Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:52

Toyuq peyini Böyük Həmyə sakinlərini seçim qarşısında qoyub


Arxiv foto
Arxiv foto
-
Kənd sakinləri quş sexlərinin yaratdığı üfunətə görə kənddən çıxmağa qərar veriblər

“Burda yaşamaq dözülməzdir. 10 gün əvvəl övladıma toy elədim, qonaqlar qapıda qurduğumuz çadırda gəlib 5 dəqiqə otura bilmədi. İydən durub qaçdılar”.
“SEXLƏRİN İYİ EVİMİZİN İÇƏRİSİNDƏDİR”
Siyəzənin Böyük Həmyə kəndinin sakinləri necə deyərlər, toyuq peyinindən cana doyublar. Onlar kənddəki yaşayış məhəllələrində fəaliyyət göstərən quşçuluq sexlərinin üfunətindən baş götürüb kənddən qaçmağa hazırlaşdığını deyirlər.
Sakinlərdən Mayıl Zamanovun sözlərinə görə, belə sexlərdən ikisi ilə onun yaşadığı ev arasında vur-tut 150 metr məsafə var. Deyir, qapı-pəncərəni bağlamaq da köməklərinə çatmır:
“Sexdə ventilyasiya sistemi var, sexin içərisindəki üfunəti düz evimizə vurur. Evdə otura bilmirik, həyətə çıxa bilmirik, gələn qonaq-qara yanında da üzümüz qara olur”.
Mayıl Zamanov deyir, bu sexlərin hər birində ən azı 10 min toyuq saxlanılır.
Başqa kənd sakini Əli Məmmədov:
“Yaşayış evləri arasında iri quşçuluq sexləri tikiblər, toyuq saxlayırlar. Camaat üfunətdən evdə otura bilmir. Kənd camaatı prezidentə də yazdı, ordan göndəriblər baytarlıq idarəsinə, əhəmiyyət verən yoxdur”.
Əli Məmmədovun deməsinə görə, kənddəki quşçuluq sexlərinin sayı 14-dür. Sahibləri Siyəzən, Quba rayonlarından, elə kəndin özündən olanlardır.
“GÖSTƏRİŞ VERİLİB... BİR DƏ YOXLAYARIQ”...
Rayon Baytarlıq Şöbəsinin rəhbərliyi kənddə quş sexi saxlayan 14 nəfərə bu fəaliyyətin dayandırılması barədə göstəriş verib. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə sakinlərə yazıb göndərdiyi məktubda yaşayış evlərinin arasında fəaliyyət göstərən quş sexlərinin sahiblərinə xəbərdarlıq edildiyini qeyd edib. Onların inzibati məsuliyyətə cəlb olunacağını vəd edib.
Siyəzən Rayon İcra Hakimiyyəti
Siyəzən Rayon İcra Hakimiyyəti
Siyəzən rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Tağı Babayev isə deyir, bir neçə gündür ki, quş sexlərinin fəaliyyətinin dayandırılması ilə bağlı göstəriş verilib:
“Göstəriş verilib və məncə artıq o sexlərin fəaliyyəti dayandırılıb. Bir daha bu məsələ ilə maraqlanacam. Bu bir neçə gün ərzində quş sexləri ləğv olunmalı idi”.
MÜAVİN MƏSƏLƏNİ BİR DAHA ARAŞDIRACAĞINI VƏD ETDİ
Quş sexi işlədənlər isə onlara yönəlik tənqidləri qəbul etmirlər. Onlardan Mansur Mayılov deyir ki, saxladığı quşlardan qonşulara zərər getmir:
“Mən quş sexini öz həyətimdə tikmişəm. 2500 quş saxlayıram. Qonşuların şikayətlərindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəldilər, qonşuların həyətində aparatla ölçdülər, nəticəyə gəldilər ki, mənim saxladığım quşların iyi qonşu həyətlərə getmir. Özüm öz həyətimdə ekologiyanı korladığıma görə 200 manat cərimələyib getdilər”.
Sex sahibinin sözlərinə görə, ona başqa hər hansı xəbərdarlıq olmayıb.
Baytarlıq Haqqında Qanun fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahələrində quş sexlərinin inşa edilməsini qadağan edir.
XS
SM
MD
LG