Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:36

Elman Dayı: «Evimizdə həmişə kitab oxuyublar»


Elman Mustafayev
Elman Mustafayev

-
AzadlıqRadiosunun «İz» proqramının budəfəki qonağı kitab bilicisi Elman Mustafayevdir. Onunla «Kitab sərrafı» kitabının çapı ərəfəsində görüşdük.


--Elman müəllim, xoş gördük! Necəsiniz, necə dolanırsınız?


--Sağ olun, salamatlıqdır, şükür Allaha!


--Eşitdim kitab yazırsınız?


-- Bəli. Bu yaxınlarda bir kitabım çıxacaq «Elm» nəşriyyatında. 200 səhifəlik kitab olacaq. 3 fəsildən ibarətdir. 1-ci fəsildə cavanlıqda yazdığım şeirlər, rübailər, aforizmlər gedəcək. Böyük alman mütəfəkkiri Höte demişkən, 18 yaşına kimi şeir yazmışam (gülüşmə). 46 ildir kitab mağazasının müdiriyəm. Bu müddət ərzində mənim o qədər dövlət xadimləriylə, yazıçılarla, rəssamlarla görüşlərim olub ki... 2-ci fəsildə bu görüşlərdən doğan xatirələrim yer alıb. 3-cü fəsildə mətbuatda mənim haqqımda gedən yazılar olacaq. Mənim haqqımda mətbuatda çoxlu yazılar gedib. Hətta dünya mətbuatında...


--Siz məşhur adamsınız...


--Bəli, bəli... Hətta yaponların internet saytında varam. 2011-ci ildə «Nyu York Taymz»da mənim haqqımda bir səhifə məqalə verilib. İngilis mətbuatında, türk mətbuatında da eləcə. Türkiyənin «Samanyolu» kanalında haqqımda 15 dəqiqəlik veriliş gedib. Bunların hamısı 3-cü fəsildə toplanıb. Yəqin bu da oxucularda maraq doğuracaq.


--Nə əcəb bütün bunları kitabda toplamağa qərar verdiniz? Bir kitabçıya bu sualı vermək qəribə görünsə...


--Bu, çoxdankı arzum idi. Nə isə, ciddi yanaşmırdım. Axırda qərara gəldim ki, bu sahədə olan fəaliyyətimi oxucularla bölüşüm. Kitab hələ çapdan çıxmayıb, amma mənə və kitabın redaktoruna zənglər gəlir ki, Elman müəllimin kitabı haçan çıxacaq? Demək, kitab maraq oyadıb. Tirajı hələ ki, 300 nüsxə olacaq. Alınsa, yenidən çap eləmək mümkündür. Kitab çap prosesindədir. 5-10 günə çıxacaq.


--Elman müəllim, nə qədərdir bu işə başladığınız?


--Son bir ildə başladım. İki fəsil məndə hazır idi. 3-cü fəsil – mətbuatda gedən yazılar bir az vaxt apardı. Bilirsiniz, nə qədərdir? Qəzetlər, jurnallar – bir kisədir (gülüşmə)!.. Özüm də təəccüblənirəm ki, mənim haqqımda niyə belə çox yazırlar...


--Bəs necə seçə bildiniz?


--Bu işdə mənə BDU-nun Jurnalistika fakültəsinin müəllimi, kitabın redaktoru Pərvanə Məmmədli kömək elədi. Hətta materialların bir hissəsini də o tapıb əlavə eləyib. Onlardan mənim xəbərim yox idi. Müxtəlif dillərdə idi. Tərcüməsini də özü eləyib. Ona minnətdaram.


--Kitabın adını «Kitab sərrafı» qoymusunuz...


--Lovğalıq olmasın, Azərbaycanda bu sahədə mütəxəssis azdır. Özümü o mütəxəssislərin sırasında görməyə haqqım var, məncə... 46 il az müddət deyil. 5 il Bakı Kitab Evinin direktoru olmuşam. 1980-85-ci illərdə. Kitab Evi açılanda, rəhmətlik Heydər Əliyev Bakıda deyildi. 1981-ci ilin yayında Bakıya gələndə, Kitab Evinə də baş çəkdi. Mən düz 1 saat 40 dəqiqə ona Kitab Evinin fəaliyyəti barədə informasiya vermişəm.


--1 saat 40 dəqiqə?!


--Kitab Evi çox xoşuna gəldi. Hətta mənimlə şəkil çəkdirdi. Mağazamızda o şəkil asılıb. Çox razı qaldı. Sonda saatına baxıb dedi: «Heç bir obyektin açılışında mən 1 saat 40 dəqiqə olmamışam...» (gülüşmə). Görüş maraqlı keçdi. O vaxt mətbuatda da işıqlandırılmışdı. Hətta bu yaxınlarda jurnalistlər o görüş barədə yenidən məlumat yaymışdılar.


--Daha kimlərlə görüşləriniz olub?


--Görüşlərim çox olub. Yazıçılardan Anarla. Kitab Evində onunla görüş də keçirmişdik, Bəxtiyar Vahabzadə ilə, Mirzə İbrahimovla. Bir dəfə Mirzə İbrahimovun evinə zəng vurdum ki, Mirzə müəllim, Kitab Evinin 120 nəfərlik konfrans zalında sizinlə görüş və kitabınızın avtoqraflı satışını təşkil eləmək istəyirik. Birdən qayıtdı ki, Elman müəllim, mən kitabyazanam, kitabsatan deyiləm...(gülüşmə). Dedim, Mirzə müəllim, bu dünyada təcrübədən keçirilən üsuldur. Özü də, çox yaxşı nəticələr verir. Müəllif avtoqrafla öz kitabını satır. Axır ki, onu razı saldım. Görüş yaxşı keçdi. Görüşdən sonra baxdıq ki, Mirzə İbrahimovun 87 kitabı satılıb. Onun nəyi pisdir?


--Elədir!


--Sonra, 70-ci illərdə rəhmətlik Səttar Bəhlulzadə ilə dəfələrlə görüşlərim olub. O vaxtlar «Fəvvarələr bağı»nın yanında 2 kitab dükanı vardı – biri «İncəsənət», o biri «Tədris—Pedaqoji». 13 il «Tədris»in müdiri olmuşam. Səttar Bəhlulzadə ayda 1-2 dəfə «İncəsənət» mağazasına gələrdi – təzə kitablar almağa. Mağazanın müdiri də o gələndə bir çay süfrəsi təşkil edərdi. Divarı döyərdi ki, Elman, gəl, Səttar gəlib... Bilirdi ki, onun söhbətlərindən xoşum gəlir. Bir dəfə Səttar böyük həvəslə nədənsə danışırdı. Özü də rəhmətlik «Avrora» çəkirdi həmişə. Siqaret yana-yana gəlib barmağına çatmışdı – özünün də xəbəri yox! Bu anda mağazanın müdiri Telman dedi ki, Səttar müəllim, siqaret barmağınızı yandırar! Səttar diksindi, ona hirslə baxıb dedi ki, əşi, barmaq cəhənnəmə, fikrimi dağıtma! (gülüşmə) Sonra Əfrasiyab Bədəlbəyli gələrdi mağazaya. Həmişə də gələn kimi ilk sözü bu olardı: «Elman müəllim, Allah səni mənə çox görməsin!». (gülüşmə) Bax, belə epizodlar var kitabda...


--Elman müəllim, kitabçılığa necə başladınız?


--Uşaqlıqdan kitaba böyük həvəsim olub. Çünki ziyalı ailəsində doğulmuşam. Atam tarix-coğrafiya müəllimi, anam da bağça müdiri olub. Evimizdə həmişə kitab oxuyublar. Mən özüm 7 ixtisas sahibiyəm...​


--Nə danışırsınız?


--Hamısının da sənədləri var. Hamısını da gözəl bilirəm.


--Bir neçəsini sadalaya bilərsinizmi?


--Məsələn, mən cavan vaxtlarımda orkestrdə tar çalmışam. Hətta solo çalırdım (gülüşmə). Sonra ikiillik Bakı Ticarət Məktəbinin kulinar şagirdliyi bölümünü bitirmişəm – kulinaram (gülüşmə). İndi də gözəl yeməklər hazırlamağı bacarıram. Bəzən özümə yemək hazırlayıram. Dostlarım həmişə mənim yeməklərimdən barmaqlarını yalayıblar... Elektrikəm. Bundan əlavə, 3 inşaatçı ixtisasım var. Amma uşaqlıdan kitaba olan həvəs o biri peşələrdən uzaqlaşmağa məcbur edib məni. Orta məktəbi bitirəndən 8 il sonra universitetin kitabxanaçılıq fakültəsinə daxil oldum. Gündüz kitab mağazasının müdiri işləyirdim, axşam da oxuyurdum...


--Elman müəllim, harada doğulmusunuz?


--Şəkidə doğulmuşam. 1957-ci ildən Şəkini tərk etmişəm. 17 yaşımdan.


--Bir nisgil duydum...


--Əlbəttə, Şəki gözəl məkandır, amma heyf ki, ildə bircə dəfə yolum düşür... Oradakı evimizdə qardaşım yaşayır. Özü də evimiz Şəkinin gözəl yerindədir. Şəki Xan Sarayının 200 metrliyində. Giləhli məhəlləsi deyirlər, evimiz ordadır.


--Hansı məhəllədə?


--Giləhli. Bəzən də, Güləhli deyirlər. Oranın sakinləri gülü çox sevirlər. Gül əkirlər məhəllədə.


--Demək, Güləhli məhəlləsinin sakini kitab əhli oldu... Elman müəllim, Siz Bakının kitaba ən yaxın olduğu dövrlərin şahidisiniz. Kitaba olan soyuqluğu indi necə qarşılayırsınız?


--Bilirsiniz, zaman dəyişir. 70-80-ci illərdə böyük kitab bumu vardı. Kitab Evinin direktoru olan vaxt səhər işə gələndə ilk vəzifəm rayon milis (polis) rəisinə zəng vurmaq olardı. Nəyə görə? Kitab dükanı saat 10-da açılırdı, amma qapısının ağzında açılışa qədər 500 adam düzülürdü... Hətta küçəsüpürənlər növbəyə dayanıb kitab alırdılar. İndi inkişaf gedir. Kompüter, internet, elektron kitab, «Facebook» öz təsirini göstərir. Amma sizə bildirim ki, bunların heç biri kitabı əvəz edə bilməz! Bax, 5-10 ildən sonra kompüteri, interneti bir başqa şey əvəz edəcək, amma kitab insanlığın əbədi dostu qalacaq!.. Çünki minilliklərdən keçib gəlib. Həmişə də dəyərini saxlayıb, saxlayacaq. İnsan kitabı hər şəraitdə oxuya bilir. İnternetə isə həmişə qoşula bilmir. Bir də, onlar səthi bilik verir, kitabsa fundamental.


--Bəs sovetlər dağılandan sonra nə etdiniz?


--Mən sovetlərin dağılışından əvvəl--1985-ci ildə müdirlikdən öz xahişimlə uzaqlaşdım. Bəzi təzyiqlər vardı. Mən də, sevmirəm kimsə mənə təzyiq etsin. O vaxtdan buradayam.

O vaxtlar mənə nazir müavini postu təklif olundu, istəmədim.


--Hansı nazirlik?


--İnformasiya nazirinin müavini...(gülüşmə)


--Şokedici məlumatlar verirsiniz, Elman müəllim...


--Ömrüm boyu vəzifə, pul ardınca qaçmadım. Həyatın mənası nə puldadır, nə vəzifədə. Həyatın mənası insanlara faydalı olmaqdadır. Mən bu əqidənin sahibiyəm. Bura məni niyə özünə çəkdi? Burada kommersiya işə keçmir. Burada mədəniyyətin, ədəbiyyatın təbliği əsasdır. Mədəniyyətimizi yaymaq üçün çox gözəl imkanlar var. Bura bütün dünyadan gəlirlər. Müxtəlif xalqların nümayəndələri ilə təmas, bilirsiniz, necə xoşdur? Mənim Şərq ölkələrindən, Avropadan olan nə qədər tanışlarım var. Məsələn, Fransadan bir nəfər vardı. Qayıdandan sonra rəfiqəsinə demişdi ki, Bakıya getsən, Qız qalasının yanındakı filan mağazaya mütləq baş çək, onun sahibiylə görüş. Bu, bilirsiniz, adama necə xoş gəlir? Onlar mənim daimi tanışlarımdır.


--Elman müəllim, bu dükanı necə özəlləşdirdiniz?


--Mən gələndə hələ sovet dövrü idi—1985-ci il. Onda «Azərkitab»ın tabeliyində idi. 2005-ci ildə buranı özəlləşdirdim.


--Niyə belə gec?


--Mənə xeyli vaxt min cür bəhanələrlə mane oldular. Hərə bir səbəb göstərirdi. 7 il mənə imkan vermədilər özəlləşdirməyə. Sonda mətin iradəlilik qalib gəldi. 2005-də özəlləşdirdim və bütün şəraiti yaratdım.


--Rüşvət vermədiniz?


--Yox! Vallah, mən ömrümdə nə bir qəpik rüşvət almışam, nə də vermişəm. Mənim zəhləm gedir «rüşvət», «korrupsiya» sözündən. Heç dilimə belə gətirmək istəmirəm o sözləri. Kiminləsə bir xoş münasibətim olar, ona bir kitab bağışlayaram. Amma rüşvət—yox!


--Amma bu ölkədə təkcə kitab bağışlamırlar...


--Bu, onların öz işləridir. Biz elə şeylərdən uzağıq.


--Nə gözəl olardı elə rüşvət ancaq kitab şəklində olaydı, Elman müəllim...


--Əlbəttə!

-- Verilişimizin bələdçisi dükana gələnləri necə «tanıyır»?

-- Tanınmışlardan kimlər bu dükana tez-tez gəlir? Toğrul Nərimanbəyov Elman Mustafayevə öz albomunu necə bağışladı?

-- Cavanların sevgiylə «Elman dayı» adlandırdığı Elman Mustafayevin davamçısı varmı?

--Seymur Baycan «İçərişəhərdəki möhtəşəm kitab mağazasının ömrü Elman dayının ömrü qədərdir» sözünü nədən deyib? Elman müəllim Seymur Baycandan inciyibmi?


Bu maraqlı söhbəti elə buradan dinlə

Gözlə

No media source currently available

0:00 0:29:48 0:00
Direct-ə keçid

XS
SM
MD
LG