Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:53

Kiyev etirazları rusiyapərəst şərq regionlarına yayıldı


Foto (Arxiv)
Foto (Arxiv)

Etirazlar dalğasının şərq istiqamətində, ənənəvi olaraq Rusiyaya bağlı regionlara yayıldığı xəbər verilib

Ukrayna paytaxtında başlanan etirazların son saatlarda ölkənin qərbinə, şərqinə və cənubuna yayılmağa başladığı xəbər verilib.

Ötən cümə günündən bəri etirazçılar ölkənin regionlarındakı inzibati binaları mühasirəyə alırlar.

Etirazlar daha sürətlə qərbpərəst regionlarda – Çernovtsı, İvano-Frankovsk, Lutsk və Lvovda ayaq tutur.

Ötən şənbə Kiyevin qərbindəki Vinnitsa şəhərində də etirazlar baş verib.

Şərqə qərb “desantı”

Son saatlarda isə etirazlar dalğasının şərq istiqamətində, ənənəvi olaraq Rusiyaya bağlı regionlara yayıldığı xəbər verilib.

Şimal-şərqdəki Sumıda etirazçılar şəhər bələdiyyəsinin binasını zəbt ediblər və müxalif Oteçestvo partiyasından olan millət vəkili bələdiyyə idarəsinin rəhbərliyini ələ alıb.

Bir neçə min etirazçı cənub-şərqdəki Zaporojyedə regional inzibati binaları tutmaq məqsədilə hücum edib.

Polis kütləyə nəzarət edə bilmək üçün gözyaşardıcı qazlardan və tüstü qumbaralarından istifadə etməli olub.

Kiyevin cənub-şərqindəki Çerkasıda 2000-dək etirazçı xalq toplanışı keçirib.

Onlar regional dövlət idarələrini zəbt etsələr də, sonradan polis tərəfindən dağıdılıblar və çox sayda həbslərin həyata keçirilidiyi xəbər verilib.

Kiyevin şimalındakı Çerniqovda etirazçılar regional icra hakimiyyətinin binası qarşısında barrikadalar qurublar. Bundan sonra yerli hökumət binalarının zəbtinə cəhd edilib.

Dnepropetrovsk və Odessada da etirazçıların hökumət binaları yaxınlığında toplaşdığı xəbər verilir.

Daxil İşlər Nazirliyi bildirir ki, onun təbirincə deyilsə, qərb regionlarındakı “təxribatçılar” şərq ərazilərinə desant çıxarırlar.

Kiyevin özündə isə…

Minlərlə insan ötən həftə öldürülmüş 25 yaşlı etirazçı Mikhail Zhiznevsky-nin açıq tabutunu “qəhrəman” alqışları ilə salamlayıb.

Müxalifət Avropa İttifaqı ilə ticarət sazişinin imzalanmasını, keçmiş baş nazir Yulia Tymoshenko da daxil olmaqla siyasi məhbusların azad olunmasını tələb edir.

Ən başlıcası müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Ukraynada növbəti seçki 2015-ci ildə olmalıdır.

BBC xəbər verir ki, Avromaydan hərəkatı ümumən dinc olsa da, bir sıra radikallar polislə toqquşaraq onu əsas Maidana buraxmamaq üçün yandırıcı qumbaralardan istifadə edirlər.

Xəbər verilir ki, Kiyevdə vəziyyət müxalifətin lideri Arseniy Yatsenyuk baş nazir təyin edilməsi ilə bağlı prezident Viktor Yanukovych-in təklifini rədd etdikdən sonra gərginləşib.

Müxalifət lideri növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

Müşahidəçilər bildiriblər ki, müxalifət prezidentin təkliflərini onun hakimiyyətinin zəifliyi kimi qəbul edib.
XS
SM
MD
LG