-
Elmir Mirzoyev:
- Məsələn, bu gün dövlətin stimulu olmasa, akademik musiqi fəaliyyəti dayanmalıdır, Filarmoniya bağlanmalıdır...
Bu ilin iyulunda hökumət jurnalistlərə ev verəndən sonra belə təkliflər də səsləndi ki, yazıçılara da ev tikilsin. Şair Qəşəm Nəcəfzadə hətta bununla bağlı prezidentə müraciət də etdi.
Azərbaycanda acınacaqlı şəraitdə yaşayan yazıçılar, şairlər az deyil. Amma digər tərəfdən, yazıçının hökumətdən ev istəməsi, alması düzgündürmü? Bu, onun müstəqilliyinə, yazılarına təsirsiz ötüşə bilərmi?
AzadlıqRadiosunun “Pen klub” proqramındakı debatda bu suala cavab axtardılar: yazıçılar Zümrüd Yağmur, Vaqif Nəsib, kulturoloqlar Aydın Xan və Elmir Mirzoyev.
Zümrüd Yağmur:
- Mənə elə gəlir, prezidentin hər hansı peşə sahibinə ev vermək ifadəsi bir qədər düz deyil. Çünki prezident şəxsi büdcəsindən ev tikib kiməsə vermir. Dövlət büdcəsindən yazarlara ev verilsin, verilməsin, mən məsələni belə qoyardım. Prezident dövlət başında dayanan və müvəqqəti şəxsdir.
O ki qaldı, dövlətin yazarlara və ya başqa peşə sahiblərinə ev verib-verməməsinə, bu, dövlətin borcu deyil. Dövlətin borcu başqadır. Dövlət ədəbiyyatın təbliğatıyla sağlam, dürüst şəkildə məşğul olarsa, televiziya məkanında yazarlara öz əsərlərini təqdim etmək, cəmiyyətlə daha sıx ünsiyyət qurmaq imkanı yaradarsa, yazar öz romanını satarsa, 9 milyonluq xalqın ən azı 80-100 mini kitabını alarsa, ona dövlətin ev verməsinə ehtiyac qalmaz. Nəğd yolla olmasa da, kredit şərtləriylə yazar sərbəst mənzil ala bilər. Cəmiyyətlə ədəbiyyatın daha sıx ünsiyyətinə şərait yaradılmayan bir vəziyyətdə təbii ki, yazar dövlətdən asılı vəziyyətə düşür. Kirayədə yaşaya bilmir, əsərlərini sata bilmir, nəticədə maddi imkansızlıq ucbatından dövlətdən güzəştlər, ev gözləmək zorunda qalır. bu da ona gətirir ki, yazar dövlətdən asılı olduğu üçün bu birbaşa sözünə, sözünün azadlığına təsir edir. Bu mənada birbaşa olaraq dövlətin yazarı, jurnalisti evlə təmin etməsinə isti baxmıram.
Məsələn, Türkiyədə müəllimlərə dövlət hesabına evlər tikilib, güzəştli şərtlərlə, uzun müddətə, aşağı faizlə kredit verilir. Dövlət yazarın qayğısına qalırsa, birbaşa onları özlərindən asılı vəziyyətə salmadan belə layihələr həyata keçirə bilər. yəni güzəştli şərtlərlə evlər verilə bilər. Bu yolla jurnalistlərə ev veriləndə üzə çıxan çirkinliklər ortaya çıxmaz (evsiz olanlar qıraqda qaldı, iki evi olanlar mənzil aldı), həm də yazar dövlətdən asılı vəziyyətə düşməz. Hələ dövlətdən asılı vəziyyətə düşmək bir tərəfə, biz prezidentdən asılı vəziyyətə düşüb ona minnətdarlıq duyğularımızla efirlərdə çıxış edirik. Amma bu, dövlətin puludur və dövlətdən ev alan jurnalistin, yazarın prezidentə minnətdarlıq duyğusu ilə bunu dilə gətirməsini düzgün saymıram.
Aydın Xan:
- Yazı-pozu adamları bir az dəymə-düşərdilər. Sovet hökuməti yaradıcı insanlara müxtəlif güzəştlər edirdi, ev verirdi, sanatoriyaya, kurorta göndərirdi, kitabları nəşr olunurdu. Bunlar heç nə etmədən həm varlanırdı, həm şəhərin mərkəzində evləri olurdu. Mən indi baxıram Səməd Vurğunun, başqalarının evlərinə, dəhşətə gəlirəm ki, necə ola bilərdi hökumət şairlərə-yazıçılara belə evlər versin. Bu, analoqu olmayan proses idi. SSRİ dağılandan sonra dövlət kitab sənayesinə azadlıq verdi, yazıçılara azadlıq verdi ki, gedin kitablarınızı çap etdirin, oxucular sizi oxusun, varlanın, özünüzə ev də alın, ailənizi də saxlayın. Azərbaycanda bu ifrat azadlıq böhrana, iflasa apardı. Yazıçılarımız səfil gününə düşdülər.
Bir səbəb o idi ki, iqtisadi vəziyyət yaxşı deyildi, quruluş dəyişmişdi, müharibə, qaçqınlar… o biri tərəfdən isə məcburam deməyə, bizi sərbəst buraxanda kitab-zad oxumuruq, kitaba pul vermirik. Biz millət olaraq ərəblərin, farsların, rusların əsarəti altında olanda kitab oxumuşuq, ən dəyərli əsərlərimiz də bu dövrdə yaranıb.
Şahnaz Bəylərqızı:
- Yəni milləti kitab oxumağa vadar ediblər?
A.Xan:
- Yəni xalqın içində bir kreativ müqavimət hərəkatı yaranır. Nizaminin, Xaqaninin, hətta Nəsiminin dövründə beləydi. Bir balaca müstəqillik Xətai dövründə verildi, onda da dahiyanə əsərlər görmürük ta Vaqifə kimi. Rusların zəbt etməsindən sonra oyanış hərəkatı başladı, ədəbiyyat avropalaşma mərhələsinə keçdi və güclü ədəbiyyat yarandı. Qayıdaq müasir dövrə. Zümrüd xanım kimi biz də istərdik ki, 9 milyonluq xalq Azərbaycan yazıçısının kitabını alıb oxusun. Bizim varlılar, hətta məmurlar bütün dünyada olduğu kimi rəssamların əsərlərini toplasınlar, musiqi sifariş versinlər. amma biz bunu görmürük. Bizimkilər 100 min pul verib oğlunun toyuna Şakira-makiranı çağıra bilər, ancaq sənətçiyə, yazıçıya kömək etmək istəməzlər.
Zümrüd xanım deyir ki, bizə aşağı faizlə kreditlə ev versinlər. Mən də tərəfdarıyam. Amma nə fərqi var? Bunu dövlət verir, ya kredit verir? Onsuz da siz krediti verə bilməyəcəksiz, bizim yazıçıların çoxu işsizdir. Yəni fərqi nədir ki, bunu sizə dövlət verir və nəsə tələb edir sizdən (mən inanmıram ki, dövlət nəsə tələb etsin) və ya kredit verən qurum bunu sizdən tələb edir? Onsuz da hər iki tərəfdən kreativ adamlar təzyiq altında olacaqlar.
Dövlətin indiki mövqeyini düzgün sayıram. Prezident də dəfələrlə deyib ki, bu, xalqın puludur, xalqa da sərf olunur və bundan qorxmaq lazım deyil. Ancaq Əkrəm Əylisli kimi erməniləri göyə qaldıran yazılar yazanda dövlətin tələbi ola bilər ki, xeyir ola, mən sənə hər şey verirəm, sən də belə edirsən? Amma birbaşa dövlət deyə bilməz ki, sən belə yazma, indi əvvəlki dövr deyil, ideologiyalar da yoxdur. Lap hətta deyək ki, rəsmi orqanlar sıxışdırsa belə, onsuz da ən dəyərli əsərlər sıxışdırılmış ölkələrdə yaranır.
Z.Yağmur:
- Deməli, Azərbaycan xalqı o zaman böyük əsər yaradır ki, azad buraxılmır. Açığı, indi də Azərbaycan xalqını azad saymıram, kasıb, çörəyə möhtac, yaltaqlanmağa stimullaşdırılmış bir xalq kimi imtahana çəkilir, sındırılır. Yenə deyirəm, ədəbiyyat təbliğ olunmalıdır. Televiziyalarda yalnız Anar, Elçin, Əkrəm... Ədəbiyyat 1960-cı illərdə ilişib qalıb, müasir ədəbiyyatın təbliği yoxdur. Dövlət ədəbiyyata qayğı göstərmək istəyirsə, evlə təmin etməli deyil, ona özünü realizə etmək imkanlarını tanımalıdır. Azərbaycan xalqı nadan, cahil deyil, onu idarə edənlərin nadan, cahil toplum yaratmaq istədiyini görürəm.
A.Xan:
- İcazə verin razılaşmayım. Dövlət deyə bilər ki, siz istədiniz, biz bütün kreativ qurumların hamısını dövlət büdcəsinə götürdük, sizin üçün qəzet, jurnal buraxırıq, təqaüd veririk. Gedin yaradın da, sizin əlinizi bağlayıblarmı? Keçmişdə sovet hökuməti, “KQB” bizi sıxışdırır, tutur, öldürürdü, axı, indi o yoxdur! Zümrüd xanımın sözündə həqiqət var ki, Azərbaycan yazıçısı öz oxucusunu yetişdirməlidir, müasir oxucu yoxdur. Bütün dünyada olduğu kimi ədəbiyyat ikinci plana keçir. Bəs bizim yazıçıların səviyyəsi nə qədərdir? Yəni biz hər şey tələb edirik. Amma özümüz nə qoyduq?.. İpoteka deyirsiz, onda süpürgəçi də deyə bilər ki, mənə güzəştli kredit var. Xeyir ola, yazıçını fərqləndirirsiz, bəlkə o, mələkdir, qanadları var?
Z.Yağmur:
- Süpürgəçiyə də yaxşı maaş verilsə, onun özünü mənimlə müqayisə etməsinə ehtiyac qalmaz. Yazıçıya, jurnalistə ev verməkdə məqsəd aydındır, danışan dili qısaltmaq, susdurmaq. Axı süpürgəçini, həkimin dövlətin siyasətinə təsiri yoxdur.
Elmir Mirzoyev:
- Ondan başlayaq ki, bizim ölkədə nəinki ədəbiyyat, ümumiyyətlə, incəsənət sahəsində vəziyyət kifayət qədər ağırdır. Yeganə olaraq, mənim bildiyim qədər, rəssamların maddi vəziyyəti yaxşıdır. Bizim kimi ölkədə, yəni cəmiyyətin oturuşmadığı ölkədə vəziyyət çətindir, əvvəla əhali azdır, region yetərincə mürəkkəbdir. Bizim ölkədə dövlət, əlbəttə, incəsənətə stimul versə yaxşı olar. Amma birbaşa bağlılıq şəklində yox. Yazıçının, rəssamın dövlətdən yardım alması Avropada qayda olaraq fondlar vasitəsilə reallaşdırılır. Məsələn, Almaniyada çoxlu ədəbiyyat, incəsənət fondları var. müstəqil jüri fəaliyyət göstərir, müxtəlif adamlar bura müraciət edə bilərlər, yeni əsər yaratmaq üçün onlara şərait yaradılır. Amma bunun ölkənin siyasi rəhbərliyi ilə əsla əlaqəsi, bağlılığı yoxdur. İndiki dövrdə siyasi bağlılıq arxaik anlayışdır. Yaradıcı adamların ölkənin siyasi elitasın ilə birbaşa və ya dolayı yolla bağlılığı doğru olan iş deyil.
İstənilən ölkənin ən vacib dəyəri kültürdür. Təəssüf ki, bizim ölkədə belə mədəniyyət fondlarının olması mümkün deyil. Düzünü deyim ki, mənim özümə də çox çətindir bu suala cavab vermək, yəni hazırkı dövrdə necə cavab vermək olar və ya başqa hakimiyyət olsa məsələ necə həll edilsin? Artıq bu sual buraxılıb hər bir yaradıcı insanın şəxsi vicdanına, mənəvi dəyərlər, meyar dərəcəsinin ixtiyarına. Çox mürəkkəbdir. Birmənalı olaraq deyəsən ki, yox, imtina olunmalıdır. Məsələn, bu gün dövlətin stimulu olmasa, akademik musiqi fəaliyyəti dayanmalıdır, Filarmoniya bağlanmalıdır. əhali gedib bilet alıb konsertlərə gedəcək durumda deyil. Məsələn, Filarmoniya və ya Opera Teatrında işığın parası alınacaq biletin parasını ödəməz. Necə olsun onda? Olmasın bu institutlar? Bağlayaq? Ləğv edək? Onda dövlət məcbur olur ki, onları stimullaşdırsın.
2002-ci ildə Konservatoriyada müzakirə aparırdıq. O zaman Putin belə qərar çıxarmışdı ki, müstəsna olaraq bir neçə institut, məsələn, Moskva, Peterburq konservatoriyaları, Bolşoy Teatrda işləyənlərin maaşları qaldırılsın. Bunu müzakirə edəndə dostlardan biri dedi ki, bizdə də bu var, prezident filankəslərə təqaüd verir. Ancaq burda vacib məqam var, Rusiyada hakimiyyətdə kimin olmasının fərqi yoxdur, dövlət maaşları qaldırır və bunun Putinə aidiyyatı yoxdur. Amma bizdə təqaüdləri prezident verdiyi üçün bağlılıq yaradır, bu, müasir cəmiyyətin parametrlərinə uyğun deyil. Dövlət mədəniyyəti, ədəbiyyatı stimullaşdırmasa, yerli-dibli məhv olmaq təhlükəsi var.
Vaqif Nəsib:
- Yazıçılar Birliyində ev bölgüsü aparılır. Məşədi İbad demiş, mən “Tarixi-Nadir”i yarıya qədər oxumuşam, ancaq hələ belə bölgüyə rast gələ bilməmişəm. Yazıçılar Birliyində aparılan bu cür ev bölgüsü “Ginnesin rekordlar kitabı”na düşə bilər. Molla Nəsrəddin məzhəkələrindən də o yana gedir, 4 yazıçıya bir ev verirlər, bunu satın, pulunu bölün. Bəyənmədiyimiz sovet zamanı yazıçılara əlavə 40 kvadratmetrlik iş otağı verirdilər. Görünür, Yazıçılar Birliyi bunların öz əməyi ilə dolana bilmədiyini görüb, yazıçıları ticarətçi etmək istəyir. Nizamnaməyə görə, ev yalnız yazıçılara, yaradıcı əməklə məşğul olanlara verilməlidir. Amma bu evlərin 60 faizini AYB-nin təsərrüfat işçilərinə, inzibati işçilərinə, katibəsinə verirlər. Ən böyük biabırçılıqdır bu. Belə yaradıcı təşkilat heç lazım deyil. Yaxşı olar ki, yazıçılara bundan sonra ev verəndə adbaad versinlər. Bölgüyə Yazıçılar Birliyini qarışdırmasınlar. Sovet vaxtı da yazıçılara ev verəndə bəhanə edirdilər ki, bu yazıçının qeydiyyatı yoxdur, yazıçı uşaqlarına verib onları harınlaşdırırlar. Ona görə adbaad verilməlidir. Yazıçıya ev də verilmədir, hətta əlavə iş otağı verilməlidir.
Z.Yağmur:
- Rus nağıllarında bir şey var. Cadugər qəhrəmana nəsə verəndə əvəzində onun gözəlliyini, ürəyini alır. Azərbaycan iqtidarı da 20 ildə özünə yarındırmadan, əlini öpdürmədən kimsəyə çöp verməyib. bunu hamımız görmüşük…
(SÖHBƏTİN DAVAMINI BURDAN OXUYUN)