Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:38

Snowden ABŞ-ın 35 dövlət liderinin izlənməsi haqda sənəd açıqlayır


Angela Merkel. 2008-çi il. arüiý fotosu
Angela Merkel. 2008-çi il. arüiý fotosu
-
ABŞ-ın Milli təhlükəsizlik agentliyi (NSA) 35 ölkə liderinin telefonlarını dinləyirmiş. Bu haqda xəbər verən Britanıyanın Guardian qəzeti Milli Təhlükəsizlik agentliyinin sabiq əməkdaşı Edward Snowden-in redaksiyaya təqdim etdiyi məxfi sənədə istinad edir.

ANGELA MERKEL QƏZƏBLƏNİR

Bundan bir qədər əvvəl, Qərb mətbuatının əsas xəbər başlığı ABŞ-ın Almaniya kansleri Angela Merkel-in mobil telefonunun dinləməsi haqda idi. Merkelin bu xəbərdən bərk qəzəbləndiyi, məlumata "...dostlar bir-birini pusmurlar" deyə reaksiya verdiyi bildirlirdi.

Cümə axşamı Guardian-ın dərc etdiyi məlumata əsaslansaq, məlum olur ki, Almaniya kansleri tək deyilmiş, Milli Təhlükəsizlik agentliyi daha 35 ölkə liderinin telefonlarına gizlicə qulaq asırmış.

NSA TELEFON NÖMRƏLƏRİNİ HARADAN ƏLDƏ EDİB?

Sızan məxfi məlumatlara əsasən, NSA ABŞ-ın dövlət qurumlarına mürciət edərək əllərində olan telefon nömrələrinin siyahısnı istəyib. Xarici ölkə liderlərinin başçılarının telefon nömrələri də belə müraciətdən sonra NSA-nin əlinə düşüb.

Məlumata əsasən, ABŞ rəsmi qurumlarından birində işləyən məmur 200-dən artıq telefon nömrəsini agentliyə təqdim edib. Bu nömrələrin arasında da 35 dövlət başçısının telefonları olub.

LİDERLƏRİN TELEFON DANIŞIQLARI FAYDASIZ ÇIXDI

Telefonları ötürən kimdir, bu məmurun məhz hansı departamentdə vəzifə tutduğu dəqiqləşdirilmir. Lakin hər halda aydındır ki, söhbət idman və ya mədəniyyət departamentlərindən getmir. Xarici ölkə başçılarının telefonlarından xəbərdar olan ABŞ rəsmi qurumları elə də çox deyil.

Telefon nömrələrini əldə edən NSA dərhal onların məxfi dinlənməsi üçün tədbirlər həyata keçirib.Qeyd olunur ki, bu telefonların dinlənməsindən NSA xüsusi olaraq faydalana biıməyib, hansısa maraqlı bir informasiya əldə olunmayıb.

ABŞ NƏ TƏSDİQ, NƏ TƏKZİB EDİR

ABŞ rəsmiəri qalmaqal yaradan Edward Snowden məlumatlarını hələ də şərh etmirlər. Sonuncu dəfə, Angela Merkelin telefonunun dinlənməsi ilə bağlı suallarla qarşılaşan Ağ evin təmsilçisi Jay Carney bildirib ki, hansısa kəşfiyyat fəaliyyəti haqda şərh verə bilməz.

O əmin edib ki, Merkelin mobil telefonu dinlənilmir, "nə indi, nə də gələcəkdə" - deyə jurnalistlərə bildirib. Ancaq Carney-in keçmiş zamanda deyil, indiki və gələcək zamanda danışması, şübhələri daha da gücləndirib.

TELEFONLARI 7 İL ƏVVƏL İZLƏYİBLƏR

Guardian-a əsasən Snowden-in redaksiyaya təqdim etdiyi məxfi qeydlər 2006-cı ilin oktyabr ayına, George W. Bush-un prezidentliyi dövrünə aiddir.

Həmin vaxt ABŞ-ın Dövlət departamentinə Condoleezza Rice, müdafiə nazirliyinə isə Donald Rumsfeld başçılıq edirdilər.

35 ÖLKƏNİN ARASINDA AZƏRBAYCAN DA OLA BİLƏRMİ?

Hələlik adı çəkilən 35 dövlət liderlərinin kim olduğu bilinmir. Ancaq təxmin etmək olar ki, məsələ ancaq Avropa Birlyi ölkələri ilə bitmir. Azərbaycanın adı varmı bu 35 ölkə arasında? Bu suala, eləcə də Snowden qalmaqlından sonra doğan digər suallara ola bilər ki, heç zaman rəsmi cavab verilməsin.

MƏQSƏD VƏ VASİTƏ

Sonuncu dəfə ABŞ-ın rəsmi mövqeyi belə ifadə olundu ki, NSA-nın əldə etdiyi kəşfiyyat məlumatları minlərlə insanın həyatını terror təhlükəsindən xilas edib. Lakin insan haqları qurumları məsələyə belə yanaşmanı kəskin tənqid edirlər. Hüquq müdafiəçilərinin fikrincə, ən qatı cinayətkarlara qarşı belə ancaq qanunların icazə verdiyi vasitələrlə mübarizə aparılmalıdır.
XS
SM
MD
LG