Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:57

Allahşükür Paşazadə: “Elə məmurlar var ki...”


Allahşükür Paşazadə
Allahşükür Paşazadə
-
“Azərbaycanda bir-birini dini təriqətlərə bölərək, aşağılayırlar ki, bu da cinayətdir, yolverilməzdir”. APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dindarların iştirakı ilə keçirilən tədbirdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

ELƏ MƏMURLAR VAR Kİ...

O qeyd edib ki, son vaxtlar belə hallar artıb:

“Mən şəxsən heç bir təriqətdən deyiləm, mən müsəlmanam. Çünki İslamda dini təriqətlərə bölərək bir-birini aşağılamaq yolverilməzdir. Bu cinayətdir. Suriyada indi şəhadət adıyla gedib döyüşürlər ki, bu da düzgün deyil. Özü də pula görə gedib döyüşürlər. Peyğəmbər (ə) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansısa tədbir görəcək. Çünki bu, İslama qarşı yolverilməzdir”.

Şeyx Qazilər Şurasına da müraciət edərək bildirib ki, bu halların qarşısını almaq üçün fəaliyyətə keçsin:

“Bizim Qarabağ kimi dərdimiz var. Biz torpaqlarımızın və oradakı qurbanlarımızın qeyrətini çəkməliyik. Bizim əsl şəhadətimiz budur”.

Şeyx bəzi məmurlara da övladları ilə bağlı müraciət edib:

“İndi elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır”.

“MƏN HEÇ NƏDƏN QORXMURAM”

Bəzi dini məzhəblər tərəfindən QMİ-yə qarşı təzyiqlər ola bilər. A. Paşazadə deyib ki, QMİ-nin bu gün Suriya və digər ölkələrə cihad adı altında döyüşməyə gedənlərlə bağlı verdiyi fətvadan sonra bu cür halları gözləyir.

O qeyd edib ki, artıq bəzi mətbuat orqanları, xəbər saytları neçə gündür, Suriya məsələsini qabardaraq QMİ-yə qarşı təzyiqlərin artmasına rəvac verib: “Hətta bəzi saytlar mənə qarşı hədyan sözlər də yazmağa başlayıb. Amma onlar bilsin ki, mən heç nədən qorxmuram. Onların çoxu cavandır, çox şeyi görməyiblər və məni yaxşı tanımırlar... Onlar əsl şəhidliyi görməyiblər. Mən ən azı 20 Yanvar faciəsində şəhidlərimizin canından necə keçdiyinin canlı şahidi olmuşam”.

Şeyx deyib ki, Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən qüvvələr var və bunlar xaricdə konkret mənbədən maliyyələşirlər: “Burada təxribat törətməyə çalışırlar. Ayıq-sayıq olmaq lazımdır”.
XS
SM
MD
LG