Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:35

Azərbaycan və Ermənistan orduları: kim necə silahlanıb? (İnfoqrafika)


Bakıda hərbi paradda S300 havadan müdafiə qurğusu nümayiş etdirilir. 26 iyun 2011
Bakıda hərbi paradda S300 havadan müdafiə qurğusu nümayiş etdirilir. 26 iyun 2011

-
Londonda mənzillənmiş Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (The International Institute for Strategic Studies - IISS) özünün növbəti “Hərbi balans 2014” (Military balance 2014) adlı hesabatını açıqlayıb.


Azərbaycanın nəhəng hərbi xərcləri


Hesabatın Cənubi Qafqaza aid hissəsində qeyd edilir ki, bu regionda ən diqqətəlayiq məqam Azərbaycanın hərbi xərcləri artırmasıdır.

Prezident İlham Əlieyevin bəyanatına əsasən ölkənin müdafiə büdcəsi 2012-ci ildəki 3 milyard dollardan 2013-cü ildə 3, 7 milyard dollara çatdırlıb (2013-cü ilin dövlət büdcəsində “Müdafiə xərcləri” bölməsində 1,53 milyard manat göstərilir. Bu da təxminən 2 milyard ABŞ dollarıdır. Amma ekspertlər qeyd edirlər ki, əslində büdcədə başqa xərc maddələrində də silahlı qüvvələrə vəsait var. Hamısı birlikdə ölkə prezidentinin qeyd etdiyi kimi 4 milyard dollara yaxındır - red.)

Hesabat müəllifləri bildirirlər ki, bu vəsait Azərbaycana Silahlı Qüvvələrin köhnəlmiş cəbbəxanasının yenilənməsinə imkan verməlidir.

Qeyd edilir ki, Azərbaycan 2012-ci ilədək hərbi texnikanı və silahları Ukraynadan alırdısa, 2013-cü ildən başlayaraq Rusiya üç il müddətində Azərbaycana ümumi dəyəri 4 milyard dollar olan silah və texnika satacaq.

Azərbaycanın hərbi büdcəsinin həmin o 4 milyarddan az olması nəzərə alınarsa, belə bir nəticəyə gəlmək olar ki, qarşıdan gələn üç ildə Bakının hərbi xərcləri indikindən ən azı iki dəfə çox olmalıdır.

Sənəddə bu da bildirilir ki, Azərbaycan Cənubi Koreyada istehsal olunan silahlara da maraq göstərir, lakin bu istiqamətdə real iş görüldüyü barədə məlumat yoxdur.
Azərbaycan bir sıra silahların ölkədə istehsalına da başlayıb və 2011-2012-ci illər arasında yerli istehsal 12 faiz artıb.

Sənəddə qeyd edildiyinə görə hazırda Azərbaycanda 700 adda hərbi məhsul istehsal edilir, amma buna baxmayaraq, qarşıdan gələn illərdə Azərbaycan hərbi-müdafiə məhsullarını xaricdən almaqda davam edəcək.

Müəlliflərin fikrincə, hərbi texnika baxımından Azərbaycan Ermənistandan xeyli üstün olsa da, Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat qabiliyyəti haqqında nəsə demək çətindir.

Bu da vurğulanır ki, Azərbaycan hərbi texnika baxımından üstünlüyə neft gəlirlərinin hesabına nail ola bilib.


Qarabağdakı qüvvələr Ermənistandakı silahlı qüvvələrdən çoxdur

Xankəndində erməni qüvvələrinin hərbi paradı, 9 may 2012
Xankəndində erməni qüvvələrinin hərbi paradı, 9 may 2012

Azərbaycandakı hərbi ekspertlər qeyd edirlər ki, əslində Ermənistan hərbi imkanlarının böyük hissəsiNİ işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirib. Həmin işğal altında olan ərazilərə cəmlənən hərbi texnika haqqında isə doğru-dürüst məlumat yoxdur.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında da həmin ərazilərdəki erməni qüvvələri haqqında detallı bilgi yoxdur. Yalnız o qeyd edilir ki, Qarabağdakı erməni qüvvələrinin nəzarətində 200-300 tank, o qədər artilleriya qurğusu, 18 000 – 20 000 nəfərlik canlı qüvvə, kiçik aviasiya qurğuları var.

Bu sənədə əsasən Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında ümumi göstəricilər əsasında müqayisə aşağıdakı şəkildədir:

Ermənistanın təyyarələrini Rusiya uçurur


Hesabatın Ermənistana aid hissəsində bildirilir ki, müdafiə büdcəsi 447 milyon dollar olan bu ölkənin hərbi qüdrəti onun müttəfiqi Rusiyanın hərbi sənayesindən asılı olaraq qalır.

Bu da qeyd olunur ki, Ermənistan T72 tankalrının təmiri və modernləşməsi üçün Yunanıstan və Polşanın şirkətləri ilə müştərək sexlər yaradıb, lakin əsas texnikanın, məsələn S300 raket sistemlərinin tətbiqi və saxlanması bilavasitə Rusiya ilə əməkdaşlığı nəzərdə tutur.

Yerevanda hərbi parad, Çin istehsalı olan WM80 raketatan qurğu, 21 sentyabr 2011
Yerevanda hərbi parad, Çin istehsalı olan WM80 raketatan qurğu, 21 sentyabr 2011


Hesabat müəllifləri qeyd edirlər ki, Ermənistan artilleriya qurğularının alınmasında maraqlıdır və 1990-cı illərdə hərbi paradlarda Çindən alınmış raket qurğularını nümayiş etdirib.

Bununla belə, Ermənistanın Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ondan xəbər verir ki, Pekin bu sahədə çətin, Moskvanı əvəz etsin.

Hesabatda bildirilir ki, Ermənistanın müdafiə sistemi Azərbaycanla mümkün müharibəyə hazırlıq əsasında qurulub.

Ermənistanın quru qoşunlarının texnikası arasında üstünlüyü Rusiya istehsallı T72 tanlkları tutur. Bunların sayı təxminən 109 dəst civarında göstərilib.

Ermənistanın hərbi hava qüvvələri də tamamilə Rusiya texnikası ilə təchiz edilib.
Hərbi-hava qüvvələrinin ixtiyarında 15 ədəd SU-25 qırıcı təyyarəsi və 8 döyüş helikopteri var.

Hesabatda qeyd olunur ki, Ermənsitanın hərbi-hava qüvvələri Rusiya bazasından hərəkətə gətirilir.

Azərbaycan və Ermənistanın saxladığı qoşunların miqyasını təsəvvür etmək üçün onları bəzi keçmiş sovet respublikaları ilə müqayisə etmək kifayətdir.

Məsələn, əhalisi 45 milyon olan Ukraynanın 130 minlik əsgəri qüvvəsi var. 28 milyonluq əhalisi olan Özbəkistanın ordusunda 48 min hərbçi xidmət edir. Mərkəzi Asiyada əhalisinin sayına nisbətdə ən böyük ordu saxlayan ölkə Türkmənistandır. Türkmənistanın əhalisi 5 milyon nəfərdən bir qədər çoxdur, lakin 22 min nəfərlik qoşun saxlayır.

Rusiya ordusunda Putin islahatları

Moskvada hərbi parad, 9 may 2013
Moskvada hərbi parad, 9 may 2013

Hesabatın Avrasiyaya aid hissəsində təbii olaraq Rusiya Silahlı Qüvvələrinin hazırkı qüdrətindən söz açılır və əslində, hesabatın tam yarısı Rusiyaya həsr edilib.
Sənəddə bildirilir ki, Vladimir Putinin prezidentliyə təkrar dönüşündən sonra Müdafiə Nazirlyinin strukturalarında ciddi dəyişikliklər edilib.

Rusiyanın keçmiş müdafiə naziri Anatoly Serdyukov vəzifəsindən azad edlib və onun yerinə Putinin inanılmış və köhnə müttəfiqi, fövqəladə hallar naziri Sergei Shoygu təyin olunub.

Baş Qərargah rəisi general Nikolay Makarov da vəzifəsindən azad edilib.
Hesabatda bildirilir ki, adı çəkilən rəsmilərin müdafiə sistemində korrupsiyaya yol verdikləri iddia olunsa da, dəyişikliklər daha çox prezident Putinin şəxsi loyallıq mülahizələri ilə bağlı olub.

2012-ci ildə qəbul edilmiş yeni qanuna əsasən baş qərargah birbaşa ali baş komandana, yəni Putinə tabedir.

Hesabatda deyilir ki, bu sayaq tədbirlər Rusiyanın dövlət mediasında müdafiə sisteminin islahatı kimi təqdim olunur.

Bu islahatları həyata keçirən Shoygu nazirlikdə Serdyukovun vaxtında başlanmış ixtisarları dayandırıb və müdafiə naziri kimi öz müavinlərinin sayını 8-dən 10-a çatdırıb.
Bununla belə, ordunun döyüş qabiliyyətinin artırılmasına yönəlmiş islahatların əsas müddəaları olduğu kimi qalır.

Bu isə əsas etibarilə Rusiya hərbi birləşmələrinin briqada strukturunda qurulması və bu briqadaların regional və yerli əməliyyatlardakı çevikliyinin artırılmasını nəzərdə tutur.

Bu da qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin peşəkar hərbçilərdən təşkili məqsəd kimi elan olunsa da, ordu qarşıdan gələn illərdə ümumi hərbi mükəlləfiyyətə arxalanmalı olacaq.

Hesabatda bildirilir ki, Rusiyanın Avrasiya regionundakı hərbi syasəti daxili və xarici hədələri önləmək prinsipi üzərində qurulub.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu 1997-ci ildən qərargahı Londonda yerləşən təşkilat hərbi-siyasi münaqişələr sahəsində dünyanın aparıcı araşdırma mərkəzi hesab olunur.

1958-ci ildə, Soyuq Müharibə və nüvə silahlanması zamanı yaradılmış İİSS ABŞ və Britaniya hökumətindəki mənbələrlə yaxın münasibətlərdədir.

XS
SM
MD
LG