Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Rəhim Əliyevdən yeni hekayə: "Yataqda ağlayan qız"


Rəhim Əliyev
Rəhim Əliyev
-

– Zöhrab, mən hamamda pak olub, qurana əl basdım, tay günah eləməyəcəm. Mənə zəng vurma...


Rəhim Əliyev


YATAQDA AĞLAYAN QIZ

(hekayə)


Çox danışdılar çatda, çəkdi altı aya kimi. Həri, təkrar idi sözlərin bir parası. Zöhrabın şirin sözləri vardı, onlarnan başlayırdı hər gün. Giləxanım pərt kimi olurdu təzə-təzə, öyrəşməmişdi şirin sözlərə, kişi hənirinə.

Bom-boş iydu həyatı iyirmi ilə yaxın vaxtda, gəlin getdiyi o gecədən sonra. Daş düşəydi o günə!

Gavar bircə toy gecəsi ayığ iydi o qara kölgə. Üzunü də görmədi heç əməlli, sancıb getdi. Gecə gəldi, səhər açılmamış yox oldu. Bir tərinin iyi qaldı qızın bədənində. Beş gün səhərə yaxın kefli gəlib yatdı taxtda, nə gəlinə yaxın durdu, nə kəlmə kəsdi. Həftə tamam olmamış genə getdi Leninqrad bazarına, ordan gəlmişdi. Dedi beş-altı günə qayıdıb səni də aparacam. Gəlmədi amma. Bu da qohum, yad oğlu yaxşıdı beləsinnən min pay!

Baiskar Gilənin atası idi. Qız neft institutunu bitib iri zavodda təzə işə başlamışdı. Oğraşı iki-üç kərə görmüşdü, o da yayda kəndə gedəndə. Qız zavodlar şəhərində doğulmuşdu. Bircə qız kimi əziz-xələf olmuşdu evdə, məktəbdə də yaxşı oxumuşdu. Atası zavodda işləyirdi, üç otağı da almışdı elə həmin zavoddan. Bir qardaş, bir bacı idilər.

Qardaşı otuz yaşına çatanda hələ subay idi. Ona görə atası Gilənı tələsik uzaq qohumuna verdi: onu aparmalı idi Leninqrada özüynən. Həm də evdə qızın tutduğu otaq boşalmalı idi. Amma qeyb oldu oğraş toydan bir həftə sonra, nə zəngi gəldi, nə kağızı. Təzəgəlin kirayə otaqda beş ay qaldı. Bir gün ev sahibinin arvadı gəlib Gilədən üç aylıq kirayə borcunu istədi. Demə oğraş ancaq iki ayın ödüyübmüş pulunu. Təzəgəlin anasına dedi vəziyyəti. İki gün sonra anası qaranəfəs işə gəldi, qızına dedi:

– Bu günnən ta evə gəl. Atan kirayəni ödədi, şeylərini qaytardı evə!

Gilə mat qaldı ata-anasının davranışına. Ondan bir kəlmə rəy də soruşulmadı. Arvad baxmırdı onun üzünə, səsi də yad gəldi qıza. Bircə dəfə göz-gözə gəldilər, Gilə yaşnan dolu gördü iki addımda duran anasının gözlərini, o ağlamışdı, bunu Gilə başa düşdü haçannan-haçana, anlayanda məsələnin nə yerdə olduğun.

Anası sözünü deyib qaçdı elə bil, qız isə yerə mıxlanıb qaldı zavod idarəsinin uzun dəhlizində. Necə getsin evə, axı on gün qabaq gəlin gətirdilər qardaşı üçün. Düzü, istəmirdi o evə qayıtmağı. Hər gün atası, qardaşı, yad qızı ilə üz-üzə gəlməyi. Günahı olmasa da xəcalət çəkirdi. Bu beş ayda təkliyə öyrəşmişdi. Düzdü, gecələr qulağı səsdə olurdu, qara kölgə axı gəlib qapını döyməli idi! Hər it olsa da, gələcək iydi. Gəlməyə bilməzdi, axı həyatda belə olmur. Gilə belə anlıyırdi həyatı əvvəlki beş ayda! Amma beş ay beləcə qurtardı.

Amma ölmədi qızın içindəki məntiqsiz ümid. Ona dayaq oldu içində. Amma artıq hiss elədi özünü ata evində, kirayə evin həsrətini yaşadı. Bir də atasına nifrəti gündən-günə artdı. Səhər sevindi, dərin nəfəs aldı hər evdən çıxanda. İşdən çıxanda isə evə qayıtmaq istəmədi. Sonra gəlinlə rəfiqə oldular. İşdə ailəli kişilər ona söz atmağa başladılar. Gəlinin dalbadal üç qızı doğuldu. İşdə kompüterləri qoşdular internetə. Gilə xanım üç-dörd il rişxəndlə baxdı şöbədəki cavan qızların internetdəki zarafatlarına.

Amma bir yay ciddi bir iş oldu. Bu, 2010-cu ilin yayı idi, dünyada qarımış qızların kütləvi ailə qurduğu il. Gülə xanım axır ki, Zöhrabla çatda tanış oldu. Həyacanlandı bu tanışlıqdan və hesabladı, gördü ki, on səkkiz il keçib kirayə evdən atasıgilə qayıtmağından. Mat qaldı ömrün belə tez getməyinə. Uşaq doğsaydı, indi əsgər gedərdi.

Əvvəl məzə kimi baxdı Zöhraba, amma həftələr keçdikçə üzün görmədiyi bu adam üçün darıxdı. Gecələr başladılar telefonda danışmağa, saat birdən sonra. Bu, Güləxanımı lap başdan elədi, yuxusu çəkildi ərşə. Zöhrab telefonda danışır, gülür, hərdən intim sözlərə keçirdi. Danışmaqdan yorulmurdu. Hərdən Giləxanım söz verirdi özünə ki, daha ona saatnan qulaq asmayacaq. Amma axşam yenə nitqi kəsilirdi, hətta intim sözlərdən hallanmağa başlayırdı.

Sonra onlar parkda görüşdülər. Giləxanım özü istədi. Amma məyus oldu görüş günü. Zöhrabın başı daz iydi. Onun saçsız kişilərdən heç xoşu gəlmirdi. Zöhrab isə Gilənin bəstə boyuna, dolu canına, təmiz qarabuğdayı dərisinə baxıb genə şirin sözlər yağdırmağa başladı. Giləxanımın xırda, dipdiri qəhvəyi gözləri, şabaladı qaşları və saçı vardı. Zöhrab and-aman elədi ki, ölür şabalıdı qızlar üçün. O, Güləxanıma demişdi çoxdan: xaricdən qayıdanı yaşamırdı arvadla, amma uşaqlarını, iki uşağı böyüdürdü. Gilə bunları bilirdi çoxdan, səmimi qəbul eləyirdi. Ona görə bu müzakirə olunmadı heç birinci görüşdə.

Qızın məyusluğu çox çəkmədi, iki gün cavab vermədi Zöhrabın zənglərinə, çata da girmədi. Amma üçüncü gün cavab verdi zəngə, özünü də inandırdı ki, elə-belə danışsın beş-altı kəlmə. Amma Zöhrab az qala bir saat danışdı, Güləxanım isə qulaq asdı. Tərəddüdləri də yadından çıxdı.

Sonra yenə parkda görüşdülər istirahət günlərində. Belə görüşdən sonra Zöhrab telefonda ona dostunun ofisinə getməyi təklif elədi. Təklifdən Güləxanımın əl-ayağı əsdi, dili tutulan kimi oldu, amma özünü ələ alan kimi Zöhraba qəti sözlər deyib telefonu keçirdi. Amma səhərin gözü açılınca gözünə yuxu getmədi. Başladı gözləməyə Zöhrabın təkrar zəngini, amma zəng gəlmədi. Səhər durub getdi işə ürəyi əsə-əsə. İşdə gördülər qız özündə deyil, dedilər qayıt get evə. Amma Giləxanım nə cavab verdi, nə də evə getdi. Nə yemək yedi, nə su içdi. Gecəni, Zöhrabın zəngini gözlədi. İyirmi dörd saat bir ay kimi uzun oldu həmin gün qız üçün. Zöhrab saat on ikidə zəng vurdu. O çox kefli olanda evdəkilərin yatmağını gözləmirdi...

– Salam, mənim gözəlim...– Zöhrabın bu salamından sonra qız onu danışmağa qoymadı.

– Sənə qurban olum, Zöhrab, sənə qurban olum, məni hara istirsən apar, amma getmə həyatımdan!...– qızın dolaşıq sözləri dayanmaq bilmədi.

Zöhrab kefli olsa da, bu monoloqdan razı qaldı, çünki elə bilirdi Giləxanım ondan inciyib. Amma inciməmişdi. Deyəsən Zöhrab özü düşmüşdü çətinə. İndi gerçəkdən qızı həmin ofisə ya harasa aparmalı idi, dostu ilə danışmalı idi. Bu danışıq bir aydan çox çəkdi, çünki Seyidin emalatxanası klub kimi bir yer idi, oranın boş görmək çətin idi.

Axır isti bir yay günündə, Seyid bağda olanda belə imkan yarandı. Emalatxana yarızırzəmi idi. Balaca pilləkənlə düşdülər uzun qaranlıq koridora. Bura rütubətli, sərin idi. Zöhrab dayandı qapıların birinin qabağında, açarı burdu və onlar içəri girdilər. Bura binanın həyətinə alçaq pəncərələri olan iri, işıqlın otaq iydi. İkiyə bölünmüşlü, qapıya yaxın göz pərdəli idi, içəridə yatacaq görünürdü. O biri göz bir az iri iydi, pəncərə ilə üzbəüz memarın iş stolu, pəncərəyə bitişik isə divan, onun qabağında alçaq və girdə ortalıq stolu vardı. Zöhrab emalatxananın sahibindən danışa-danışa köynəyini soyundu, əzələli, tüklü sinəsini Giləxanıma göstərdi. O da fikirləşdi ki, Zöhrab onun düşündüyündən yaraşıqlıdı...

Kişi oturan kimi plastmas torbanı açdı: ordan araq, çaxır, kolbasa, pendir, şoraba çıxarıb stolu düzəltməyə başladı. Bilinirdi otağa yaxşı bələddi. Stəkan və nimçələrin, yabaların yerini yaxı bilirdi. Zöhrab qıza fikir vermədən nəsə danışırdı, səliqə ilə görürdü öz işini. Qız üçün təklifsiz bir qalın istəkan qırmızı çaxır tökdü, özünə araqdan süzdü və fasiləsiz danışa-danışa yeyib içməyə başladı. Giləxanım onun səsini eşidirdi, amma dediklərini kəsdirə bilmirdi.

Axırıncı badəni süzəndə Zöhrab Giləxanıma dedi:

– Özün söyunassan, yoxsa mən soyunduracam səni?

Giləxanım suala təəccüblənmədi, amma cavab da tapmadı. Bir qədər yubanıb yatacaq olan gözə keçdi. Zöhrab bir azdan onun ardınca gəldi, pərdəni aralayıb aktyor kimi kandarda dimdik durdu və qılıqlı səslə dedi:

– Mənim gözəlim! – sözün təsiri keçəndən sonra gördü ki, Giləxanım enli yatacağın üstünə təzə, qatı açılmamış döşəyağı salıb.

Zöhrab qızın belə qanacaq göstərməyindən razı qaldı çox-çox. Qız taxtın qırağında oturmuşdu, sifətində fağırlıq və qorxu vardı. Zöhrab qızın sol əlinin əsim-əsim əsdiyini görəndə anladı ki, söz vaxtı deyil. Tələsmədən şalvarını soyundu, stulun başına qoydu. Qızın əsən sol əlindən tutub yanında oturdu, dinmədən boynundan öpməyə başladı...

Geyinib çıxanda Güləxanım yavaş, qorxu bildirən səsnən soruşdu Zöhrabdan:

– Döşəkağı bütün qandı, onu neyniyək?

– Tulla, təzəsini alarıq,– Zöhrab kəsə cavab verdi, Gilxanım da o saat səhvini anladı.

Zöhrab yorulmuşdu, qız ona xeyli əziyyət vermişdi. Ayrılanda qıza dediyi şirin sözlərində əvvəlki qılıq yox idi. Giləxanımın isə vəziyyəti daha pis idi. Hər addımını atanda onun qarnının dibini kəsirdi nəsə. Amma Giləxanım dözürdü, elə bil kimdənsə intiqam alırdı. Özünü tanıdığı qızlıq çağından keçən otuz ilə yaxın ömrünün, bu bir gün kimi keçmiş ömrünün intiqamını alırdı. Fağır və üzüyola olub o bu illər boyu nəsə gözləmişdi. Amma indi bilirdi, bu nəsə yox iydi. Anasının yaxşı qız olmaq nəsihətləri ancaq söz idi, onların heç bir sorası, dalısı yox idi.

Zöhrab qızdan ayrılıb yaxındaki pivəxanaya sarı getdi, orda sərinlənib dincəlməyə tələsirdi. Giləxanımın isə getməyə yeri yox idi. Qabağına çıxan parkda oturub yem axtarıb uçuşan göyərçinlərə baxıb düşünürdü. Bir-birilərinə mane olub, mafar vermədən yaşadıqları üç otaqlı evdən isə zəhləsi gedirdi çoxdan.

... İkinci görüşü Giləxanım çox gözlədi. Seyidin emalatxanasındakı görüşdən sonra Zöhrab yenə zəng vururdu hər gecə, şirin dilini işə salırdı. Söhbətləri bitəndə Giləxanım məyus olurdu hər dəfə: təzə görüş haqqında Zöhrab demirdi hec nə. Necə həftədən sonra axır ki, görüşdülər. Amma bu dəfə də Giləxanım ağrılar hiss elədi. Əvəlki kimi bərk ağrılar deyildi, amma ağrılar idi. Giləxanım həkimə getdi. Qadın həkimi ona baxıb soruşdu:

– Təzə ərə getmisən?

– Hə,– Giləxanım xeylu susub sora cavab verdi.


– Həftədə necə dəfə yaşayırsız?

– O rayonda işləyir, ayda bir iki dəfə...

Həkim başını buladı. Giləxanım başa düşmədi heç nə. Çixanda soruşdu:

– Dərman lazım deyil?

– Ərindən tələb elə ki, heç olmasa həftədə bir dəfə səninlə yaşasın. Sən demək olar qız uşağısan, onun ağrısıdı, kecib gedəcək.

Giləxanımın ürəyi yerinə gəldi. Amma o biri tərəfdən gecə telefonda Zöhraba deyəcəyi sözləri hazırlamağa başladı. Gecə Zöhrab şirin sözlər deyə-deyə qulaq asdı ona. Qızın gileylərinin sorası oldi. Bir həftə sonra yenə görüşdülər. Onun ağrıları getdi. Amma azalmadı görüşləri arasında fasilələr. İkinci görüşdən sonra üç aya yaxın görüşmədilər. Gecə söhbətlərində Giləxanım acıq-açığına Zöhraba gileyləndi. O daha çox görüşmək istəyirdi. Axır ki, Zöhrab apardı onu ev sahibini görmədikləri bir evə. Burada da görüşləri ən tezi bir aydan bir olurdu. Sonralar Zöhrab ona dedi ki, bu tanış bir qadının saat hesabı kirayə verdiyi evdir. Giləxanım əvvəl buna görə gileylənmək istədi. Amma nəsə düşünüb susdu.

Üç dörd il sonra onların görüşləri arasında məsafə yenə artdı. Giləxanımın gileylərinə cavab axır ki, Zöhrab ona düşdüyü vəziyyəti açdı. Öz səfehliyindən borca düşmüşdü. Bir tərəfdən borc sahibləri, o biri tərəfdən banklar. Ödənişlərin vaxtı keçən kimi Zöhraba gün verir, işıq vermirdilər. Zöhrab şirin sözlərdə necə usta idisə, yazıqlanmaqda da elə usta idi. Telefonda elə danışdı ki, qızın ona rəhmi gəlməyə başladı. Giləxanım dedi: görüşlərin yarısının xərcini özüm çəkəcəm. Zöhrab yarıkönül nəm-nüm edib razılaşdı.

İki-üç il də belə keçdi. Zöhrab daim pilsuzluqdan şikayətlənirdi. Düzü, maaşı çox yüksək idi, amma pulun yarısını arvada verir, yarısını da faizlərə. Əlinə gələni isə kefli olanda bir-iki günə xərcləyirdi. Giləxanıma açıq demədi ki, pulum yoxdur. Belə deyərdi:

– Valla, vəziyyətim ağırdı, iki banka faiz verirəm...

Giləxanım ona inanırdı. Əslində elə Zöhrab düz deyirdi pulsuzluq haqqında, amma səbəbini qıza düz izah eləmirdi. Beləcə onların görüşləri çox vaxt Giləxanımın hesabına baş tutmağa başladı. Amma onun maaşı aşağı idi, bir görüşə və dərman, yol xərclərinə güclə çatırdı. Gecələr telefon danışıqlarında Zöhabın kefli olmağa get-gedə daha aşkar hiss olunmağa başladı.

Giləxanımın danlaqlarından sonra onlar görüşdülər bir gün yenə. Qız Zöhrabın həmişə aldığı şeyləri və içkiləri özü alıb gətirmişdi: araq, çaxır, kolbasa pendir, təndir çörəyi. Zöhrəb bunların hamısını içəri ötürəndən sonra Giləxanımla həvəslə yırğa elədi. Qalxıb geyinəndə gördü ki, Giləxanım çıxmır adyalın altından. Yaxınlaşıb adyalı qaldırdı. Lüt üryan, mis dərili, kökəlib girdələnmiş Giləxanım ağlayırdı üzüqoyulu. Zöhrab adyalı buraxdı, qanı qaraldı: Giləxanıma yazığı gəldi.

–Niyə ağlırsan?– Giləxanımdan səs çıxmadı, amma höçqırıqları gəlirdi.

Zöhrab təkidnən təkrarladı sualını, axırda Giləxanım başını açdı adyalın altından, üzüquylu döşək ağına baxa-baxa uşaq kimi soruşdu:

– Mən niyə qurtara bilmirəm?

Zöhrab səbəbi təxminən bilirdi. Bu barədə dəfələrlə danışmışdılar qıznan. İnternetdə oxumuşdu ki, bu hiss qadınlarda uşaq doğandan sonra yaranır. Bunu da dəfələrlə demişdi Giləxanıma. Ona görə annıyırdı ki, səbəbi Giləxanım özü də bilir. Amma o, Zöhrabdan kömək istəyirdi. O isə söhbət dərinləməsin deyə cavab vermədi. Giləxanım bir azdan sakitləşdi, geyindi və onlar çıxdılar.

Amma sonraki görüşlərdə yırğadan sona adyal altda ağlamaq qızın şakəri oldu. Zöhrab anladı ki, bu ağlamaq bircə qızın dediyi səbəblə bağlı deyil, daha qəlizdü.

Giləxanımın ağladığı görüşdən Zöhrab qanıqara və bir az peşman getdi. Pivəxanaya gedib siqaret yandırdı, götür-qoy elədi içində. Onun rəhmi gəlirdi bu qıza, amma səbəbsiz deyildi görüşlərə həvəssiz getməyi də. Giləxanım dünya görmüş bu adam üçün soyuq idi yataqda. Bunu ona demirdi, bilirdi ki, düz anlamayacaq, inciyəcək. O istirdi Giləxanım yataqda onun bütün vücudunu, hətta iyini də ehtirasla özünə hopdursun, dotələbliknən istəsin. Amma bu, yox iydi, kişi duyurdu ki, Giləxanımın ancaq balaca bir yeri hallanırdı, qalan bədəni isə duyğusuz qalırdı. Bunun səbəbi də Söhraba aydın idi. Kişisiz yaşadığına, uşaq doğmadığına görə qızın arvadlığı yetişməmişdi, yeniyetmə yerində qalmışdı. Bu onun taleyi idi. O bilirdi uşaq doğan belə soyuq qadınlar saysız-hesabsız iydı. Amma övladı olanlar soyuqluğu rahat yaşayırlar.

Giləxanım hər ay maaş alan kimi Zöhraba yorulmadan zəng edir, görüş istirdi. Amma kişinin içində elə bil bir əyləc yaranırdı, min bir bəhanə gətirib görüşü uzaqlaşdırırdı. Giləxanım isə ağlamağa şakər elədi, sonraki görüşlərdə dünyadan giley dolu sözlər danışır, susmaq bilmirdi. Bu ağır söhbətlər görüşdən görüşə Zöhrabın həvəsini öldürür, ovqatını pozurdu. Hərdən yırğasız ayrıldıqları günlər də olurdu.

Giləxanım bir-iki görüş düzəlir, sonra hər şey təkrar olurdu. İş o yerə çatdı ki, Zöhrab görüşdən əvvəl Giləxanımdan bədbin sözlər danışmamaq barədə razılıq alırdı. Belə vaxtlarda Zöhrabın qırmızı çaxırından bir stəkan içir, yırğa vaxtı lap ət kimi olub qalırdı.

Beləcə Giləxanımnan lap seyrəklədi görüşləri. Qızın də elə bil yadından çıxırdı görüş istəmək. Macaralarının altıncı ili nadir görüşlərin birində Zöhrab qızın iri həb dərman içdiyini gördü. Giləxanım genə bir istəkan şərab içmişdi, özünü çaşmış kimi aparırdı.

Zöhrab işdə internetdə axtarış verdi dərmanın adına. Tapıb oxudu. Bu, həb aybaşıların bərpa edilməsi üçün idi. Bu, axırıncı görüşləri oldu. Bir ay sonra Giləxanım ona zəng vurub dedi:

– Zöhrab, mən hamamda pak olub, qurana əl basdım, tay günah eləməyəcəm. Mənə zəng vurma.

Zöhrab telefonu keçirib rahat nəfəs aldı. Giləxanımın yaşını bir də hesabladı: qırx səkkiz yaşı vardı. Fikirləşdi ki, qismətdən artıq yemək olmaz. Bir ay sonra bərk kefli olanda Giləxanımın nömrəsini yığdı. Operatorun səsi dedi: nömrə təyin olunmayıb. Zöhrab özünə söz verdi ki, bir də bu nömrəni yığmasın. Bundan ürəyi soyumadı, Giləxanımın nömrəsini telefonundan sildi ki, kefli olanda da yığa bilməsin.

09. 2013
XS
SM
MD
LG