Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:46

Azərbaycanın ilk Azəri


“İz” proqramının aparıcısı Sevda İsmayıllı,Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə və “AZƏRbaycan həsrət” kitabının müəllifi Nəcibə Bağırzadə
“İz” proqramının aparıcısı Sevda İsmayıllı,Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə və “AZƏRbaycan həsrət” kitabının müəllifi Nəcibə Bağırzadə
-

“İz” proqramının qonaqları yenicə çapdan çıxmış “AZƏRbaycan həsrət” kitabının müəllifi Nəcibə Bağırzadə və Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadədir.

- Xoş gördük. Sizinlə təkrar görüşdüyümə görə çox şadam. Rais bəylə zaman-zaman müxtəlif proqramlarda görüşlərimiz olub. Nəcibə xanımla təxminən 3-4 il əvvəl “Gecikmiş etiraf kimi” kitabının çapından sonra görüşdük. Artıq daha bir kitab – Rəsulzadələr ailəsi haqqında yeni bir kitab işıq üzü görüb. Təbriklərimizi qəbul edin. Azər bəy barədə ayrıca kitab yazmaq arzusu necə doğdu?

Nəcibə Bağırzadə:

Azər bəy böyük bir ziyalı olub, rəssam olub, müəllim olub. Bütün bunlarla yanaşı o, Məhəmməd Əmin Rəsulzadənin yadigarıdır. Əgər Azər Rəsulzadə Məhəmməd Əmin bəyin oğlu olmasaydı belə, onun haqqında danışmağa dəyərdi. Ona görə bu mövzuya – Rəsulzadələr mövzusuna həmişə qayıdılacaq. Bəri başdan deyim ki, yenə yazacağam, çünki bu mövzu bitib-tükənməzdir. Məsələ bundadır ki, bu il Azər Rəsulzadənin ölümünün 20-ci ildönümüdür. Biz düşündük ki, onu nə ilə xatırlaya bilərik və beləcə, kitab ideyası doğdu. Mən buna görə yazıçı Teyyub Qurbana təşəkkür edirəm. Onunla bu il mayın 28-də Novxanıda M.Ə. Rəsulzadənin abidəsi önündə görüşdük və Teyyub müəllim mənə dedi ki, yaz, sən yaz, bu kitabı...Səndən yaxşı kim yazacaq? Əlbəttə, bu o demək deyildi ki, məndən başqa onu kimsə yaxşı yazmayacaqdı...Sadəcə, Teyyub müəllim sanki mənə qanad verdi. Və mən yazdım. Hər halda, bu kiçik kitabla Azər bəyi xatırladıq. Elə adamlar var ki, onları unudulmağa qoymaq olmaz. Bu, bizim borcumuzdur.

Rais Rəsulzadə:

İlk öncə sizin radioya təşəkkürümü bildirirəm. Bu kitabı diqqətdə saxladığınız üçün. Daha sonra Nəcibə xanıma təşəkkür edirəm. Neçə illərdir bu işlə məşğuldur. Elə çıxılmaz vəziyyətlər, təzyiqlər olub ki, Nəcibə xanım bunlardan inadkarlıqla çıxıb.

S.İ.: – Nəcibə xanım, kitabla bağlı faktları necə topladınız—təkcə Rais bəy yardımçınız oldu, yoxsa başqa qaynaqlara da üz tutdunuz?

N.B.: – Əslində əsas qaynaq Rais bəyin özüdür. Fotolar, Rais bəyin söhbətləri, məktublar... Kitabda Azər bəyin indiyədək bilinməyən məktubları var. Bu, çox maraqlıydı, çox kədərliydi... Məktubların böyük bir qismi rus dilində yazılıb. Amma bu məktublarda Azərbaycana o qədər bağlılıq var ki... Bütün doğmalarını bir-bir soruşur... Hamı haqqında birər-birər məlumat toplayır. Məktublarda nigarançılıq var, həsrət var. Və heyrət doğuracaq bir şeyə rast gəldim. Məktublarının birini qış günü yazır. İnanın, elə gözəl təsvir edir ki, oturduğu otağı, pəncərədən görünən qış mənzərəsini, bəyaz qarı… Oxuyan anda anlayırsan ki, bunu ancaq rəssam yaza bilər. Daha bir məqam. Bilirsiniz ki, M.Ə. Rəsulzadənin bircə heykəli var – o da Novxanıda. Nəsiman Yaqublunun hazırladığı ensiklopediyada oxudum ki, bu heykəli Cavanşir Dadaşov hazırlayııb. Mən bu heykəltəraşı axtarıb tapdım. Cavanşir müəllim bu heykəli necə yaratdığını mənə danışdı. Bu da kitabda yeni bir xal oldu (gülür). Bir də 3 il öncə AzadlıqRadiosunun “İz” proqramına verdiyim müsahibəni kitaba əlavə etdim. Gözəl müsahibə idi. Sizə, AzadlıqRadiosuna təşəkkürlər…

S.İ.: -Azər bəyin adı gələndə mənim yadıma ilk öncə 1920-ci ilin yayı düşür. Bayıl həbsxanasından Stalinin istəyi ilə Moskvaya aparılan Məhəmməd Əmin bəyin bələyini öpüb-qoxladığı, qulağına “Azər” pıçıldadığı körpə… Körpəyə məhz Azər adının verilməsnin hər hansı tarixçəsi var? Ona Azərbaycanın ilk Azəri demək olar?

Rais Rəsulzadə, Nəcibə Bağırzadə
Rais Rəsulzadə, Nəcibə Bağırzadə
R.R.: Bəli, atam Azərbaycanın ilk Azəriydi… Özü sonralar demişdi. Mən nə isə şübhə altına alırdım. Amma sonra gördüm ki, ondan qabaq Azər adına heç yerdə rast gəlinmir. Ailədə danışırdılar ki, babamı həbs eləmişdilər. Onu Stalin həbsdən qurtardı, Moskvaya apardı. Məhəmməd Əminin fikri vardı ki, ailəsini də aparsın, amma mümkün olmayıb. Mən bunu bir neçə dəfə danışmışam. Bakıdakı evinə gəlib. Ailəsi ilə görüşüb. Alıb 2 aylıq körpəni qucağına, başının üstünə qaldırıb. Qulağına pıçıldayıb ki, adın Azərdi… Əvvəlcə atamın adını Əliheydər qoymuşdular. Razı olmayıb. Deyib, Azər olmalıdır. Adı Azərdir.

S.İ.: -Onda verilişi “Azərbaycanın ilk Azəri” adlandırarıq. Keçək suallara. Azər bəy atasızlığı necə yaşayıb? Nələr gəlib başına?

R.R.: – Atasızlıq çox çətin olub. 20-ci illərdən Azərbaycanda repressiya başlayıb. 1927-ci ildə « Müsavat » partiyasının üzvləri pərən-pərən olmuşdu…Gizli təşkilatları məhv etmişdilər. Hər şey ciddi nəzarətdə saxlanılırdı. Xüsusən, Məhəmməd Əminin ailəsi. İmkan düşdükcə kompromatlar olurdu. Atam danışırdı ki, məktəbdə oxuyanda müəllimlər bizi incidirdilər. Qardaşı Rəsuldan danışanda deyərdi ki, Rəsul gələrdi məktəbdən ağlaya-ağlaya, çantasını tullayıb bir qırağa deyərdi ki, yenə bunlar başlayıblar – Məhəmməd Əmin elə, Məhəmməd Əmin belə… xalq düşmənidir…Çox böyük mənəvi sıxıntılar içində olublar.

N.B.: – Siz dediniz ki, Azər bəyin başına nələr gəldi? Əslində, Azər bəyin başına nələr gəldisə, Rəsulzadənin oğlu olduğu üçün gəldi. Lap gənc yaşlarından sürgünə getdi, orada aclıq, ölüm, səfalət gördü. Və bütün həyatı boyu bu adam Azərbaycan həsrəti ilə yaşadı. Kitabı o üzdən « AZƏRbaycan həsrəti » adlandırdım. Adamı ağrıdan da odur. Bilirsiniz ki, o nəsildən çoxlarını – Seyid Hüseyni, Umgülsümü və b. sürgün etdilər, güllələdilər. Onların heç birinin məzarı yoxdur. Və Azər bəyin məzarının üstündə yazıblar ki, bu ailədən Azərbaycanda-Vətəndə uyumaq tək sənə nəsib oldu… Azər bəyin qəbri üzü yola baxır. Mənə elə gəlir ki, (kövrəlir)…o həsrət bitmir ey! Yenə də onların ruhu nigarandır… Onlar bu həsrətlə yaşadılar. Heç nəyi dəyişmək olmaz… Bizim dediklərimiz, yazdıqlarımız sanki özümüzü aldatmaq üçündür. Bəlkə də Rəsulzadənin kölgəsinə sığınmaq üçündür.

R.R. : – Atam 1991-ci ildə Bakıya gəlmişdi. Xəstələndi. Bir müddət Mərkəzi Klinikada yatdı. Qayıtmazdan qabaq Novxanıya getdi. Ulu babamızın məzarını ziyarət elədi. Gördüm əliylə göstərir ki, məni burda dəfn edərsiniz. Orda da yer az idi. Mən də dedim, nə danışırsan, o yan-bu yan… Getdi dəniz qırağına. Uşaqlıqda gəzdiyi yerlərə baxdı, xatirələrə daldı. Sonra Qazaxıstana getdi. İki ildən sonra ağır xəstələndi. Serroz oldu. Getdim, iki ay başının üstündə oturdum. Mənə deyirdi ki, gedirəm Bakıya. Məni Bakıya apar. Yığışdıq ki, gedək, fikrini dəyişdi. Dedi, yox, mən getmirəm, amma orda dəfn eləyərsiniz məni. Dedim niyə getmək istəmirsən ? Dedi, orda məni istəyənlər də var, istəməyənlər də. Qoy məni zəif görməsinlər. Amma hərdən deyərdi ki, nə xoşbəxtlikdir Vətəndə ölmək !.. Böyük xoşbəxtlikdir…(kövrəlir). 1993-cü il iyulun 8-də rəhmətə getdi. Gətirib bir gün sonra Novxanıda torpağa tapşırdıq…

S.İ. : – İndi bir sual verəcəyəm, amma cavabını bilə-bilə… Əmin bəyin övladları arasında ağrı-əzab və məhrumiyyətlər ən çox kimin payına düşüb?

“AZƏRbaycan həsrət” kitabı
“AZƏRbaycan həsrət” kitabı
R.R. : – Hamıya düşüb. Atam hərdən fotosunu mənə göstərirdi – fotonun altına od və kül çəkmişdi. Deyirdi, o yanan odun külü mənəm… Yəni hamısının payına düşüb. Qürbətdə yaşayanların halı lap pis olub. Heç Məhəmməd Əminin öz halı da yaxşı deyildi…

S.İ. : -Deyəsən, birinci qurban Rəsul oldu?

R.R.: – Rəsul (Əmin bəyin böyük oğlu – S.İ.) çox mədəni, savadlı oğlan olub. Şeir yazırdı. Onu həbs edib atasına qarşı təbliğat aparmağa məcbur edirdilər. O, imtina elədi. Ona görə də onu KQB divarları arasında, o vaxt NKVD deyirdilər, məhv elədilər. Qəbri hardadır – bilinmir. Əvvəl demirdilər. Sonra gözətçilərdən biri demişdi ki, onu güllələdilər, amma harda dəfn olunub bilinmir… Bir çoxlarını dənizə atırdılar, bəzilərini quyu qazıb ora atırdılar. Cürbəcür variantlardan istifadə edirdilər.

S.İ.: – Rəsulu neçənci ildə öldürdülər?

R.R.: – 1936-cı ildə...

S.İ.:Bəs Əmin bəyin ailəsini nə vaxt sürgün etdilər?

R.R.: – 1937-də... Noyabr ayında əvvəl Bayıl türməsinə gətiriblər. Orada kameralar dolu imiş. Çünki Yejovun (NKVD-nin rəisi – S.İ.) xalq düşmənlərini həbs etmək barədə sərəncamı vardı. Xalidə bibim etiraz edib ki, bizə ayrıca kamera versinlər. Kişilərlə qadınlar bir kamerada qala bilməzdi ki? Kamera veriblər və göndəriblər Gəncə həbsxanasına. Bir ay Gəncə həbsxanasında saxlayıblar. Həmin müddətdə yeni sərəncam çıxıb ki, xalq düşmənlərini Sibirə, Qazaxıstana göndərmək vacib deyil, elə Azərbaycan ərazisində də yerlərini dəyişə bilərlər. Amma bu sərəncama baxmayaraq, qatarı komplektləşdirib Qazaxıstana göndəriblər...

N. B.: – Ən kədərlisi bilirsinizmi nədir? Firuzə xanım danışırdı ki, Məhəmməd Əmin Rəsulzadənin ailəsi olduğumuzu biləndə, bizə salam verməyə də cəsarət eləmirdilər. Hamı bizə arxa çevirirdi. Görün, necə xof yaradıblarmış. Əslində, bütün diktatura rejimləri belədir. Azadlıq insanın düşüncəsindədir. O adamlar ki, azad düşünə bilmir, azad düşünənləri mənən sındırmağa çalışır. Pulla, vəzifə ilə öz tərəfinə çəkmək istəyir, alınmayanda, onları cismani məhv edirlər. Əlbəttə ki, “Bir kərə yüksələn bayraq, bir daha enməz!” – deyən Kişinin yadigarları diktatura ilə – o rejimlə barışmayacaqdılar...Bir o sözə görə, bayrağa görə, indi yaşadığımız dövlətə görə – hər şeyə görə biz o Kişinin ruhu qarşısında borcluyuq. Və o Kişidən qalan yadigarları qorumaq lazımdır. Çünki onlar Azərbaycanın dəyərləridir – hamımızın sərvətidir.

S.İ. – Rais bəy, atanız böyük bir şəxsiyyətin nəvələri olduğunuzu övladlarına necə bildirib?

R.R.: – O, atasızlığı o qədər də hiss etməyib. Mənim nənəm – Ümbülbanu xanım onlara lazımi qayğını göstərirdi. Bu dünyadan şəkər ummaq arzuları da yox idi. Nənəm Məhəmməd Əminin kim olduğunu da onlara yaxşıca başa salırdı ki, ataları ilə fəxr eləsinlər. Onlar da fəxr edirdilər! Mənim atam da uşaqlıqdan bizə bunları aşılayırdı. Atama ətrafdakıların münasibətini görürdüm və hiss edirdim ki, burada nə isə qeyri-adi bir amil var. Ona hörmətlə “Azer Mamedoviç” deyə müraciət edirdilər. Atam özü də hərdən zarafatla bizə deyərdi ki, özünüzü yığışdırın. Görün siz kiminlə danışırsınız... Mən elə-belə adam deyiləm (gülüşmə)...

S.İ.: – Azər bəy Azərbaycanın müstəqilliyə qovuşmasını necə qarşıladı?

R. R.: – Sevinc içindəydi...1988-ci ildə də gəlmişdi bura. Meydanda toplantıları, tonqalları görürdü. Bu, onu təəccübləndirirdi. Bir yandan da çox sevinirdi. Azərbaycanın ovaxtkı prezidenti Əbülfəz Elçibəylə də yazışırdı. Onların bir-birlərinə məktubları var.

N.B.: – Azər bəyin yaşadıqlarını, hansı hisslər keçirdiyini təxmin etmək çətin deyil. O adamlar bütün çətinliklərdən ona görə keçmişdilər ki, o nəslin başçısı bir vaxtlar Azərbaycanda müstəqil dövlət qurmuşdu. Azər bəy də, yəqin, fikirləşirdi ki, bu günə görə bu əzablardan keçməyə dəyərdi... Və mən çox istəyirəm ki, biz bir şeyi heç vaxt unutmayaq: Bu gün bizim yaşadığımız dövlət Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətdir! 90-cı illərdə bu dövlət bərpa olunub. Əgər 1918-ci ildə o böyük Kişinin qurduğu dövlət olmasaydı, biz nəyi bərpa edəcəkdik? Sovetlər dağılanda bütün xalqlar öz müstəqilliyinə qovuşmadı ki? Elə çətin bir zamanda heçdən bir dövlət qurmaq asan iş deyildi. O, bir tarix yaratdı, milli ideologiya yaratdı. Rəsulzadə deyirdi ki, bizim məqsədimiz müstəqilliyin tamını xalqa dadızdırmaqdır. Çünki o tamı dadan – azadlığın nə olduğunu bilən xalq heç vaxt köləliklə barışmaz. Sürgünlər, zindanlar, təqiblər olacaq – amma o tamın arxasınca gedəcək... Odur ki, biz bu müstəqil dövlətdə yaşadığımız üçün, o bayrağın kölgəsinə sığındığımız üçün o böyük Kişiyə minnətdarıq...

S.İ.: – Azər bəy sağ olsaydı, müstəqilliyin 22-ci ilini necə qiymətləndirərdi?

N.B.: – Azər bəy sağ olsaydı, çox şeyi bəyənərdi. Bayrağımız dünyanın hər yerində dalğalanır. Bu, hər birimiz üçün qürur yeridir. Amma mənə elə gəlir ki, Azər bəy bu cəmiyyətdə ədalətin azlığından şikayətlənərdi. Onun atası bu cür deməmişdi. Əgər indi yaşadığımız dövlət o dövlətin davamı olsaydı, indi bir çox şeylər başqa cür olardı. Bu qədər KİV var, amma ədalətdən danışan yoxdur. Ona görə ki, bu məmləkətdə ədalətin özü qəribdir. O, insanların düşüncəsindən uzaqlaşdırılıb. Ya bir tikə çörəklə imtahana çəkildiklərindən düşünə bilmirlər, ya da bir xof var insanların içində. Təsəvvür edin ki, 28 Mayı bayram edirik, Cümhuriyyət quranların adı çəkilir, amma Rəsulzadənin adı ya çəkilmir, ya da ən axırda çəkilir. Axı bu boyda qısqanclıq olmaz! Bu boyda ədalətsizlik olmaz! Tarixi gizlətmək olmaz! Bax, 37-də gizlətdilər, nə oldu? Zaman dəyişdi, hər şey yenidən üzə çıxdı. Əgər Rəsulzadə sıradan bir nəfər deyildisə, niyə onun adı “unutdurulur”? O, birinci o idi! Şərqdə ilk türk dövlətini, ilk cümhuriyyəti, ilk milli ideologiyanı yaratdı!

S.İ.: – Kitab çıxdı. Təqdimat nə vaxt olacaq?

N.B.: – Yaxın günlərdə.

S.İ.: – Kitabı kim maliyyələşdirdi?

N.B.: – Kitabı Məhəmməd Əmin Rəsulzadənin dəyərini bilən, dövlətimzi sevən, bayrağımızı sevən bir dost maliyyələşdirdi. Ona çox-çox təşəkkürlər edirik.

S.İ.: – Elə bizim də təşəkkürümüzü çatdırın.

N.B.: – Və nə yaxşı ki, belə insanlar var. Dünya, görünür, belə adamların çiynində dayanır.

S.İ.: – Sağ olun.

R.R.: – Sağ olun, Sevda xanım. İnanıram ki, xatırladığınız üçün atamın ruhu şad olacaq.

N.B.: – Yaxşı söz həqiqəti deyir. Həqiqəti qəbul etmək çətindir. Odur ki, yaxşı sözü, doğru sözü deyənlər həmişə təzyiqlə üzləşirlər. Bu yükü daşıdığı üçün AzadlıqRadiosuna bol-bol təşəkkürlər düşür.

--Rəsul gələrdi məktəbdən ağlaya-ağlaya, çantasını tullayıb bir qırağa deyərdi ki, yenə bunlar başlayıblar – Məhəmməd Əmin elə, Məhəmməd Əmin belə… xalq düşmənidir…

– Nə xoşbəxtlikdir Vətəndə ölmək !.. Böyük xoşbəxtlikdir…

– Atam deyirdi ki, o yanan odun külü mənəm

– Bu ailədən Azərbaycanda--Vətəndə uyumaq tək sənə nəsib oldu…

– Rəsul (Əmin bəyin böyük oğlu) çox mədəni, savadlı oğlan olub. Şeir yazırdı. Onu güllələdilər. Qəbri hardadır –bilinmir.

– Məhəmməd Əmin Rəsulzadənin ailəsi olduğumuzu biləndə, bizə salam verməyə də cəsarət eləmirdilər.

– Atam özü də hərdən zarafatla bizə deyərdi ki, özünüzü yığışdırın. Görün siz kiminlə danışırsınız... Mən elə-belə adam deyiləm...
XS
SM
MD
LG