Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Əli Həsənov: «ATƏT-in hesabatı müxalifətin məlumatına söykənir»


Əli Həsənov
Əli Həsənov
-
“Müşahidə missiyasının adından verilən açıqlama və rəy həm Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həm də ATƏT-in nüfuzuna ciddi zərbədir”

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibə verib:

- Əli müəllim, bu gün ayrı-ayrı seçki müşahidə missiyaları, o cümlədən ATƏT DTİHB oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinə münasibət açıqlayıb. Onların münasibətləri bir-birindən fərqli olub. Avropanı təmsil edən nüfuzlu beynəlxalq qurumların nümayəndələri, onların sırasında təmsil olunan deputatlar, ictimai-siyasi xadimlər və ekspertlər bütövlükdə bu seçkiləri yüksək qiymətləndirsələr də, ATƏT-i təmsil edən DTHİB tam fərqli mövqe nümayiş etdirib. Bunu nə ilə izah edərdiniz?

- Dediyiniz kimi, bu ilki prezident seçkilərini çoxsaylı beynəlxalq müşahidə missiyaları və xarici ölkələrin geniş tərkibli nümayəndə heyətləri izləyiblər. Qeyd etmək lazımdır ki, bu ilki seçkidə dəvət olunmuş bütün müşahidə missiyalarına seçki prosesini hərtərəfli izləmək üçün lazımi şərait yaradılıb. Əksər beynəlxalq müşahidəçilər seçkilərin gedişinə və səsvermənin yekunlarına prinsipial, obyektiv qiymət verərək, onun əsasən azad, şəffaf və demokratik şəraitdə keçirildiyini bəyan edib.

Təəssüf edirik ki, medianın azad fəaliyyət göstərdiyi, ifadə azadlığının və sərbəst toplaşmaq hüququnun təmin olunduğu Azərbaycanda ATƏT DTİHB-in müşahidə missiyasının rəyi eyni seçki prosesini eyni şəraitdə izləmiş Avropa və digər beynəlxalq müşahidə missiyalarının rəyi ilə üst-üstə düşməyib.

Bu rəy olduqca qərəzli və obyektivlikdən uzaq bir yanaşmanın təzahürüdü
Bilirsiniz, hər bir ölkədə seçkinin taleyini vətəndaşların iradəsi müəyyən edir. Hansı beynəlxalq təşkilatın bu prosesə necə münasibət bəsləməsindən asılı olmayaraq, onun rəyi seçilmiş şəxsin legitimliyinə xələl gətirmir və proseslər də vətəndaşların iradəsinə müvafiq şəkildə davam edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının pozuntularla bağlı açıqladığı rəy, qeyd etməliyəm ki, hər hansı ciddi bir fakta deyil, yalnız müxalifətin yaydığı yalan məlumatlara söykənir. Bu rəy olduqca qərəzli və obyektivlikdən uzaq bir yanaşmanın təzahürüdür.

ATƏT-in mövqeyi ölkəmizə gəlmiş çoxsaylı müşahidə missiyalarının, o cümlədən Avropa, Amerika və Asiya ölkələrini təmsil edən müxtəlif beynəlxalq qurumların, 1000-dək müşahidəçinin mövqeyi ilə daban-dabana ziddir.

ATET

ATƏT-in müşahidə missiyası prezident seçkilərini sərt tənqid etdi

Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, MDB-nin, QİƏT Parlament Assambleyasının və QHT Forumunun, TürkPA-nın və digər təşkilatların nümayəndələri dünən və bu gün keçirdikləri mətbuat konfranslarında, verdikləri bəyanatlarda prezident seçkilərinin azad, şəffaf, demokratik və ədalətli keçdiyini qeyd etmiş, onun beynəlxalq standartlara tam uyğun olduğunu vurğulayıblar. Həmin müşahidə missiyalarının tərkibində deputatlar, ictimai-siyasi xadimlər, QHT təmsilçiləri, seçkilərin müşahidəsi sahəsində ixtisaslaşmış təcrübəli ekspertlər vardır.

Buna görə də əminliklə söyləmək olar ki, DTİHB-in mövqeyi ATƏT məkanına daxil olan ölkələrin mövqeyini qətiyyən əks etdirmir. Odur ki, bu qurumun Azərbaycanda bu dəfəki seçki müşahidə missiyasının tərtib etdiyi subyektiv rəy, nəinki təkcə Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həmçinin ATƏT-in üzv ölkələr qarşısındakı tərəfsizlik, obyektivlik və kollegiallıq kimi öhdəliklərinə də ziddir.

- DTHİB-in bu mövqeyi Azərbaycan ilə ATƏT arasındakı gələcək münasibətlərə necə təsir göstərəcək?

- Qeyd etməliyəm ki, belə fəaliyyət - fərqli standartlardan çıxış edərək verilən rəylər, üzv ölkələrdə keçirilən ciddi siyasi proseslərə subyektiv yanaşmalar, həm ATƏT-in nüfuzuna ciddi zərbə vurur və həm də sözsüz ki, üzv ölkələrlə onun münasibətlərinə mənfi təsir göstərir.

Belə getsə, Azərbaycan dövləti gələcəkdə ATƏT-lə və digər beynəlxalq təşkilatlarla əvvəlki münasibətləri davam etdirməklə yanaşı, DTİHB-lə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaqdır.
Bir müddət bundan əvvəl, ATƏT Ermənistanda keçirilən prezident seçkilərinə verdiyi subyektiv qiymətlə onsuz da öz obyektivliyi ilə bağlı Azərbaycan vətəndaşlarında ciddi inamsızlıq yaradıb. Belə ki, həmin DTİHB Ermənistandakı prezident seçkiləri dövründə bu ölkədə seçkiqabağı mühitin tam kriminallaşmasına, bütün regionlarda müxalifətin seçki kampaniyasının bütünlüklə məhdudlaşdırılmasına, prezidentliyə namizədlərdən birinin güllələnməsinə, 2 milyon əhalisi olan ölkədə 3 milyon seçicinin olduğu haqda yalan məlumatlar yayılmasına, qutulara topa-topa bülletenlərin atılmasına bilərəkdən göz yumub. Medianın tamamilə boğulduğu, bütün insan haqlarının kobud şəkildə pozulduğu şəraitdə keçirilən prezident seçkilərinə xüsusi “prinsipial” və “isti” münasibət ifadə edərək, müsbət qiymət verib.

Azərbaycana gəldikdə qeyd etməliyəm ki, əvvəldən hiss olunurdu ki, DTİHB öz hesabatlarında qərəzli informasiyalardan istifadə edir. Əlbəttə, ATƏT kimi bir qurumu təmsil edən institut belə hallara yol verməməlidir və onun bu yanaşması bizim üçün birmənalı şəkildə qeyri-məqbuldur. Belə getsə, Azərbaycan dövləti gələcəkdə ATƏT-lə və digər beynəlxalq təşkilatlarla əvvəlki münasibətləri davam etdirməklə yanaşı, DTİHB-lə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaqdır.
XS
SM
MD
LG