Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:21

Ötən ilin ən mədəni olayı - Kondisioner zavodunda sərgi


Aydın Talıbzadə
Aydın Talıbzadə
-
«Ölkədə ümumi mədəni məxrəcin artdığına mən hər yerdə – hətta bazarda, dükanda, avtobusda da şahid oluram».

Mədəniyyətşünas alim Aydın Talıbzadə AzadlıqRadiosu «İz» proqramının «2013-cü ilin Azərbaycanı bir il öncəkindən nə dərəcədə daha mədəni təsir bağışladı» sualını cavablarkən belə söylədi.

«2013-CÜ İL DAHA MƏDƏNİ İL OLDU»

Onun sözlərinə görə, 2013-cü il daha mədəni təsir bağışlayıb:

«İnsanın çevrəsi, məişəti, düşüncəsi dəyişdikcə, informasiyası artdıqca mədəni durumu da yaxşıya doğru dəyişir. Bu, sadəcə, mikrofon önündə xoşa gəlmək üçün söylənilən söz deyil. Mən buna inanıb deyirəm».

«MƏDƏNİYYƏT ƏBƏDİYYƏTƏ İDDİALIDIR»

Aydın Talıbzadənin fikrincə, həyat və təbiət əbədiyyətə iddialı deyil:

«Həyat buradan yaranır, orada ölür. Mədəniyyət isə öz başlanğıc strukturlarında, başlanğıc paradiqmasında əbədiyyətə iddialıdır. İnsan nə yaradırsa, o yaratdığını əbədi bilir və onu əbədi yaşatmaq istəyir».

BU SƏRGİ ORTAQ YADDAŞA QAYIDIŞ İDİ...

«Yarat» Müasir İncəsənət məkanının kondisioner zavodunda keçirdiyi sərgi AydIn Talıbzadəni yola saldığımız ildə ən təsirləndirən mədəni olay olub:

«Bu təkcə sərgi deyildi, bu, ortaq yaddaşa qayıdış idi. Bu, gənclərin bizim cəmiyyətə, bizi əhatə edən dünyaya, gündəlik yaşamımıza və tariximizə, milli yaddaşımıza spesifik, özgür bir baxışı idi. Kondisioner zavodu Azərbaycanın strateji zavodu olub vaxtilə. 70-ci illərdə bu zavodun varlığı SSRİ məkanında çox böyük hadisə idi və vaxt gəldi bu zavod əhəmiyyətini itirdi... Zavodun işi dayandı. Yeni nəsil – cavan rəssamlar bu zavoda tamam yeni tərzdə yanaşdılar və bu məkana yeni bir baxış ortaya qoydular».

ÖLKƏNİN BAŞ SARAYINDA BİLMƏLİDİRLƏR Kİ...

Mədəniyyətşünas alim «Sizcə, dünyadan nəyi xatırlamalıyıq» sualını belə cavabladı:

«Mən Bakı Beynəlxalq Caz Festivalında Marcus Miller-in konsertinə getdim. Marcus Miller çox ünlü bir sənətçidir. Mən konsertdən ləzzət aldım. Amma xoş olmayan ovqat da yaşadım. Heydər Əliyev adına Sarayda çalışan səs rejissorları bilməlidirlər ki, səs şiddəti çox olanda insan sağlamlığına ziyan vurur. Caz musiqisi canlı musiqidir, onu dissibel vasitəsilə öldürməzlər! Hər halda, mən çox şad oldum ki, Azərbaycan artıq neçənci ildir ki, bu festivala ev sahibliyi edir və biz belə böyük musiqiçiləri dinləyə bilirik».

BAX, MƏN BUNU İSTƏYİRDİM!

Aydın Talıbzadə 2013-cü ildə iki fenomenal – adiyəsığmaz tamaşa ilə üzləşdiyini dedi:

«Birincisi, «British Council»la Mədəniyyət Nazirliyinin əməkdaşlığı nəticəsində Bakıya gətirilən Dorset Kukla Teatrı Kompaniyasının (Böyük Britaniya) «Asılmış vəziyyətdə» tamaşası idi. Bu kuklaçı – Stephen Mottram səhnədə David Copperfield-in möcüzələrindən geri qalmayan möcüzələr göstərirdi ipli kuklalarla... Mən bu tamaşadan peşəkar kimi böyük həzz duydum. Düşündüm ki, nə yaxşı ki, bizim imkanımız var və Azərbaycanın teatr aləminə əsl professionallığın nə olduğunu göstərə bilirik! Sən deyirsən, narazı qalırsan, amma səni heç nə bilməməkdə günahlandırırlar. Olay üzə çıxanda, sən hamıya deyirsən ki, bax, mən bunu istəyirdim! Bu, peşəkarlığın yüksək səviyyəsidir! Belə əlaqələrin olması nə gözəldir, nə gözəldir, nə gözəldir!».

UŞAQLARI TEATRA GƏTİRİRDİLƏR!

Aydın Talıbzadə çox bəyəndiyi «Cırtdan» Kukla Teatrları Festivalından bir müşahidəsini də bizimlə bölüşdü:

«Mən «Cırtdan» Kukla Teatrları Festivalında göstərilən tamaşalara baxdım və gördüm ki, atalar-analar, nənələr öz uşaqları üçün bilet alıb teatra gəlirlər. Mən buna sevindim. Əgər uşaq teatra gəlirsə və bileti ona anası alırsa, sabah biz o tamaşaçını itirməyəcəyik. Çünki teatra maraq, mədəniyyət o uşaqlardan başlayır. Uşağa nə aşılayırsansa, sabah onu götürəcəksən. Bax, o üzdən biz uşaqlara, gənclərə ünvanlanmış sərgiləri, tamaşaları və s. daha keyfiyyətli keçirməliyik Çünki gələcək nəsil bununla formalaşır. Formalaşmış insan küçədə mədəniyyətsiz davranmaz!».

«ÖLKƏDƏ TƏDBİRLƏR BOLLUĞU VAR!»

«Sizcə, ölkənin mədəni həyatı nə vaxt zəngin və nə vaxt solğun sayılır» – sualını Aydın Talıbzadə belə cavabladı:

«Az-çox Mədəniyyət və Turizm Nazirliyinin bu və ya digər tədbirində iştirak edirəm. Elə gün olmur ki, bir neçə tədbir keçirilməsin. Ölkədə tədbirlər bolluğu var! Buna çatdırmaq üçün qüvvə lazımdır. Bunların həzmi də çətinlik törədir. Düşünürəm ki, bütün ili bu tədbirlər mexanizmində yaşamaqdansa, onları azaldıb, keyfiyyətini yüksəltmək daha yaxşı olardı. Məsələn, Kukla Teatrları Festivalı, ya Qəbələdəki klassik musiqi festivalı çox önəmli, strateji festivallardır. Bax, bu «A» kateqoriyalı festivalları, sərgiləri artırmaq, daha keyfiyyətli etmək lazımdır. Bu, gələcək illərdə mütləq nəzərə alınmalıdır».

DÜNYANI NECƏ DİNDİRƏK?

Aydın Talıbzadə son hədəflərdən də danışdı:

«Son nəticədə hamımızın istəyi müasir Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası, onunla bütünləşməsidir. Ölkəmiz öz ənənəvi mədəniyyəti ilə dünyada tanınır. Xalçamız, muğamımız, saz musiqimiz və s. İndi isə məhz müasir düşüncə yönündən dünyayla danışmaq və eyni zamanda dünyanı Azərbaycana gətirmək lazımdır. Bu, çox önəmlidir».

MƏNƏVİYYAT İŞIĞINIZ SÖNMƏSİN!

Sonda Aydın Talıbzadə ölkədə və dünyada yaşayan azərbaycanlıların Yeni İlini təbrik etdi:

«Siz bayaq dediyiniz kimi, «ortaq yaddaşa malik insanların» hamısının yeni ilini təbrik edirəm. Onlara bol ruzi, sağlamlıq, işlərində uğur arzulayıram. Bir də, onların içində daim bir mənəviyyat işığının yanmasını diləyirəm. Qoy hər bir insan, işindən-peşəsindən asılı olmayaraq, lap elə küçədə gedərkən, içində mənəviyyat işığı yansın. Fikrimcə, bu, Azərbaycan mədəniyyəti üçün ən önəmli məqamdır».
XS
SM
MD
LG