Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:25

Siemens gədəbəyliləri qara daxmalardan daş evlərə necə köçürdü


«Qafqaz səfərləri» kitabı
«Qafqaz səfərləri» kitabı
-
«Werner von Siemens (Verner fon Simens) 3 dəfə Qafqaza, eləcə də Gədəbəyə səfər edib və sərgüzəşt dolu olan bu səfərlərdən kitab yazıb» – Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına dünyada Werner von Siemens-in Azərbaycan dilində ilk dəfə nəşr olunan «Qafqaz səfərləri» kitabının tərcüməçisi Azər Babayev söyləyib.

SIEMENSİN «ÖMÜR XATİRƏLƏRİ»

Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı olan Azər Babayevin dediyinə görə, elektrotexnika dühası kimi ad çıxaran Siemens «Ömür xatirələri»ni də yazıb:

«Kitabın bir fəsli onun şirkətinin Gədəbəydə mis-mədən fəaliyyətinə həsr edilib. O, qardaşlarıyla birgə 1864-cü ildə Gədəbəydə həmin ərazini çar hökumətindən satın alıb və bolşevik inqilabınadək orada işləyib. Sonradan o öz təəssüratlarını qələmə alıb».

1942-Cİ İLDƏ QAFQAZLA BAĞLI HİSSƏ ALMANİYADA ÇIXIB

Azər Babayev xatirələrin hələ XIX əsrin sonunda kitab halında çıxdığını söylədi:

«XX əsrdə də bir neçə dəfə çap olunub. Maraqlı bir fakt: 1942-ci ildə Qafqazla bağlı fəsil ayrıca kitab kimi Almaniyada çap olunub. Bu, həmin dövrdə Qafqaza böyük maraqla bağlı ola bilərdi. Mən də kitabxanalarda Qafqazla bağlı araşdırmalar apararkən, bu kitaba rast gəldim. Çox təəssüfləndim ki, bu əsər dilimizə tərcümə olunmayıb».

SIEMENSLƏR GƏDƏBƏYƏ NECƏ GƏLDİLƏR

Qonağımızın fikrincə, işgüzar insanlar sərgüzəştə meylli olurlar:

«Fon Simenslərin fəaliyyəti dünyanı əhatə edirdi. Onların şirkəti ilk dəfə Atlantik okeanının dibindən kabel çəkib. Londondan Hindistana teleqraf xəttini də həmin şirkət çəkib. Sözügedən kitabın ilk cümləsində Qafqaz səfərinin nədən qaynaqlandığı üzə çıxır: «Qafqaz Rusiyasında bir çox teleqraf xətlərinin çəkilməsi və təmiri rus hökuməti tərəfindən bizim Peterburqdakı nümayəndəliyimizə tapşırılmışdı. Nümayəndəlik Hind-Avropa xəttinin istifadəyə verilməsindən əvvəl Tiflisdə filialını açmışdı. Filiala qardaşım Valter rəhbərlik edirdi. Bu işlər tamamlandıqdan sonra orada yetərincə fəaliyyət imkanı qalmayınca, o, 1864-cü ildə Yelizavetpol (Gəncə – S.İ.) yaxınlığındakı Gədəbəydə zəngin mis mədənini almağı təklif etdi. Dağ-mədən işi firmalarımızın fəaliyyətinə uyğun gəlmədiyindən, qardaşım Karl və mən ona mədəni alıb işlətməsi üçün gərəkli vəsaiti verdik»».

KİTABIN ÇAPINI GÖRƏ BİLİR...

Tərcüməçi Werner von Siemens-in xatirələrini ömrünün sonlarında yazdığını dedi:

«1889-91-ci illərdə yazıb. 1892-ci ildə vəfat edib. İşgüzar fəaliyyətinə yekun vurandan sonra geri boylanıb keçdiyi yola baxır və beləcə, görüb-yaşadıqlarını qələmə almaq istəyi yaranıb. Maraqlıdır ki, kitab onun ölümündən bir neçə gün əvvəl çap olunub və Fon Simens kitabı görə bilib...».

Azər Babayev
Azər Babayev
GƏDƏBƏYƏ İLK SƏFƏR

Azər Babayev bu səfərin 1865-ci ilə təsadüf etdiyini dedi:

«Müəyyən problemlər yaranır. Gözləntilərə cavab vermədiyindən şəxsi nəzarət üçün Gədəbəyə gəlir. Onlardan ötrü Qafqaz o dövrdə əlçatmaz, sivilizasiyadanuzaq bir regiondu... Xatirələrində yazır ki, Gədəbəy mis mədəni çox qədimdir. Hətta iddia edilir ki, bura ibtidai-icma dövründə mis hasil edilmiş dağ mədənlərindəndir. Elə onun böyük Göyçə gölü və onun qərb sahillərindən başlayan Ağrıdağının — bir çoxları tərəfindən bəşəriyyətin beşiyi sayılan bir yerin yaxınlığında yerləşməsi faktı buna dəlalət edir... Yazır ki, hətta bir əfsanəyə görə, bu dağ mədəninin meşə sahəsinə aid olan gözəl Şamxorçay vadisi İncildə təsviri verilən Cənnətin yerləşdiyi məkandır. Hər halda, mədən filizi dağının zirvəsini bəzəyən saysız-hesabsız qədim istehsal yerləri, habelə saf mis yataqları, nəhayət, Gədəbəy ətrafındakı ibtidai-icma dövrünə aid qəbiristanlıqların olması bu ərazidə dağ-mədən işinin qədimliyini təsdiq edir».

MİS MƏDƏNİ YAXŞI GƏLİR GƏTİRİR

Qonağımız sonrakı illərdəki yatırımlarının Simenslərə gəlir gətirdiyini bildirdi:

«Xatirələrdə özü bunları yazıb. Əvvəlcə problemlər yaranır. Sonra işləri yoluna qoyurlar və xatirələrində açıq şəkildə, razılıqla bildirir ki, qoyduqları investisiya onlara gözlədiklərindən də çox gəlir gətirdi...».

SİMENSİN GƏDƏBƏYƏ SON SƏFƏRİ...

Son səfəri 1890-cı ildə baş tutur:

«Son səfər faytonla – Rusiya-Kiyev-Odessa yolu ilə gerçəkləşir. O, xanımını və qızını da gətirir. Sərgüzəştlə dolu iki səfərindən fərqli olaraq, bu səfərini xatirələrində «gəzinti» adlandırır. Məsələn, ikinci səfərdə o, Elbrus dağına çıxır. Özünü bu dağın zirvəsinə çıxan ilk avropalı adlandırır».

«BAKININ FÜSUNKARLIĞI ELƏ DƏ ÇOX DEYİL...»

Aparıcının: «Siemens Bakıda olubmu» sualını tərcüməçi belə cavabladı:

«Olub. Yazır ki, Bakı neftinə görə məşhurdur. Mədən fəaliyyətində bizim üçün neft mühüm idi. Onlar Şəmkirdən Gədəbəyə neft kəməri də çəkiblər. Yazır ki, Bakının İçərişəhəri Xəzər dənizinin dik qalxan gözəl sahilində yerləşir. Çox müasirləşdirilmiş əbədi alovları olan liqroin quyuların ərazisindən, Qaraşəhərdən və İran şahının iqamətgahı olduğu dövrü xatırladan bir sıra maraqlı memarlıq nümunələrindən başqa bura gələn qonaqlar üçün şəhərin füsunkarlığı o qədər də çox deyil... Və əlavə edir: Buna baxmayaraq, yaxşı havada dəmir gəmiylə dənizin dibindən yanar qazların çıxdığı sahildən uzaq olmayan bir yerə gedərək, Xəzər dənizini oda yaxmaqdan zövq almaq olar. Sakit havada alışdırıla bilir və bu zaman uzun müddət gəminin ətrafında bir alov dənizi yaranır...».

GƏDƏBƏYLİLƏR SİMENSİ TOY-BAYRAMLA QARŞILAYIBLAR

Azər Babayev son səfərin detallarına da vardı:

«Yerli əhalinin qonaqpərvərliyindən, onlara olan xüsusi maraqdan yazır. Onları toy-bayramla qarşılayırlar. İlk dəfə bir bəyin evində kabab yeməsindən də yazıb. Bəyin onu öz divanında oturtmasını belə təsvir edib».

Aparıcı Sevda İsmayıllı və Azər Babayev
Aparıcı Sevda İsmayıllı və Azər Babayev
GƏDƏBƏYLİLƏR QARA DAXMALARDAN DAŞ EVLƏRƏ NECƏ DAŞINDILAR

Azər Babayev Siemensin əhalini «işlək» adlandırdığını vurğuladı:

«Deyir, işə öyrədəndən sonra verilən öhdəliyə əməl edirlər. Yazır ki, burada insanların lap az ehtiyacı olduğundan çox işləməyə səbəb görmürlər. Onlar bir neçə həftəliyə yetəcək qədər pul qazandıqdan sonra daha işləməyib dincəlirlər... Bir maraqlı fakt: O dövrdə qara daxmalarda yaşayırdılar. Simenslər fəhlələr üçün daş evlər tikirlər. İstəyirlər ki, onlar daha yaxşı evlərdə yaşasınlar. Bu, fəhlələrin iş fəaliyyətinə də təsir edər. Xatirələrində yazır ki, onları qara daxmalardan daş evlərə köçürmək böyük zəhmət hesabına başa gəldi».

QADINLAR XALÇA VƏ GÜZGÜNÜ NECƏ XOŞLADILAR

Siemens axırda, qadınların--fəhlələrin həyat yoldaşlarının köməyilə bu işi bacarıb:

«Onun fikrincə, insanları ödənilməsi ancaq davamlı əmək fəaliyyəti ilə mümkün olan ehtiyaclara alışdırmaq üçün tək bir vasitə vardır: Yazır ki, bizə zərif cinsin anadangəlmə rahat və gözəl ailə həyatına meyli, onun asanlıqla oyadıla bilən şöhrətpərəstlik hissi və təmizliyə mübtəla olması dəstək oldu. Fəhlələr üçün bir neçə sadə evlər tikildikdə və fəhlələri orada yerləşdirdikdə, belə mənzillərin rahat və gözəl olması qadınların xoşlarına gəldi. Kişilər də damlarının davamlı dammasını önləmək üçün ehtiyac tədbirləri görməkdən qurtuldular. Daha rahat evlərdə yaşayan qadınlar çox keçmədi ki, xalça və güzgünü xoşlamağa başladılar. Tualetlərini düzəltdilər. Qısa zamanda qadınlarda elə ehtiyaclar yarandı ki, onların ödənməsi üçün kişilərin işləməsi zəruri idi...». (Gülüşmə)
XS
SM
MD
LG