Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:03

Gədəbəydə qızıl zavodu civarında qoyunlar zəhərlənib


Son 2 gündə 30 qoyunları zəhərlənib, tələf olub
Son 2 gündə 30 qoyunları zəhərlənib, tələf olub
-
Gədəbəyin Arıxdam kəndində mal-qaranın tələfatı davam edir. Kənd sakinləri deyirlər ki, son 2 gündə 30 qoyunları zəhərlənib, tələf olub. Qoyunların kəndin ümumi kanalından içdikləri sudan zəhərləndiyi güman edilir.

Gədəbəydə son 5 ildə qızıl-mis emalı zavodu fəaliyyət göstərir. Kənd sakinləri güman edirlər ki, həmin müəssisənin tullantıları bu kanala axıdılır. Bundan əvvəl də bir neçə dəfə bununla bağlı onların şikayətlərinə yer vermişik. Arıxdamda indi düşünürlər ki, artıq həyəcan təbili qaldırmağın vaxtıdır.

«GÖRDÜM HEYVAN ÖLÜLƏRİNİ DAŞIYIRLAR»

Kənd sakini Məhərrəm Məmmədov deyir ki, ölən mal qaranı şirkət nümayəndələri dərhal sudan çıxarıblar:

«Siyaniti axıdıblar, çay qırmızı rəngə çalır. Gördüm heyvan ölülərini daşıyırlar. Dedilər siyanitdən ölüb. Şirkətdən evimizə gələn sularımızı kəsiblər. Zavod burda olandan nəfəsimizi kəsiblər. Hava iylənir. Camaatın bulaq suyunu kəsib, kanal suyu verir. Onun da yanında şirkətin hovuzu var. İndi gəlib ekskalatorla qoyun yığırlar, çox keçməz camaatı yığarlar buradan».

Sakin Rəsul Məmmədov deyir ki, qoyunları ölən vaxt hansı rəsmi quruma müraciət ediblərsə, heç bir reaksiya olmayıb:

«Evimizin 50 metr yuxarısından çay keçir. Suya turşu axıb kimyəvi... Heyvanlar da içən kimi qırılıblar. Şirkət yığıb aparanda, 102-yə zəng elədik, cavab gəlmədi. Yəqin rayona zəng ediblər, onlar da deyiblər ki, dövlətin zavodudur. Qoyundur da ölüb, insan da ölsə, nə olasıdır ki? Suyumuz ordan gəlir, sızsa öləcəyik».

«ÖRÜŞ YERİMİZ YOXDUR DEYƏ...»

Ətəyində evlərin yerləşdiyi təpəlikdə hazırda müəssisə işləyir. Məhərrəm Məmmədov və digər kəndlilər əvvəllər örüş olan hektarlarla torpaq sahəsinin indi zavodun ərazisi kimi hasarlandığını bildirirlər.
Məhərrəm Məmmədov
Məhərrəm Məmmədov
Halbuki, həmin torpaqlar bir vaxtlar sakinlərin qazanc yeri olub. 2 hektara yaxın torpaq sahəsinin güclə əlindən alındığını deyən Məhərrəm Məmmədov qeyd edir ki, əslində, bu zavod tikiləndə böyük xəyallar qurublar:

«Əvvəl mal-qara ilə məşğul olurduq. İnək saxlayırdım. Zavod gələndən sonra satmalı olduq. Örüş yerimiz yoxdur deyə, mal-qaranı da satdıq. Güc yolu ilə əlimizdən aldılar. Dedilər başqa yerdən torpaq verəcəklər. Amma mən onu sənədləşdirə bilmirəm. Etibarnamə də verməyiblər. Zavodda işləyir 200 nəfər, onun 10 nəfəri arıxdamlıdır. Nə qədər danışsan da, əməl edən də yoxdur. Mənim 1 hektar 24 sot torpağımı əlimdən alıblar. Qətnamə veriblər, nə torpağı ala bilirəm, nə də bir şey. Məhkəmələrdə qalmışam».

«QOYUN ÖLDÜ, BƏS ADAM ÖLƏNDƏ NƏ OLACAQ?»

Təpəlikdən evlərə doğru hörümçək toru kimi onlarla su boruları uzanır. Kəndlilər deyirlər ki, bu boruları illər əvvəl dağlardakı bulaqlardan çəkiblərmiş.
Rəna İbrahimova
Rəna İbrahimova
Mədən işə düşən kimi bulaq suyunu kəsib əvəzində ümumi bir boru çəkiblər. İndi o borudan heç bir evə su gəlmir.

İndi kanal suyunda donan buzun rəngi tünd çəhrayıya çalır. Kanalın lap yaxınlığında su quyusu olan kəndli Rəna İbrahimova deyir ki, quyu suyuna az miqdarda kanal suyu qarışsa, bütün ailə öləcək:

«Yaxşı ki su donub, kanal qarışmayıb. Donmasaydı, 2 evin ailəsi öləcəkdi zəhərdən. Bax, mənim su hovuzum burdadır. Dağdan gələn suyumu şirkət kəsdi. Dedilər su verəcəyik, amma çəkdikləri kanaldan su gəlmir. 7 min xərc çəkib özüm su çəkmişəm. O da təhlükəli. Qoyun öldü, bəs adam öləndə nə olacaq? Bax burda qırılıb qoyunlar...».

Başqa sakinlər:

Elduza Məmmədova
Elduza Məmmədova
«Bizim evimizin dörd bir ətrafı zavoddur. Biz suyu haradan işlədək? Suyumuz gəlmir. Bu dərədən guya su çəkiblər. Yayda quraqlıqdan, qışda dondan gəlmir. Amma suyumuz əvvəllər gəlirdi».

«Külək olanda təpədən zəhər dolur evlərə. Məcbur qalıb evə giririk. Kimyəvi maddələrin iyindən durmaq olmur».

«KƏNDİ TƏRK EDƏCƏYİK, BİZƏ YAŞAYIŞ YERİ VERSİNLƏR»

Kənd sakini Elduza Məmmədova deyir ki, oturub ölüm gözləməyə dəyməz. Onun fikrincə, ya tullantıların qarşısı alınmalı, ya da onlara yeni yaşayış yeri verilməlidir ki, kəndi tərk etsinlər:

«Yığılıb gedəcəyik icraya. Belə yaşamaq olmaz, susuz qalmışıq, pis vəziyyətdəyik. Mal-qara ölür, meyvə bir balaca yetişir. Sözümüzü prezidentə çatdırmırlar. İnanmıram ki, prezident bilə bizim belə başımıza oyun açalar?».

Sakinlər deyirlər ki, bu müəssisə açılanda, kəndliyə yaxşı güzəran, iş yeri vəd edilib. Sonradan bu vədlər yerinə yetirilməyib.
Gədəbəy qızıl-mis emalı zavodu
Gədəbəy qızıl-mis emalı zavodu

21 yaşlı Anar da müəssisədən iş gözləyənlərdəndir.

«Əsgərlikdən gəlmişəm, məni işə götürmürlər. Sənədlərim hələ ordadır».

ÖLƏN QOYUNLARIN PULU ÖDƏNİLİB...

Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Ləzgi Rəsulov deyir ki, mal-qara soyuqda buzlu çaydan su içməz. Ehtimal edir ki, 30 qoyun başqa səbəbdən ölüb. Əlavə edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə dəfə araşdırma aparıb. Ən son isə ötən il. Suyun tərkibində heç bir zərərli maddə aşkarlanmayıb.

Gədəbəy qızıl-mis emalı zavodunun özündən isə dəfələrlə müraciət etsək də, baş verənlərlə bağlı reaksiya ala bilmədik.

30 qoyunu tələf olan kəndli Fərhad Abdullayev də mikrofona danışmır. Deyir ki, ölən qoyunların pulunu şirkət verib.
XS
SM
MD
LG