Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:52

Qırğız müftilərinin seks qalmaqalı


Rakhmatulla-Hajji Egemberdiev
Rakhmatulla-Hajji Egemberdiev
-
Qırğızıstanda yeni bir fırtınanın coşmasına səbəb ölkənin ən ali dini rəhbərinin bir cavan qadınla yataqda lüt vəziyyətdə sekslə məşğul olduğunu əks etdirən gizli videonun ictimailəşməsi olub.

Bu videonu görən hər bir kəs, hətta müftinin özü də, kadrlardakı şəxsin baş müfti Rakhmatulla-Hajji Egemberdiev olduğuna əmindir.

Aydın olmayan, baş müftinin bu videodakı tərəf-müqabili olan qadının kimliyidir.
Bir sıra tənqidçilər yazırlar ki, bu qadın ölkənin ruhani rəhbərini nigahdankənar fəaliyyətə cəlb edərək yoldan çıxarmış bir “seks bombasıdır”.

Egemberdiev-in özü isə israr edir ki, o, “Allahın qarşısında pakdır” və videodakı qadın onun 4 illik halal arvadıdır.

Lakin belə bir izahat Egemberdiev-in Bişkəkdəki ofisinin qarşısına toplaşmış kiçik etirazçılar qrupunu qane etmir. Onlar müftini əxlaqsız adlandırır və onun istefasını tələb edirlər.

“GÖRƏCƏK GÜNLƏRİMİZ VAR İMİŞ”

Bişkəkdə mənzillənmiş və müsəlman icmalarının hüquqlarını müdafiə edən QHT-Müsəlman Konqresinin üzvü Bakyt Nurdinov bu videonun son dərəcə ciddi narahatlıq doğurduğunu söyləyir:

“Bu barədə çox ciddi müzakirələr gedir. Müsəlman ruhaniləri sarsılıblar. Vəziyyət çox çətindir. Onlar nə deyəcəklərini bilmirlər. İlk dəfədir ki, belə bir şey baş verir. Görəcək günlərimiz var imiş”.

Belə görünür ki, Yeni il ərəfəsində Qırğızıstanın internet saytlarında yerləşdirilmiş bu video gizli kamera ilə çəkilib.

İndi həmin video internetdən yoxa çıxsa da, orada çox tutqun, ağ-qara bir foto qalıb. Fotodakı şəxs Egemberdiev-ə çox bənzəyir və şəkildə onun çiyinlərinə qadın qolları sarmaşıb.

BU, YENİ BİR ŞEY DEYİL

Seks videoları Qırğızısrtanda yeni bir şey deyil. 2008-ci ildə Ata-Meken siyasi partiyasının lideri Omurbek Tekebaev-in buna bənzər videosu üzə çıxmış, sonradan 2010-cu ilin parlament seçkiləri ərəfəsində həmin video bir daha internetdə görünmüşdü.

Lakin ölkənin ruhani rəhbərliyinə aid videolar daha böyük ictimai partlayışa səbəb olub. Həm də bu son dörd ildə ölkənin 5 müftisinə aid sonuncu belə videodur.
Egemberdiev baş müfti vəzifəsinə onun barəsində Həcc ziyarətlərinin təşkili vasitəsilə qazandığı pullardan vergi ödəməməsi ilə bağlı təhqiqatın davam etməsinə baxmayaraq, cəmi bir il olar ki, seçilib.

Hər bir mömin müsəlman üçün həyatında heç olmasa bir dəfə edilməsi mühüm olan Həcc ziyarətlərinin Qırğızıstanın Ruhanilər Şurası və ya Müftilik üçün rüşvət imkanı verməsi barədə çoxdan danışılır. 2011-ci ildən bəri ziyarətlərin təşkili üçün kvota məhz bu quruma verilir.

Hazırda keçmiş müfti Chubak-Hajji Jalilovla birlikdə təhqiqat altında olan Egemberdiev deyir ki, ona qarşı ittihamlar əsassızdır və onun baş müfti seçilməsinin qarşısının alınması üçün uydurulub.

O deyib ki, şəxsi həyatı ilə bu qədər maraqlanan şəxsi üzə çıxarmağa çalışacaq. Egemberdiev həmçinin şəxsi həyatına qarışmaqda hökumət rəsmilərini və kəşfiyyat əməkdaşlarını ittiham edib.

“SÖHBƏT MİLYONLARLA DOLLAR GƏLİRDƏN GEDİR”

Lakin Qırğızıstan parlamentində prezidenti təmsil edən Orozbek Moldaliev müftiyə qarşı hər hansı planlaşdırılmış kampaniya aparıldığı barədə iddiaları rədd edir. O öz növbəsində baş verənlərdə öz vəzifələrindən mənəvi məqsədlər üçün deyil, pul qazanmaq məqsədi üçün istifadə edən müftiləri təqsirkar bilir:

“Mollaların bütöv bir nəsli eyni təhsil səviyyəsinə malikdir və onların hamısı mufti olmağa çalışır. Bunun əsas məqsədi isə Həccdir. Burada 4-6 milyon dollarlıq gəlir imkanı var”.

Videodakı qadının əslində Egemberdiev-in ikinci arvadı olması barədə izahat da ziddiyyəti aradan qaldırmır.

Çoxarvadlılıq Qırğızıstanda qadağan edilib. Bununla belə, bir çox ruhani iliderlər qeyri-rəsmi kəbin yolu ilə bir neçə arvad alırlar.

Yenicə yayınlanmış başqa bir videoda isə qalmaqala səbəb olmuş qadının valideynləri olduqları söylənən yaşlı ər-arvad danışır. Onlar qızlarının Egemberdiev-in artıq dörd ildir ki, ikinci arvadı olduğunu təsdiqləyir və videodan məyus olduqlarını bildirirlər. Həmin videoda onların qızları ilə birlikdə çəkdirdikləri foto da nümayiş etdirilir. Həmin fotoda sadə, qara paltarlı və başı bağlı bir qız görünür.

Bu qalmaqal həm də ölkənin dünyəvi hökuməti ilə onun nəzarətində olmasına baxmayaraq daha çox müstəqillik qazanmağa can atan Müftilik arasındakı ziddiyyəti nümayiş etdirir.

İndiyədək ölkənin Müftiliyi tərəfindən seçilmiş baş müftilərdən heç biri 5 illik müddətini tam başa çatdıra bilməyib. Jalilov korrupsiya qalmaqalı ilə bağlı istefa verib, ondan əvvəlki müfti Muaratali Jumanov 2010-cu ildə oğurlanıb döyüldükdən sonra, 2010-cu ildə vəfat edib.

Bu arada Müftilik ekstremizmin qarşısının alınması və dini anlaşmanın təşəkkülü məqsədilə müsəlman liderlər arasında təhsil standartlarının yüksəldilməsinə çalışır.
Qırğızıstanın Dini İşlər üzrə Dövlət Komitəsinin keçmiş direktoru, hüquqşünas Kanybek Osmonaliev isə deyir ki, kommunizmin çökməsindən və dinə rəsmən icazə verilməsindən keçən 20 ildə ölkə hələ də öz həqiqi ruhani liderini tapmağa çalışır:
“Onların bircə adları müftidir. Son 20 ildə biz bir nəfər də olsun əsl saf ruhani rəhbər yetişdirməyə nail olmamışıq. Əhalimizin 83 faizi müsəlmandır. Lakin əgər bu gün biz şübhəli Həcc ziyarəti və müxtəlif ərəb fondları barədə danışırıqsa, deməli ictimaiyyətimizin şüuruna sovet ateizminin hələ də hakim olaraq qalmasının elə əsas səbəbi budur”.
XS
SM
MD
LG