Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:33

Şahbaz Xuduoğlu. Rəhbər, qızı və kitablar


Sharjah - Şahbaz Xuduoğlu
Sharjah - Şahbaz Xuduoğlu
-

Sharjah Kİtab Festivalında gördüklərim


“Şeyxa çox gözəldir”. Bunu isə yanımda oturan xanım dedi. Yalnız o zaman ona diqqətlə baxdım. Gözləri, uzun qaşları, kiprikləri, incə sifəti...

Yadıma düşdü ki, bizim Mədəniyyət və Turizm nazirliyi 2012-ci ildə e-kitaba 2 milyon pul xərcləyib. Amma o kitabları nə mən, nə də digərlərinin gördüyündən xəbər tutmadım..
.


Şahbaz Xuduoğlu


YAZILI SÖZƏ SEVGİ ÜÇÜN


“İngilis məktəbinə getdim. İngilis uşaqlarının sifətində xoşbəxtlik gördüm. Ərəb məktəbinə getdim. Onların sifətində isə hüzn”.

Bunu “Sharjah Beynəlxalq Kitab Yarmarkası, mübadilə proqramı” konfransında ilk çıxış edən Şeyxa Bodour Al-Qasimi dedi. Sharjah əmiri Şeyx Sultan bin Mohammed Al-Qasiminin qızı.

Şarjah Kitab Yarmarkası 31-ci dəfə keçirildi. Bu dəfə oranın Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və maliyyə dəstəyi ilə mən də iştirak etdim.

Yarmarkadan öncə mübadilə ilə bağlı 2 günlük konfrans oldu. Günün birinci yarısı müzakirə, ikinci yarısı isə, sadəcə, gələcək əməkdaşlıq üçün tərəfdaşlarla görüşlər.

Fransa, Britaniya, Almaniya, Misir, Türkiyə, Hindistan, Əmirliyin öz naşirləri ilə gələcək əməkdaşlıq üçün 50-yə qədər saziş imzaladıq. Bu sazişlərə seçdiyimiz kitabın tərcüməsi və yayımı daxildir.

Şarjah hökuməti 2014-cü il üçün konfransa qatılan nəşriyyatlara tərcümə mübadiləsi üçün 300 min dollarlıq qrant ayırıb. Tədbirin əsas devizi FOR LOVE OF THE WRITTEN WORD – “yazılı sözə sevgi üçün” idi.
Şeyxa Al-Qasimi
Şeyxa Al-Qasimi

“Şeyxa çox gözəldir”.

Bunu isə yanımda oturan xanım dedi. Yalnız o zaman ona diqqətlə baxdım. Gözləri, uzun qaşları, kiprikləri, incə sifəti, yaylığın altından ayrılıb alnına tökülmüş qara saçları... Dinməsə deyərdin yağlı boya ilə çəkilmiş ərəb qızının portretidir.

Şeyxa Al-Qasimi
Şeyxa Al-Qasimi
Rahat ingiliscəsi danışığına sərbəstlik verirdi. Amma hər iki əli ilə tez-tez ətəklərini dizlərinin üstünə aşırırdı.

Sayrışan baxışlarında bir az gərginlik hiss olunurdu, bu ehtiyat, ya iş görmək ehtirası idi, onu hələ də bilə bilmirəm...

Şeyxanın yadımda qalan növbəti cümləsi səsləndi: “Sonra möhtərəm doktor Əlahəzrət Şeyx Al-Qasimi bütün bağçalara Təhsil Nazirliyi xətti ilə “Samsunq” e-book reader-lər payladı. İndi hər bağça uşağında elektron kitab oxumaq üçün bu qurğudan var.

Kitab mədəniyyətində Ərəb dünyası vahiddir

Kitaba həsr olunmuş Beynəlxalq konfransı Təhsil Naziri açdı. 53 ölkədən gələn naşirləri salamladı. Elektron kitabın təhsildəki rolundan danışdı.

Sonra Şeyxa Bodour Al-Qasimiyə söz verildi. Şeyxa əsasən dərslik və uşaq kitabları nəşr edən ən böyük “KALİMAT” nəşriyyat qrupuna rəhbərlik edir. O, həm də 2009-cu ildə kitaba dəstək üçün yaranan Ərəb Əmirliyi Naşirlər Assosiasiyasının rəhbəridir.

“Ərəb kitabı özünün renessans dövründədir. İnkişafı sürətləndirməyin tək yolu əməkdaşlıqdır”. Bu da onun çıxışının son cümləsi oldu. (ardı aşağıda)

Şahbaz Xuduoğlu (sağda) Kitab Festivalının digər iştirakçıları ilə
Şahbaz Xuduoğlu (sağda) Kitab Festivalının digər iştirakçıları ilə


Ərəb baharı və kitab

Konfransın ilk hissəsi sona çatan kimi rəsmi şəxslər getdilər. Qalanlar ümumilikdə ərəb dünyasında kitabın durumundan danışdılar. Hətta “ərəb baharı”nda kitabın rolu da müzakirə olundu. Bu barədə əsasən Misirdən gələn yazıçı danışırdı. Yerli naşirlər “ərəb baharı” ifadəsini çox işlətmirdilər.

Amma bu faktın, yəni Şarjah-da “Ərəb baharı” kəlməsinin dəfələrlə çəkilməsi belə mənə çox maraqlı göründü.

Amma Misir, Əfqanıstan, Livan naşirləri daha çox e-kitab və kağız kitabın durumunu müzakirə etdilər.

Avropadan gələn naşirlər həmişə və hər sahədə olduğu kimi öz təcrübələrini paylaşdılar.

Elektron kitab

E-kitab - yazı, rəsm, səsin birliyidir.

KALİMAT nəşriyyatının uşaqlar üçün e-kitabları, sadəcə, fantastikadır. Mətni dinləyə, gördüyün rəsmin rəngini və ya formasını dəyişə, yaxud qəhrəmanları hərəkətə gətirə bilərsən.

Nəşriyyatlar həm konfransda, həm də bir gün sonra başlayan yarmarkada məmnunluqla elektron kitablarını böyük ekranlarda nümayiş etdirirdilər.

Yadıma düşdü ki, bizim Mədəniyyət və Turizm nazirliyi 2012-ci ildə e-kitaba 2 milyon pul xərcləyib. Beynəlxalq kitab yarmarkamız da oldu. Amma o kitabları nə mən, nə də digərlərinin gördüyündən xəbər tutmadım.

Kitab mədəniyyətində Ərəb dünyası vahiddir. Bu, ərəb ölkələrinə yaradılan şəraitdən görünür. Həmin ölkələrin nəşriyyatları da yerlilər kimi kitab satışı ilə məşğul olurlar. (ardı aşağıda)



Kitab və mənəvi varislik

Kitaba dəstək mənəvi varislik gücündədir. Ərəb əmirliyinə daxil olan bütün əmirlərin xanımları, qızları əsasən kitab işi və təhsillə məşğuldurlar. Hər biri danışarkən təhsildə Avropanın uğurunu örnək gətirirlər.

Bu mənəvi varislik Ərəb Əmirliyinin ilk prezidenti Zayed bin Sultan Al Nahyan-ın xanımı Şeyxa Fatima-dan başlayıb. Qadın hüquqları, səhiyyə və kitab, ərəb qadınlarının qarşısında duran üç ən böyük problemdir.

Kitab törənində çıxış edən bir yazıçının fikirləri mənə maraqlı gəldi: Biz fəxr etməliyik ki, digər islam ölkələrindən fərqli olaraq bizim dilimiz QURAN dilidir. Xoşbəxtik ki, Quranın yazıldığı və oxunduğu dildə yaradırıq.

Yarmarkanın təntənəli açılışı

Konfransın üçüncü günü səhər Şarjah Beynəlxalq Kitab Yarmarkasının açılış törəninə apardılar bizi. Böyük zalda təqribən beş yüzdən çox adam var idi.

Tədbir Şarjah əmiri Əlahəzrət Şeyx Sultan bin Mohammed Al-Qasiminin gəlişi ilə başladı. Onun fəaliyyətini əks etdirən çarxlar göstərildi.
Sheikh Sultan III bin Mohammed Al-Qasimi
Sheikh Sultan III bin Mohammed Al-Qasimi

İştirakçılar bu çarxları ayaq üstə alqışladılar. Açılışdan sonra oranın bir neçə xalq yazıçısı danışdı. Sonra Şeyx özü. Çox danışmadı. Amma çoxlu mükafatlar verdi. İlin kitabı, ilin yazarı, ilin uşaq kitabı, ilin uşaq yazarı, Şarjah haqqında ən yaxşı yazılan əsər və sair.

Tədbir iki saata qədər davam etdi. Sonra Əmir səhnədə bir məktəbli qız üçün öz kitabını imzaladı.

Konfrans zalından çıxıb stendlər olan hissəyə keçdi. Bütün stendlərə baş çəkir, naşirlərlə danışırdı. Bəzən kitablara da baxırdı. Mühafizəsi kobud deyil. Yaxınlaşmaq istəyənləri bir-iki metrdə saxlayırlar.

Əcnəbilərə münasibətdə xüsusi diqqət hiss olunur.

Şeyxin sifəti daim gülümsəyir. Dəhlizlərdə onunla salamlaşmaq üçün sıraya düzülən xanımlarla məmnunluqla əl verib görüşür. Bəzilərinə xüsusi diqqətlə baxması gözümdən yayınmadı. Bəzilərinin əli isə sanki kleylənmiş kimi Şeyxin əlində qalırdı. Amma Şeyxin əlini sıxanların sifətindən məmnunluq oxunurdu. (ardı aşağıda)



Burada azadlıq var

Tədbirin təşkilatçılarından biri ilə söhbət edirəm. Britaniyalıdır, artıq on beş ildir Şarjah Kitab Yarmarkasını təşkil edir:

O birdən dedi:

– Burda azadlıq var, nə istəsən edə bilərsən.

Doğrusu heç anlamadım bunu mənə niyə dedi. Ya məndə azadlıq yox idi, ya da bəlkə ağlımda azadlıqla bağlı hansısa sual dolanırdı və o bunu duymuşdu.

–Yəqin Şeyxin qonağı olduğumuz üçün. Amma yox, məncə nə istəsən edə bilməzsən, dedim. Təəccüblə mənə baxdı:

– Məsələn nə?

– Məsələn alkoqol içə bilməzsən.

Güldü:

– Hə bu, həqiqətən mümkün deyil.
Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

– Bəlkə Bakı Beynəlxalq Kitab Yarmarkasını da sən təşkil edəsən, görürəm sizdə əla alınır.

Qısa fasilədən sonra əlavə elədim.

– Bizdə həm azadlıq var, həm də alkoqol.

– Desələr, məmnuniyyətlə edərəm.

Adamsız və küçəsiz şəhər

Əfqanıstan, Hindistan, Suriya, yerli nəşriyyatların stendlərini dolanıb oranı tərk edirəm. Hava elə istidir, gözlərim dərhal sulanır. Proqram 17 günlük olsa da, nəşriyyatımdakı vergi yoxlamasına görə 3 gündən artıq qala bilmərəm.

Küçələrdə adam yox. Əslində küçələrin özü də yoxdur. Hər kəs binalarda, qapalı yerlərdə. Hərəkətdə olan yalnız maşınlardı. Görünən isə göz qamaşdıran binalar. Daha çox iki rəng var: boz və qara, ətraf boz, insanlar isə qara rəngə bürünüb. Düz səhrada yollar dolanbac olsa da, rahatdır. Bəzən gözlənilmədən tıxac yaranır. Bağlandığı kimi də açılır.

Ayrılmış maşınla Dubay hava limanına gedirəm. Təbiətdə olan nə qədər rənglər çatışmır burda...
XS
SM
MD
LG