Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:30

Tanrılar, diktatorlar və atalarımızın oxşar cəhəti


Elşən Böyükvənd
Elşən Böyükvənd
-

Tanrı ilə faşizmə tabe və qul olmayanları Cəhənnəm gözləyir. Pazolini bu Cəhənnəmin iç üzünü qutsal kitablardan daha aydın, çılpaq, iyrənc və biabırçı şəkildə göstərdiyi üçün, öldürüldü...


Elşən Böyükvənd


CƏHƏNNƏMƏ GİRİŞ


Cəhənnəmin özünü və özəyini necə göstərmək olar?

Müqəddəs, qutsal kitabların vəsf etdiyi Cəhənnəmlə bir yazarın, yaxud bir rejissorun təsvir etdiyi Cəhənnəmin nə fərqi var?

Qutsal kitabların söylədiyi və göstərdiyi əzab və işgəncə hissi, bir növ Tanrının birliyinə inanıb onun buyruqlarıı yerinə yetirmək üçün deyilmi?

Nitşənin dili ilə desək, Tanrı insanın qorxu hissindən yaranıbdır.

Tanrılar, diktatorlar, avtoritar və totalitar dövlətlər, qatillər, tanrı elçiləri, manyaklar, yazarlar, rejissorlar və Atalarımızın ən oxşar cəhəti, canımız və ruhumuzun ən dərin qatlarına QORXU vəsvəsəsi və iztirabını salmaq bacarığı deyilmi?

Öz amaclarına çatmaq üçün qorxu hissindən istifadə edənlərin oxşarlığına diqqət yetirmişdinizmi?

Dostoyevskinin qorxu, vəsvəsə və gərginlik hissini necə bacarıq və peşəkalıqla göstərdiyi göz qabağındadır. Aydın Talıbzadə demişkən, Tolstoy rus ədəibiyyatının gündüzüdürsə, Dostoyevski də gecəsidir. İncil kitabındakı Tanrı xofu, qorxu hissi və insan ruhuna gərginlik gətirən güclü atmosferin Dostoyevski əsərlərinə sızması da təsadüfi deyil, məncə. Dustaq öncəsi Dostoyevski ilə, zindandakı yazarın necə dəyişməsini biz yox, onun əsərləri göstərir.

Tanrılar, Dostoyevski, hər cür qutsal kitablar öz hegemonluqlarını və ovsunlayıcı təsirlərini ruhumuza hopdurmaq üçün, qorxu, gərginlik, iztirab və vəsvəsə hissindən istifadə etmirlərmi?

Tanrı başqa mənada sadizm xəstəliyinə yoluxmuş bir hakimdir. İnsanları əzab və işgəncə qorxusu ila özünə tabe etməkdən ləzzət almırmı?

Zor, qorxu və ləzzət hissi ilə kimsəni öz əmrlərinə və istəklərinə tabe etməyə sadizm deyilir. Başqasını incidərək cinsi və ruhi baxımdan ləzzət alırıqsa, demək biz sadizm xəstəliyinə yoluxmuşuq.

Yuxarıdakı ön sözlə, məşhur italyan rejissoru P.P.Pazolininin yaratdığı Cəhənnəmdən danışmaq istəyirəm.

Pazolininin “Salo” adlı filminin əsas uğuru faşizm ideologiyasının qorxu, sadizm və mazoxizmin özülü üzərində dayandığını göstərməkdədir.

Erich Fromm “Faşizm ideologiyası sadizm və mazoxizmin daşıyıcısıdır” cümləsini oxuyarkən, nədən böylə söylədiyini anlamırdım. “Salo” filminə baxarkən, Frommın nədən və niyə öylə düşündüyünü başa düşdüm.

Pazolini Tanrı krallığından faşizm bataqlığına qədər gedən yolu ifşa etdiyi üçün öldürülmədimi? Rejissor bu gizlin quruluşu ifşa etdiyi üçün öldürüldü. Tanrı və faşizmin tük ürpəşdirən oxşarlığı onların yeni, eyni tip, eyni düşüncəli və öz ideologiyaları çərçivəsinə sığan insan növünü formalaşdırmaqda və yaratmaqdadır.

Giovanni Gentile-nin bütün fəlsəfi çalışmasının əsas amacı “bəşəriyyət və təbiətin sonsuz əlvanlığını vahid və bir düşüncə formasına salmaqdan ibarət olduğunu” yadımıza salsaq, filmdəki işgəncə və cəza çəkmələrin illətini biləcəyik.

Öz poxlarını yeməyənlər, sonsuz ehtirasla seks etməyənlər, homoseksuallıq və lezbiyanlıqla şəhvətlərini göstərməyənlər, Salodakı yasalara boyun əyməyənlər, it olub hürərək yemək istəməyənlər filmin sonunda faşizm sevdalıları tərəfindən işgəncə edilərək şaqqalanır, öldürülür, təcavüzə məruz qalır və dilləri kəsilir.

Tanrı və faşizm ideologiyasının çoxsaylı oxşarlıqlarından biri də onların qorxu hissi aracılığı ilə öz hakimiyyətlərini qorumalarıdır.

Cəhənnəmin özünü və özəyini bu quruluşun səmavi kökünün iç üzünü ifşa edərək, onun yer kürəsindəki Tanrı kölgələri ilə olan bağlarını biabırçı şəkildə təsvirə çəkməklə göstərmək olar.

Tanrı ilə faşizmə tabe və qul olmayanları Cəhənnəm gözləyir. Pazolini bu Cəhənnəmin iç üzünü qutsal kitablardan daha aydın, çılpaq, iyrənc və biabırçı şəkildə göstərdiyi üçün, öldürüldü. Cəhənnəmi ölməmişdən öncə yaşamaq və təcrübə etmək istəyirsinizsə, “Salo” filminə baxın.

XS
SM
MD
LG