Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:25

Uzun saqqal saxlayan güləşçi yığmaya qayıdıb


Elçin Əliyev
Elçin Əliyev
-
Uzun saqqal saxlayan Avropa çempionu yenidən yığmaya qayıdıb.

Bu barədə AzadlıqRadiosuna yunan-Roma güləşi üzrə milli komandanın üzvü, Avropa çempionu Elçin Əliyevin özü məlumat verib. O, 2 gündür yenidən milli komandada olduğunu söyləyib.

Elçin Əliyev «bəzi səbəblərə görə» komandadan uzaqlaşdığını, Güləş Federasiyası ilə heç bir problem yaşamadığını da sözlərinə əlavə edib.

«ÖZÜM NAMAZ QILANAM»

Bir neçə gün əvvəl Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Elçin Əliyevlə bağlı fikrini mediaya açıqlamışdı:

«Elçin Əliyev həddindən artıq uzun saqqal saxlayır. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən, həddindən artıq uzun saqqal saxlamaq gigiyena baxımından düzgün deyil. Bunu biz yox, beynəlxalq qaydalar deyir. Mən özüm də bir vaxtlar Elçinə xəbərdarlıq etmişəm ki, saqqalını qısalt. Ona deyən yoxdur ki, tamamilə saqqalını təmizlə. Mən özüm də namaz qılanam. Bizim Federasiyada dini və irqi baxımdan idmançılara fərq qoyulmur. Belə olsaydı, yığmamızda olan və xristian dininə qulluq edən güləşçiləri gərək zala buraxmayaydıq».

«SAQQALA TOXUNA BİLMƏRƏM»

Əjdər Cəfərov Elçin Əliyevi federasiyaya dəvət edərək yenidən onunla danışacağını da demişdi.

Artıq yenidən yığma komandada olan Elçin Əliyev saqqalına toxunmadığını söyləyir:

«Saqqala toxuna bilmərəm. Allah-təalanın əmridir. Saqqal hər yerdə problemdir, təkcə yığma komandada deyil. Kimisə mənə oxşadırlarsa, mənim problemim deyil. O, mənlik deyil, yaxud mən onlardan deyiləm. Ancaq federasiyada elə bir təzyiq olmayıb mənə. Saqqalla bağlı nəsə deyilib, deyilməlidir də. İndi qayıtmışam. Gələcəkdə Allah bilir nə olacaq».
XS
SM
MD
LG