Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:03

NİDA-çı gənc: «Həbsimi müstəsna həyasızlıq hesab edirəm»


NİDA-çı gənc: “Həbsimi müstəsna həyasızlıq hesab edirəm”.
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00
-
«Həbsimi müstəsna həyasızlıq hesab edirəm» – Hazırda həbsdə olan NİDA-çı Rəşadət Axundov məhkəmədə belə deyib. Yeddi NİDA-çı gəncin və «Azad Gənclik» təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə növbəti proses bu gün –
noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Dövlət ittihamçısı gənclərə ittihamları elan edib. Gənclər səsləndirilən ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Bununla yanaşı, onlar ittihama qısaca münasibət də bildiriblər.

Rəşadət Axundov 18 cildlik istintaq materiallarında onun cinayət törətməsi barədə heç bir sübutun olmadığını söyləyib.

«NƏZƏRƏ ALIN Kİ CƏMİYYƏTDƏ YERİMİZİ BAŞQALARI TUTA BİLƏR»

Digər gənclər də ittihamın mahiyyətinin onlara qaranlıq qaldığını deyiblər. Üzeyir Məmmədli məhkəmənin diqqətinə bir məqamı çatdırıb:

«Mən hazırda burda ittiham edilən dostlarımla birlikdə həmişə dinc, qeyri-zorakı mübarizənin tərəfdarı olmuşam. Amma nəticədə burada mühakimə olunuruq. Nəzərə alın ki, bizim yerimizi cəmiyyətdə başqaları – zorakı, qeyri-dinc mübarizəni təbliğ edənlər tuta bilər».

«İTTİHAMLAR SÜBUT OLUNSUN!»

Vəkil Elton Quliyev vəsatət qaldırıb ki, ittiham tərəfi ittihamlarla bağlı sübutları ortaya qoysun:

«Gənclər özlərini təqsirsiz bilirlər. Yəni bütün ittihamlar prokurorun ittihamlarıdır. Ona görə də ortaya sübut qoysun. Şəxsən mən bu işdə ittihamın nə olduğunu başa düşmürəm. Məsələn, ittiham tərəfi sübut etsin ki, Fəvvarələr Bağı ittihamda yazıldığı kimi yalnız istirahət üçündür və ya gənclər kütləvi iğtişaş törətmək barədə razılığa gəliblər. Sübut olunsun harada, necə razılığa gəliblər? İttiham aktında göstərilir ki, gənclər aksiyaya ruh yüksəkliyi ilə və enerjili qatılmaq üçün narkotik maddədən istifadə ediblər. Hamıya bəllidir ki, narkotik maddə insanı süstləşdirir, keyləşdirir. Xahiş edirəm ki, əvvəlcə bütün bu ittihamlar sübut olunsun».

Digər vəkil Əshabəli Mustafayev əsas maddi sübut kimi təqdim olunan «Molotov kokteyli»nin məhkəməyə gətirilməsini istəyib. O bunun həm onlara, həm də gənclərə həmin kokteylin ümumiyyətlə nə olmasını anlamaq üçün maraq oyatdığını bildirib.

Vəkillərin qaldırdığı məsələlərə münasibətini açıqlayan hakim ittihamların sübutu üçün məhkəmədə dövlət ittihamçısına meydan veriləcəyini diqqətə yetirib. O, «Molotov kokteyli»nin məhkəməyə gətiriləcəyini də deyib.

TARİX DƏYİŞDİRİLDİ

Bundan başqa məhkəmədə bir neçə məsələ də qaldırılıb. Hakimə nəzarətçilərin qaydaları pozması, müdafiə tərəfinə gənclərlə ünsiyyət imkanı verilməməsi kimi şikayətlər olunub. Hakim nəzarətçilərdən qaydalara əməl etməyi, müdafiəçilərə öz işini görməkdə mane olmamağı tapşırıb.

Gənclər həm də məhkəmə prosesinin həftədə bir dəfədən çox və daha geniş zalda keçirilməsini hakimdən xahiş ediblər. Valideynlərdən Məmməd Əzizovun atası Rasim Əzizov prosesdə məhkəmə binasına girərkən onların incidildiyini, hətta bəzən təhqir olunduqlarını dilə gətirib. Hakim bütün bunların nəzərə alınacağını bildirib.

Prosesdə bir diqqət çəkən məqam da dövlət ittihamçısının ittiham aktını oxuyan zaman ortaya çıxıb. Bundan əvvəl ittiham aktında gənclərin fevralın 28-də «Venesiya» kafesində yığışaraq martın 10-a aksiya təyin etmələri qeyd olunurdu. Məhkəmənin hazırlıq iclasında vəkillər bununla bağlı bir neçə dəfə etirazlarını bildiriblər. Qeyd ediblər ki, 10 mart aksiyası əsgər Seymur Allahverdiyevin ölüm xəbərindən sonra məhz onun ölümü ilə bağlı təyin olunub. Bu barədə məlumat isə mətbuatda yalnız martın 1-də yayılıb. Vəkillər belə olan halda aksiyanın fevralın 28-də razılaşdırılmasının absurd olduğunu bildiriblər. Noyabrın 28-dəki prosesdə prokuror ittiham aktını oxuyan zaman bəlli oldu ki, ittihamdakı bu tarixə dəyişiklik edilib, yəni gənclərin fevralın 28-i deyil, martın 1-də toplaşdıqları iddia olunur.

Gənclərin bugünkü məhkəmə prosesində Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli də iştirak edib.

Növbəti məhkəmə prosesi dekabrın 5-ə təyin olunub.

«NİDA»çılara - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı qarşı «Əsgər ölümünə son» 10 mart aksiyası ərəfəsində aksiyada istifadə üçün «Molotov kokteyli» hazırlamaq ittihamı irəli sürülüb.

Bu gənclərin bir neçəsinə qarşı həm də narkotik maddə ittihamı irəli sürülüb. «Azad Gənclik» Təşkilatının fəalı İlkin Rüstəmzadə isə xuliqanlıqda ittiham olunur.

İstintaq dövründə gənclərə qarşı Cinayət Məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty İnternational» müttəhimləri «vicdan məhbusu» elan edib.
XS
SM
MD
LG