Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:28

«Yarımçıq əlyazma» Avstriyada müzakirə edildi


«Yarımçıq əlyazma» müxtəlif dillərdə
«Yarımçıq əlyazma» müxtəlif dillərdə
-
Ötən həftəsonu Avstriyanın Qrats şəhərində yerləşən universitetdə Kamal Abdullanın «Yarımçıq əlyazma» romanının təqdimat və müzakirəsi keçirilib.

Müəllif AzadlıqRadiosunun «İz» proqramına bildirib ki, müzakirəni Qrats Universitetinin «Germanistika» İnstitutu təşkil edib.

Yazıçı bu universitetin 1585-ci ildə yaradıldığını və Avropanın ən qədim ikinci universiteti olduğunu söyləyib. Universitetin 9 professoru Nobel mükafatı alıb.

«Yarımçıq əlyazma» alman dilində 2012-ci ilin mayında nəşr edilib. Kamal Abdullanın bildirdiyinə görə, kitabı öz hesabına çap edən nəşriyyat satışdan razıdır.

Universitetin kitab evində baş tutan təqdimat mərasiminə «Germanistika» İnstitutunun direktoru professor Paul Portman, Almaniyanın Vürstburq Universitetinin professoru, «Osvald fon Folkenştayn» fondunun prezidenti, kitabın ön söz müəllifi professor Ziglende Hartman, kitabın almanca naşiri Elmar Weixlbaumer, Mayns Universitetinin (Almaniya) professoru, «Kitabi-Dədə Qorqud» dastanının holland və almancaya tərcüməçisi Heynrix Bushoten və başqaları qatılıblar.

Tədbirdə «Yarımçıq əlyazma» romanından Azərbaycan və alman dillərində parçalar da səslənib.

Müzakirələrin sonunda Kamal Abdulla oxucuların suallarını cavablandırıb.

«Yarımçıq əlyazma» indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə də tərcümə edilib.
XS
SM
MD
LG