Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:06

Əbədi "Studentlər"


Ukrayna - Yusif Vəzir tələbə yoldaşları arasında, sağdan üçüncü, Kiyev, 1913
Ukrayna - Yusif Vəzir tələbə yoldaşları arasında, sağdan üçüncü, Kiyev, 1913
-

Azərbaycanda alimlər belə dissertasiyasını müdafiə etdikdən sonra, əsasən də kirayədən öz evinə köçdükdən sonra kitab oxumur...


Şahvələd Çobanoğlu


ƏBƏDİ "STUDENTLƏR"


Bir-iki dəqiqə keçmədən qapı bir az aralandı.

- Kimdir? - deyə nazik bir səs eşidildi.

Student şübhəli bir nəzər fırladaraq sordu:

- Otaq buradamı kirayə verilir?

- Burada verilir, - deyə qız o saat qapını açdı.

...Bu sətirlər Yusif Vəzir Çəmənzəminlinin “Studenlər” romanının girişidir. Elə mən də onu “student” olanda kirayədə oxumuşam. Bunu da deməyimin səbəbi var. Bu günlərdə xəbər tutdum ki, kultura.az saytı bu əsərlə bağlı müsabiqə elan edib. Məqsəd Azərbaycan klassiklərini xatırlamaq, onları gənc nəslə tanıtdırmaq, təbliğ etməkdir.ÿIdeya saytın rəhbəri Seymur Baycana məxsusdur. Müsabiqənin mükafat fondunu isə özü hələ də kirayədə yaşayan Seymur bəy dostlardan, ədəbiyyat və mədəniyyət həvəskarlarından toplayır. Açığı xeyli duyğulandığım, ayın sonunda dünya şöhrətli bir alimin kitabının redaktəsindən alacağım kiçik qonorardan 20 manat da həmin mükafat fonduna mən ödəyəcəyəm.
Rabindranath Tagore
Rabindranath Tagore

Bunları niyə deyirəm? Illərdir müşahidə edirəm ki, Azərbaycanda alimlər belə dissertasiyasını müdafiə etdikdən sonra, əsasən də kirayədən öz evinə köçdükdən sonra kitab oxumur. Mən bunu əsl bəla sayıram. Ona görə də, bizdə Akademiyanın alimi mələyin uçma sürətini hesablayır, ona görə də biz elmi iqtibas indeksinə görə dünyada Şri-Lanka kimi ölkələrlə ən sonda qərar tutmuşuq. Tək səbəb mütaliənin azlığı ilə bağlı deyil, amma bu da çox ciddi amildir.

Şəxsi təcrübəm tamam əksdir. Dərsləri istisna etsək, tələbə vaxtında olduğundan indi daha çox oxuduğumu bəyan edə bilərəm. Son dövrlərdə bədii əsərlərlə yanaşı məşhur riyaziyyatçısının xatirələri, ilk tibbi yardımın standartları, Avropada bələdiyyələrin fəaliyyəti, T.Adorno, M.Unomuno, Y.Habermas kimi fərqli mövzuları və müəllifləri oxumuşam. Mütaliə məsələsində ciddi planım, gülməli çıxmasın, strategiyam və xüsusi zövq ehtiyacı səbətim var. Əsərləri necə seçməklə bağlı üz tutduğum mənbələr və hətta adamlar var.

Mütaliə hər şeydən öncə daxili ehtiyacımdır, həm də bilik və mədəni səviyyəmi artırmaq, öz peşə və vətəndaş borclarımı yerinə yetirmək üçün gərəklidir. Ətrafda bilmirəm, ən azı ailə üzvlərim, uşaqlarım üçün çox yaxşı həmsöhbətəm. Başqa halda yəqin mən bir köşə yazarı da ola bilməz, çox istedadlı insanlarla bir sırada yaza bilməzdim. A.Şopenhauer demişkən, kitablar mənə ola bilsin çox şey qazandırmayıb, amma çox ziyanlardan (xüsusən də mənəvi) qoruyub.

Ən başlıcası, bu, çox zövqlü bir işdir. Mənim başqa istirahətlərə çox imkanım və çox həvəsim də yoxdur. Sizdə başqa cür ola bilər, amma hər birimiz üçün yaxın dostlarımızla açıq havada gəzmək, yaxud çay süfrəsində söhbətləşmək çox qiymətlidir. Buna da imkan tapmaq olur. Indi təsəvvür edin ki, sizin həmsöhbətiniz çox məşhur yazıçılar, alimlər və bilgili insanlardır. Kitab oxumaq belə dostluqlar qazandırır.

Çox mütaliə edən toplumların daha böyük uğurlara imza atması bir faktdır. Bu toplumlarda yaşamaq daha rahat, daha güvənlidir. Və mən hazırda mütaliənin faydaları barədə çoxlu fikirlər söyləyib sizi yormaq istəmirəm. Nə də özümün çox oxuyan bir adam olduğumu göstərmək istəmirəm. Mən sadəcə sual vermək istəyirəm, başqa cür ola bilərmi? Başqa cür necə yaşamaq olar?

R.Taqorun bir hekayəsi var. Varlı ata oğluna öz həyat yoldaşını həkimə aparmağa pul ayırmır ki, məgər indiyəcən insanlar həkimə gedirdi. Oğlu ona deyir: “Ata, ola bilsin insanlar əvvəllər həkimə getmirdi, amma indi insanlar öləcəyini bildikdə belə həkimə gedir”. Ola bilsin, Beyrəyin vaxtında mütaliə ən önəmli məsələ deyildi, nağıldan, folklardan o qidanı ala bilirdilər, həkim davasını ot, bitki əvəz etdiyi kimi. Amma indi o dövr deyil. Indi oxumadan ən yaxşı insan olduqda da öz çağının adamı kimi əskiklərin olur.

Gec deyil. “”Studentlər" romanı ilə bağlı müsabiqə bu işdə gecikmiş gənclərə bir motiv olmalıdır. Təkcə əsər haqqında məqalə yazıb, pul mükafatı almağa cəhdinizlə kifayətlənməyin. Əbədi “student” olmağa qərar verin.

Sonda “”Studentlər" romanında sevdiyim bir məqamı xatırladım: “Söhbət qızışdı. Rüstəmbəy Qafqaz barəsində xanıma bir çox şeylər nağıl elədi, şücaət və cəngavərliyindən danışdı, qafqazlıların adət və ayinlərini təsvir edərkən xanımın nəzərində vətənini yüksəltmək üçün quldurluq və qanlılıq kimi adətlərdən bəhs etmədi”.

Azadlıq qəzeti
XS
SM
MD
LG