Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:33

«Azərbaycan nağılı» gerçək qəhrəmanlar oldu


Arif Hüseynov
Arif Hüseynov
-
«Yola saldığımız 2013-cü il mənim ilimdir!».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına dekabrın 17-də Milli İncəsənət Muzeyində «Azərbaycan nağılı» adlı sərgisi açılan Xalq rəssamı Arif Hüseynov söylədi.

Mədəniyyət və Turizm Nazirliyinin, Milli İncəsənət Muzeyinin və Rəssamlar İttifaqının təşəbbüsü və dəstəyi ilə təşkil olunmuş qrafika sərgisi Arif Hüseynovun anadan olmasının 70 illik yubileyinə və yaradıcılığının 45 illiyinə həsr olunub.

13 NƏHS RƏQƏM DEYİL!

Rəssamın dediyinə görə, nəhs sayıldığına baxmayaraq 13 rəqəmi düşərli olub:

«Martda Novruz ərəfəsində Bakıdakı «Four Seasons» otelində «Novruz rəngləri» adlı sərgi açdım. Oktyabrda oğlum gənc rəssam Orxanla birlikdə Moskvada Rusiya Dövlət Şərq Xalqları Muzeyində «Azərbaycan nağılı» adlı sərgimiz baş tutdu. Və ilin sonunda daha bir «Azərbaycan nağılı» Milli İncəsənət Muzeyinin bu qədim divarlarına daşındı».

Əliağa Şıxlinski
Əliağa Şıxlinski
NAĞIL QƏHRƏMANLARI GERÇƏK QƏHRƏMANLAR OLDU

Aparıcının «Bu Moskvada açılan sərginizin eynisidirmi» sualını tanınmış rəssam belə cavabladı:

«Yox, ancaq adı eynidir. Adını da özüm belə saxladım—«Azərbaycan nağılı». Burada təzə işlərim var. Həmişə nağıl qəhrəmanlarımızı--Cırtdanı, Tənbəl Əhmədi, Göyçək Fatmanı çəkmişəm. Bu sərgidə Azərbaycan nağılı —Cümhuriyyət dövrü generallarımızın portretləri oldu. İbrahim ağa Vəkilovun, Əliağa Şıxlinskinin, Qaytabaşının və b.-- Cümhuriyyət ordusunun gerçək qəhrəmanlarını canlandırmışam. Elə Sabirin personaları da nağıl kimidir. Sonra Məhsəti Gəncəvinin rübailərinə həsr olunmuş əsərlər var burada. Bir də, Moskvada göstərilmiş nağıl qəhrəmanları var. Ümumiyyətlə, sərgidə 80-ə yaxın əsər nümayiş olunur».

Əbdülhəmid bəy Qaytabaşı
Əbdülhəmid bəy Qaytabaşı
BAKIDA CİNLƏR-ŞEYTANLAR DA VAR, MƏLƏKLƏR, ŞAHZADƏLƏR DƏ...

Rəssam Azərbaycan nağılı məfhumunun dar çərçivədə qəbul olunmasının əleyhinə olduğunu söylədi:

«Bax, Bakının gecələrini gəzəndə cazibədar, nağılvari şəhər olduğunu görürük. Bu nağılvari şəhərdə cinlər də var, şahzadələr də... Yəni nağıl davam edir. Düşünürəm ki, ömür vəfa etsə, yeni nağılların qəhrəmanlarını da çəkə biləcəyəm».

SƏRGİYƏ GƏLİN, GƏLİŞİNİZ YENİ ƏSƏRLƏR ÜÇÜN STİMUL OLACAQ

Sonda rəssam AzadlıqRadiosunun bütün dinləyicilərinin Yeni ilini təbrik etdi:

«Sərgi bu ilin sonunadək, mənim yubiley ilim bitənədək --dekabrın 17-dən 27-dək davam edəcək. Rəsm, qrafika həvəskarlarını «Azərbaycan nağılı» sərgisinə baxmağa dəvət edirəm. Onların təəssüratları mənə yeni güc, yeni nəfəs, yeni əsərlər verəcək».
XS
SM
MD
LG