Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:39

150 rus kinematoqrafçı: "Ukraynaya təcavüzü pisləyirik"


Liya Akhedzhakova
Liya Akhedzhakova
-

Ukraynalı həmkarlarının emosional müraciətinə cəmi 150 rusiyalı kinematoqrafçı cavab verib.

Cavab məktubuna imza atanlar bildirirlər ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü də, bunun Rusiya kanallarında qərəzli işıqlandırılmasını da pisləyirlər:

“Bizlə bağlı şübhəyə düşməyin, biz həqiqətin tərəfində, sizin yanınızdayıq”.

Ukraynalı kinematoqrafçıların müraciətində Rusiyanın Krıma təcavüzü pislənir və Rusiya kinosunun ünlü simalarından bu təcavüzə qarşı çıxmaları rica edilir.

“Doğrudanmı siz müharibəyə qarşı çıxmaq gücündə deyilsiniz? Doğrudanmı bizim qardaşlığımız məhv olmalıdır? Sizi xalqlarımızı bir-birindən ayırmaq, nifrət yaymaq planlarına “yox” deməyə çağırırıq. Yoxsa bunun bizim böyük sənətimizə faciəvi təsiri olacaq” – deyə müraciətdə vurğulanır.

Ukraynalı həmkarlarının müraciətinə cavab verənlərdən biri, “İşdə məhəbbət macərası” və s. məşhur filmlərdən Azərbaycan tamaşaçısına da tanış olan aktrisa Liya Axedjakova Azadlıq Radiosunun rus xidmətinə müsahibə verib.

O deyir ki, Ukrayna məsələsini Rusiyadakı dostları ilə müzakirə etməkdən qorxur.

İstəmir ki, “onlarla dalaşsın və ömrü boyu düşmən kimi qalsın”.

Axedjakova Ukraynada anadan olub, sonralar dəfələrlə orada qastrollarda çıxış edib. Deyir ki, Rusiya və Ukrayna onun üçün vahid məkandır:

“Qoy məni təhqir etsinlər, mövqeyimə görə daşlasınlar, amma şəxsən mən Ukraynanı satmaram. Heç bir halda. Hətta məni ən pis formada təhqir etsələr, alçaltsalar belə”.

Axedjakova deyir ki, Sovet dövrünün “dəhşətli təbliğat maşını” yenə işə düşüb.

İnsanlar həqiqəti bilmirlər, biləndəsə deməyə qorxurlar.

Çərşənbə axşamı Rusiyanın Mədəniyyət Nazirliyi bir qrup tanınmış sənətçinin məktubunu dərc edib. Onlar Ukrayna məsələsində Rusiya prezidenti Putinə dəstək verdiklərini bildirirlər. Aralarında Mixail Boyarski, Oleq Tabakov, Gennadi Xazanov, Oleq Qazmanov, Fyodor Bondarçuk kimi məşhurlar da var.
XS
SM
MD
LG