Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:49

Azərbaycan siyasi islahatlar üçün ilham mənbəyi deyil


Amerika Birləşmiş Ştatlarının Bakıdakı keçmiş səfiri Matthew Bryza
Amerika Birləşmiş Ştatlarının Bakıdakı keçmiş səfiri Matthew Bryza
-
«Forbes» jurnalında Mark Adomanis adlı müəllif Amerika Birləşmiş Ştatlarının Bakıdakı keçmiş səfiri Matthew Bryza-nın bir neçə gün əvvəl CNN-nin internet saytına yazdığı bloqu şərh edib.
Cənab Bryza-nın bloqu Azərbaycan və onun hökuməti barədə son dərəcə müsbət səciyyə daşıyırdı.
Mark Adomanis məqaləni «heyrətamiz» adlandırır və yazır: «Ona görə «heyrətamiz» deyirəm ki, insan haqları sahəsində Azərbaycan kimi bərbad reputasiyaya malik ölkənin «islahat» cəhdlərini tərif edən yazı görmək nadir hadisədir».
Adomanis yazır ki, bu məqalədən çox iqtibaslar etmək olar, lakin ən diqqətəlayiqi son abzasdır:
«Azərbaycan haqqında strateji düşünmək, Qərb dəyərlərini qurban vermək demək deyildir.
İranda islahatlar uğrunda çarpışan islahatpərəstlər ilhamlanmaq üçün qonşu Azərbaycana baxa bilərlər. Azərbaycan da şiə ölkəsidir, lakin buradakı 1400 illik yəhudi icması dövlətin güclü dəstəyinə söykənir, bu ölkədə qadınlara səs hüququ, hətta onların amerikalı bacılarından da bir il əvvəl verilib. Birləşmiş Ştatlar və Avropa müttəfiqləri Azərbaycanı hesabdan silməyəcək qədər müdrik olmalı, əvəzində bu kiçik, lakin strateji əhəmiyyətli ölkə ilə tammiqyaslı şəkildə maraqlarını və dəyərlərini inkişaf etdirməlidirlər».
Azərbaycana bütün dünyada, ən geniş mənada ən repressiv rejimlərdən biri kimi baxırlar...
Adomanis yazır ki, öz şərhində son dərəcə nəzakətli olmağa çalışır, lakin «çarpışan islahatçıların» ilhamlanmaq üçün Azərbaycana baxması qətiyyən ağlabatan deyil.
«Azərbaycana bütün dünyada, ən geniş mənada ən repressiv rejimlərdən biri kimi baxırlar» – yazır Mark Adomanis.
O yazır ki, «The Economist» məcmuəsinin araşdırma qrupunun (Intelligence Unit) 2012-ci il üçün demokratiya indeksində Rusiyaya 167 ölkə arasında 122-ci yeri verilib, lakin heç bir siyasi fəal Rusiya hakimiyyətinin kiməsə nümunə göstərilməsini istəməzdi:
«Halbuki, Bryza-nın nəzərində hücum altında olan islahatpərəstlər üçün ilham mənbəyi olan Azərbaycan bu indeksdə 139-cu yeri tutub».
«TƏRTƏMİZ AVTOKRATİYA»
Vladimir Putin və İlham Əliyev
Vladimir Putin və İlham Əliyev
Müəllif yazır ki, söhbət təkcə «The Economist» jurnalının qiymətləndirməsindən getmir. Freedom House təşkilatı da Azərbaycanı Rusiya ilə birlikdə «azad olmayan ölkələr» kateqoriyasına salıb.
Ölkələrdə idarəetməni qiymətləndirən «The Polity IV» tədqiqat layihəsinin illik hesabatlarında demokratiya və hakimiyyətlərin avtokratik davranışları birlikdə indekslənir və bu indeksə görə Azərbaycan Rusiyadan da pis vəziyyətdədir.
Məsələn, əgər bu hesabata görə Rusiya «əyintilərə son dərəcə məruz qalmış demokratiya» kimi qiymətləndirilirsə, Azərbaycan barədə «birbaşa avtokratiya» deyilir.
Mark Adomanis bu nəticəyə gəlir ki, hakimiyyətin açıqlığına və təmsilçilik səviyyəsinə görə bütün kəmiyyət araşdırmalarının nəticəsi olaraq Azərbaycan Rusiyadan da pis gündədir.
Müəllif yazır ki, əslində Bryza İran islahatçılarını, xalqı Rusiya hökumətindən də az təmsil edən Azərbaycan hökumətindən ilhamlanmağa çağırır.
AZƏRBAYCAN QƏRBİN DƏYƏRLƏRİNİ BÖLÜŞMÜR
«Mən Rusiya ilə müəyyən dərəcədə əlaqələrə də rəğbətliyəm, - yazır Adomanis, - lakin Rusiyanı «islahatların parlaq nümunəsi» kimi təqdim etmək heç yuxuma da girə bilməz, çünki həqiqətdə bu belə deyil... Belə desəm, məni ələ salardılar və lap düz də edərdilər».
«Qərb hələ də Azərbaycanla münasibətlərdə olmalıdırmı? Əlbəttə, - yazır Adomanis, - Qərb ümumiyyətlə, hər bir ölkə ilə «münasibətlərdə» olmalıdır. Lakin biz iddia etməməliyik ki, xalqı tamamilə təmsil etməyən və avtoritar olan hökumətlə münasibətdə olmaqla dəyərlərimizi təbliğ edirik. Azərbaycan hökuməti Qərbin dəyərlərini bölüşmür».
Müəllif yazır ki, maraqlar və dəyərlər arasında daimi bir münaqişə var və Azərbaycan kimi ölkələrlə münasibətlər bu münaqişəni daha çılpaq göstərir.
«Gedin və azərbaycanlılarla istədiyiniz qədər işləyin, lakin kiminlə iş gördüyünüz barədə özünüzü heç vaxt aldatmayın» – yazır müəllif.
Məqalənin post-scriptum hissəsində Mark Adomanis «münasibət, əlaqə» (engagement) sözlərini hansı mənada işlətdiyini izah edir.
«Mən «münasibətlərdə olun» deyəndə heç də «dost olun» demək istəmirəm, - yazır müəllif, - Mən yalnız standart diplomatik münasibətləri və ara-sıra əməkdaşlığı nəzərdə tuturam».
XS
SM
MD
LG