı insanların səsini saymırlar. İnsanın ən böyük haqlarından biri başının üzərindəki hakimiyyəti seçməkdir. İkincisi, insanın ləyaqətli təqaüd almaq haqqını pozurlar. Azərbaycanda işlədiyin iş stajının hər ilinə iki manat pul verirlər. Ayıb deyilmi? Neft ölkəsi, kosmosa peyk buraxan, olimpiya oyunları keçirmək istəyən ölkə pensionerlərin ilinə iki manat pul verir. Oğlu-uşağı olmasa, bu pensiyayla adam neyləsin? Məmurlar bu sualın cavabını heç vaxt verə bilməzlər.

«DÜŞDÜYÜM DURUM MƏNƏ MAHNI YAZMAĞI TƏRGİTDİ»

- Heç yaradıcılığınıza toxunmadıq, əvvəldə qısaca danışdıq bu haqda. Mahnılar yazırsınızmı yenə də?

- Yazmıram. Düşdüyüm durum mənə mahnı yazmağı tərgitdi. Daha mahnını niyə yazım? Bu cəmiyyətdə yaşamıram, Kiprdəki də mənim cəmiyyətim deyil. Təəssüflə deyirəm bunu, həmişə mahnı yazmaq mənə böyük sevinc bəxş edib. İndi də istəyərdim yazım. Səkkiz ilə yaxındır ölkədən kənardayam və heç mahnı yazmamışam. Həvəsim yoxdur. Ancaq bəzi filmlərə, tamaşalara musiqi yazmışam. Ölkədəki vəziyyət bütün bazarlara, o cümlədən mahnı bazarına da təsir edib. Belə deyim var, sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq.

- O baxımdan Hüseyn Abdullayev də siyasətlə məşğul olmağa məcbur olundu? Bilirsiniz ki, o «Susma» adlı bir mahnı yazdı. Sonra ona bir klip də çəkdirdi, ancaq mahnını oxuyan qrup ondan imtina etdi ki, biz elə bilirdik bu Qarabağ haqqındadır, vətənpərvərlik haqqındadır. Bu məsələyə necə baxırsınız?

- Əsəri eşitməmişəm, amma bilirəm ki, Hüseyn Abdullayev iş adamıdır və Heydər Əliyevin ən yaxın adamlarından biriydi. Sonra aralarında nə oldusa ayrıldılar. Soruşuram, qardaşım, sənin bu siyasətdə nə işin var? Ölkədə vəziyyət dəyişməyib ki, yenə də döyülən müxalifət və qanunsuz işlər görən hakimiyyət var. İyirmi ildir vəziyyət belədir. Nə oldu, 15 il qabaq bu ədalətsizliyə qarşı çıxmırdın, vəziyyəti qəbul edirdin? Ancaq sənin özünə zərbə dəyəndən sonra, sən demə, yuxarıdakılar ədalətsiz imiş? Sənin içində ədalət hissi ya var ya yoxdur. Bu ədalət hissi qırx yaşından sonra gəlmir ki. Azərbaycanda iyirmi il ərzində baş verənləri sən də bilirdin, hətta özün də onun iştirakçılarından biri idin.

- Eyni arqumentləri Rüstəm İbrahimbəyovun əleyhinə da işlədirlər. Deyirlər ki, o da uzun müddət hakimiyyətə yaxın olub, onun diqqət mərkəzində olub, biznesi ilə bağlı anlaşılmazlıq yaranan kimi müxalifətin tərəfinə keçib.

- Bir kiçik fərq var, əslində bu, böyük fərqdir, insanlar bunu unudub. Rüstəm İbarahimbəyov iqtidarın iş adamı deyil. O yazıçı idi, biznesi vardısa da, öz müstəqil biznesi idi. İqtidarın gücündən yararlanaraq qurulan biznes deyildi. Həm də onun əsas işi kino çəkmək, festivallara qatılmaq idi, biznesi kiçik idi. Hüseyn Abdullayev isə sərbəst deyildi, ona görə hər şeyini əlindən aldılar. Rüstəmin heç nəyini ala bilmədilər. O üzdən bu kiçik fərq çox böyük fərqdir. Bu onun müstəqil olduğunun sübutudur. İctimaiyyətə baxış məsələsində Rüstəmlə Hüseyni bərabər tərəziyə qoymaq Rüstəmə qarşı ədalətsizlik olar.
XS
SM
MD
LG