Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:51

İlham Əliyevə növbəti dəfə «Jurnalistlərin dostu» mükafatı verildi


İlham Əliyev
İlham Əliyev
-
Noyabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev bir qrup jurnalistlə görüşüb. Görüş ölkə başçısının Zağulba iqamətgahında baş tutub.
Bildirilir ki, görüşdə Azərbaycan prezidentinə növbəti dəfə “Jurnalistlərin dostu” mükafatı verilib.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, prezidentin “Jurnalistlərin dostu” elan olunması təsadüf deyil. Azərbaycan mətbuatının inkişafında göstərdiyi konkret xidmətlərə görədir. Azərbaycan mediasının inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu fond vasitəsi ilə mətbuata müntəzəm olaraq vəsaitlərin verilməsi, dünya praktikasında ilk dəfə olaraq jurnalistlərə 156 mənzilin tikilərək verilməsi bu qərarın verilməsində əsas rol oynayıb.
METRODA QƏZET SATIŞI...
Tədbirdə jurnalistlərdən Şirməmməd Hüseynov, Aqil Abbas, Rəşad Məcid, Rauf Arifoğlu çıxış edərək jurnalistlərin qarşılaşdıqları müxtəlif problemlərdən danışıblar. Rauf Arifoğlu metroda qəzet satışı ilə bağlı yaranmış problemi qaldırıb. Dövlət başçısı bütün problemləri dinlədikdən sonra onların həlli istiqamətində tapşırıqlar verib.
Daha sonra prezident Azərbaycan mediasının durumu ilə bağlı öz düşüncələrini açıqlayıb. İlham Əliyev bildirib ki, Azərbaycanda digər hüquq və azadlıqlar kimi söz və mətbuat azadlıqları da qorunur. Azərbaycanda əhalinin 70 faizdən çoxunun internet istifadəçisi olduğunu və internetdə heç bir məhdudiyyətin olmadığını diqqətə çatdırıb. İlham Əliyev bildirib ki, mətbuat azadlığı Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir:
“Bu gün biz dünyanın mütərəqqi medialarının təcrübəsindən istifadə etməliyik. Azərbaycanda müxtəlif dillərdə medialar fəaliyyət göstərməli və Azərbaycanın mənafeini, haqq sözünü dünyaya çatdırmalıdır. Əsasən də dövlətimizi qara piardan qorumalıyıq”.
Prezident həmçinin qəzet satışında yaranmış problemləri dinləyərək deyib:
“Ölkəyə yeni köşklərin gətirilməsi ilə bağlı çıxış etmişdim. Köhnə köşklər dəyişdirilməli idi. Lakin mən də şəhərin müəyyən yerlərində olarkən bu köşklərin ətrafının sanki bazara çevrildiyini müşahidə etdim. Maraqlandıqdan sonra məlum oldu ki, bu köşklərdə çox vaxt uyğun olmayan əşyalar satılır. Ciddi şəkildə tapşırıq verdim ki, bu neqativ hallar aradan qaldırılsın. Düşünürəm ki, qəzet satışı üçün heç bir problem ola bilməz. Əgər bu varsa dərhal aradan qaldırılmalıdır”.
Tədbirin sonunda dövlət başçısı gələcəkdə də mətbuatın inkişafına öz dəstəyini əsirgəməyəcəyini və bu şəkildə üçüncü dəfə də “Jurnalistlərin dostu” mükafatına laiq görüləcəyini ümid etdiyini bildirib...

Qafqazinfo.az
XS
SM
MD
LG