Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:42

6 saylı «kolon»da nə baş verir?.. [Video]


"Bura Quantanamodur, yoxsa Azərbaycan?!"
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00
-
Məhbus Natiq Güləliyevin anası Qızxanım İsmayılova oğluna cəza çəkdiyi 6 saylı həbsxanada işgəncə verilməsindən şikayətçidir. Oktyabrın 19-da oğlu 11 saat ayaqüstə saxlanıb, daha sonra «kars»a – cərimə müəssisəsinə salınıb. Dediyinə görə, oğlu hadisə barədə onlara bir gün sonra məlumat verib:

«Oğlum oktyabrın 20-də səhər tezdən evə zəng elədi ki, həbsxananın rəis müavini Rövşən Niyazov məni günahsız yerə, həm də paltarsız 11 saat ayaqüstə beton döşəmənin üstündə dayanmağa məcbur edib. O, hələ bu hadisədən əvvəl zəng edəndə demişdi ki, məhbusları, Quantanamo həbsxanasında olduğu kimi, bir-bir aparıb işgəncə verir, sonra kameraya qaytarırlar».

«MƏDƏT MÜƏLLİM HƏBSXANA RƏİSİNİN OĞLUMDAN RAZILIQ ETDİYİNİ BİLDİRİB...»

Məhbus anası bu zəngdən sonra baş prokurorun qaynar telefon xəttinə, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına üz tutub. Bir gün sonra məhbusun atası həbsxana rəisi Əli Əmirov və Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevlə görüşüb. Qızxanım İsmayılovanın sözlərinə görə, Mədət Quliyev onlara narahatlığa heç bir əsas olmadığını və məsələni araşdıracağını söyləyib:

«Hətta Mədət müəllim həbsxana rəisinin oğlumdan razılıq etdiyini, belə bir insanın necə həbsxanaya düşdüyünü dediyini də bildirib».

Qızxanım İsmayılova
Qızxanım İsmayılova
Natiq Güləliyev bir il öncə Rusiyadan aksiz markası olmayan mallar gətirdiyi üçün 2012-ci il noyabrın 23-də həbs edilib. Məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum ediləndən sonra o, cəzasının yarım ilini Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında, 4 ayını da 1 saylı Bakı İstintaq Təcridxanasında çəkib. Bir müddət əvvəl 6 saylı həbsxanaya köçürülüb.

HƏBSXANA RƏİSİ: «ELƏ HESAB EDİR Kİ, O, DÖVLƏTİ ÇOX İSTƏYİR, BİZ YOX»

6 saylı həbsxananın rəisi Əli Əmirov Natiq Güləliyəvə işgəncə verilməsini yalanlayır. Onun sözlərinə görə, valideynlərin şikayətindən sonra məsələ araşdırılıb, amma deyilənlər təsdiqini tapmayıb. Məhbusun «kars»a salınma səbəblərinə gəlincə, Əli Əmirov məhbusun qanun pozuntusuna yol verdiyini deyir:

«Natiq Güləliyev bir aydan çoxdur 6 saylı həbsxanaya gəlib. Məhkumların düzülüşündə – sıra yoxlanışı zamanı ülgüclə qolunu iki yerdən kəsdi və qanını üzünə sürtərək məhbuslara çağırış etdi ki, guya buna görə kimsə nə isə edəcək. Tələb elədi ki, həbsxanadakı filankəs azad olunsun. Mən də orda idim. Onu təcrid etdik, elə oradaca 15 günlük cəza qərarını açıqladım. Həbsxanaya gələndə atasına da bu barədə xəbər verdik. Bu məsələdə bizim günahımız varsa, cəzaya hazırıq. Ancaq heç bir günahımız yoxdur. Elə hesab edir ki, o, dövləti çox istəyir, biz yox. Həbsxananın rejim qaydaları var, məhbus ona əməl etməlidir».

Vüqar Məhərrəmov
Vüqar Məhərrəmov
Həbsxana rəisi məhbusların düzülüşü zamanı papağını çıxarmadığı üçün Natiq Güləliyevə xəbərdarlıq edildiyini və rəisin otağına çağırılıb, söhbət aparılandan sonra müəssisəyə buraxıldığını da deyir. Əli Əmirovun sözlərinə görə, bir gün sonra Ombudsman Aparatı nümayəndələri də Natiq Güləliyevlə görüşüblər.

«HEÇ DƏ DEYİLƏN KİMİ, DÖŞƏMƏ BETON DEYİL»

Ombudsman Aparatının işgəncələrə qarşı milli preventiv qrupunun rəhbəri Vüqar Məhərrəmov məhbusla görüşdüklərini təsdiqləyir:

«Papağını çıxarmadığından rəis gələnədək onu gözləmə otağında saxlayıblar. Biz həmin yerdə olduq, heç də deyilən kimi, döşəmə beton deyil. Başqa məhbuslarla da görüşdük. Onlar Natiq Gülalıyevin həmin yerdə saxlandığını təsdiqlədilər, amma dedilər ki, iddia edildiyi qədər yox, az müddət olub. Daha sonra rəis gəlib və onu rəisin yanına aparıblar. Onun bəzi ziddiyyətli fikirləri oldu. Valideynləri bildirmişdilər ki, guya oğullarının papağını çıxarıb, məhkumların gözü qarşısında tapdayıblar. Amma Natiq Güləliyevin özü dedi ki, o, hadisə baş verəndə tək olub. Cərimə müəssisəsindəki məhbuslar onun papağının ayaq altına atılması barədə deyilənləri təsdiqləmədilər».

Vüqar Məhərrəmovun sözlərinə görə, Natiq Güləliyev onlara təhlükəsizliyinin qorunması ilə bağlı müraciət edib:
Elçin Behbudov
Elçin Behbudov

«Biz bununla bağlı tapşırıqlar vermişik. Nəzarətə götürmüşük və ona vaxtaşırı baş çəkəcəyik».

Natiq Güləliyevin özünə qəsd etməsi və cəza müəssisəsinə salınmasına gəlincə, Ombudsman Aparatının nümayəndəsi bundan xəbərsiz olduqlarını bildirdi:

«Məlumat verdiyiniz üçün sağ olun, məsələni araşdıracağıq».

«ŞİKAYƏTİ ƏDLİYYƏ NAZİRİNƏ GÖNDƏRSƏM DƏ...»

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 6 saylı həbsxanada məhbuslara işgəncə verilməsi ilə bağlı məlumatları ilk dəfə eşitmədiyini deyir:

«Bu yaxınlarda həmin müəssisədən qeyri-insanı davranışla bağlı şikayət almışam. Şikayəti ədliyyə nazirinə göndərsəm də, indiyədək həmin şikayətlə bağlı hər hansı addım atılmayıb».

Sahib Məmmədov
Sahib Məmmədov
Elçin Behbudovun sözlərinə görə, cəzaçəkmə müəssisələrinə buraxılmadığı üçün belə şikayətləri araşdıra bilmir.

«6 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ BELƏ HALIN OLMASINA O QƏDƏR DƏ İNANMIRAM»

Ədliyyə Nazirliyi yanında penitensiar xidmət və ictimai komitənin üzvü Sahib Məmmədov həbsxanalarda məhbuslara işgəncə verilməsi barədə məlumatların əsassız olmadığını düşünür:

«Həbsxanalardan birində bənzər bir hal olmuşdu. Şikayəti araşdırdıq və sonra bizə məlumat verildi ki, hadisə ilə bağlı tədbirlər görülüb».

Sahib Məmmədov 6 saylı cəzaçəkmə müəssisəsində belə halın olmasına o qədər də inanmadığını deyir və məsələnin araşdırılmasına ehtiyac olduğunu bildirir.
XS
SM
MD
LG