Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:53

Nigar Köçərli: «Monopoliya yaransa, senzura olacaq»


Qalib Bayramov və Nigar Köçərli
Qalib Bayramov və Nigar Köçərli
-

Arif Əliyev:

- Əgər media kimi kifayət qədər güclü bir sahəni nəzarətə götürmək mümkün oldusa, kitab bazarı elə bir çətinlik yaratmayacaq.

Qalib Bayramov:

- Bu basqılardan sonra çoxlu kitab mağazaları ortaya çıxdı, hesab edirəm ki, bu, təsadüfi deyil...



“Qanun” nəşriyyatının 150 min manat cərimələnməsini, “Əli və Nino” kitab dükanı sahibinin istintaqa çağrılmasını Azərbaycanda kitab bazarında monopoliya yaratmaq cəhdi kimi qiymətləndirmək olarmı?

«Əli və Nino» kitab şəbəkəsinin rəhbəri Nigar Köçərili, iqtisadçı-ekspert Qalib Bayramov və «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev «Pen klub»da bu məsələni müzakirə edirlər.


Səadət Akifqızı

- Nigar xanım, doğrudanmı Azərbaycanda kitab çapı və satışı o qədər gəlirli işə çevrilib ki, onu monopoliyaya almaq istəyənlər var?

Nigar Köçərili

- “Qanun”la bağlı hadisələrdən sonra bir neçə versiya səslənib və publikaya ən xoş gələn versiya odur ki, ola bilsin hansısa bir inhisarçı burda monopoliya yaratmaq istəyir. Əslində bu bir versiyadır, amma eyni zamanda bir sahibkar kimi mənim qorxumdur. Təbii ki, hamı bilir ki, Azərbaycanda demək olar ki, əksər sahələrdə monopoliya var. Mən burda yalnız sahibkar kimi danışmıram, mən burda oxucuların maraqlarını qoruyan bir şəxs kimi danışıram, əgər kitab sahəsində monopoliya yaransa bu o demək olacaq ki, inhisarçı hansısa kitabı düzgün hesab etməsə, onu çap etməyəcək, yəni ki, senzura yaranacaq.

Səadət A.

- Bu gün Azərbaycanda kitab bazarı cəlbedici bir biznes sahəsi kimi görünürmü?

Nigar K.

- Çox absurd bir vəziyyət yaranıb, kitabla bağlı danışılır, daim mətbuatda müzakirə olunur, kitab dükanlarının sayı birdən-birə artmağa başlayır. Yalnız son altı ay ərzində on yeni kitab evi açılıb. Mən istəyirəm Azərbaycanın hər bir rayonunda, qəsəbəsində beş-altı kitab evi olsun. Bu mənim ən böyük arzumdur. Bu proses yəqin ki, davam edəcək. Mən istəyirəm kitab evlərinin sayı çox olsun, rəqabət yaransın. Ola bilər varlı insanlar elə bilirlər, burda yaxşı pul var. Mənim bir tanışım mənə danışmışdı, çox böyük bir məmurun qızı burda kitab evləri yaratmaq istəyib, amma çox ağıllı hərəkət edib, bura xarici ekspertləri dəvət edib, monitorinq aparıblar, biznes-plan yazıblar, amma sonda belə qərara gəliblər ki, bu, gəlirsiz bir işdir. (ardı aşağıda)
Nigar Köçərli
Nigar Köçərli


Səadət A.

- Nigar xanım, mənim yadımdadır ki, “Əli və Nino” kitab mağazaları açılandan sonra, öz piarını düzgün qurdu və siz bir növ təbii monopolistə çevrildiniz. Bəs belə bir halda sizin bazara diqtəniz vardımı?

Nigar K.

- Məndə həmişə qorxu vardı ki, monopoliya yarada bilərəm. Bir-iki dəfə bizim adımız çəkilib bu sahədə, siz indi deyirsiniz təbii monopoliya, amma mən qətiyyən bununla razılaşa bilmərəm. İstər-istəməz kitab sahəsində də bir bazar var, biz bilirik ki, nə yaxşı satılacaq, nə pis. Bizi daim qınayırlar ki, siz yalnız “Qanun”la işləyirsiniz. Bizim qapılarımız bütün nəşriyyatlara açıqdır. Kim gəlib deyə bilər ki, mənim kitabımı satışa götürməyiblər. Nadir hallarda bölgələrdə yaşayan hansısa adamın şeirlər kitabı olur ki, deyirik bağışlayın sizin kitabınızı satışa götürə bilməyəcəyik, çünki satılmayacaq. Belə kitablar var ki, kommersiya üçün deyil. Sadəcə olaraq, bizim “Qanun”la əməkdaşlığımız uğurlu alındı, ona görə ki, biz bazarı bilirdik, bilirdik ki, nə yaxşı satılacaq, nə pis satılacaq. Əgər hansısa kitab başqa dillərdə yaxşı satılırsa, biz bunu “Qanun”a deyirik, “Qanun” onu Azərbaycan dilinə tərcümə edir və biz satırıq. Belə bir paradoksal vəziyyət yaranıb, biz bilirik nə yaxşı satılır, “Qanun” da bunu çap edir, təbii ki, biz ən yaxşı yerləri “Qanun”a veririk.

Səadət A.

- Qalib bəy, siz necə bilirsiniz, kitab satışından hər-hansı bir gəlir əldə etmək mümkündürmü, sizin Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət haqda bir araşdırmanız olubmu?

Qalib Bayramov

- Azərbaycanda kitab biznesi, digər özəl biznes sahələri kimi, birsahəli sektordur. Mən hesab etmirəm ki, o cəlbedicidir. Hesab etmirəm ki, ora axın ola bilər, çoxlu mağazalar, nəşriyyatlar açıla bilər. Birinci növbədə monopoliya məsələsinə o baxımdan yanaşmaq lazımdır ki, axı doğrudan da kitab satışı cəlbedici deyilsə, bu, monopoliya yaradanların nəyinə lazımdır. Əslində bu biznes bir həlqədir, müəllifdən başlayır, sonra naşirə gəlir, sonra kitabın topdan satıcılarına gəlir, sonra gəlir pərakəndə satıcılarına, yəni bu sxemdə nəyi nəzarət altında saxlamaq lazımdır? (ardı aşağıda)
Qalib Bayramov
Qalib Bayramov


Son vaxtlar “Qanun” nəşriyyatı ilə bağlı baş verən hadisələrdən sonra bu məsələ aktuallaşdı. İstisna etmirəm ki, nəşriyyatın cərimələnməsində həm də siyasi çalarlar vardı. Vergilər Nazirliyi əsaslandırmalıdır ki, niyə “Qanun” nəşriyyatı bu qədər cərimələnib. Monopoliya söhbətləri “Qanun” nəşriyyatına bu basqılardan sonra ortaya çıxdı. Bu basqılardan sonra çoxlu kitab mağazaları ortaya çıxdı, hesab edirəm ki, bu, təsadüfi deyil, bunların bir-biri ilə bağlılığı çoxdur. Azərbaycanda kitab sektorunun, kitab bazarının canlanması məhz “Qanun” nəşriyyatının və “Əli və Nino” kitab şəbəkəsinin adı ilə bağlıdır. Buna qədər heç vaxt Azərbaycanda kitab işi yada düşməyib. Dövlət tərəfindən kitab işinin inkişafı üçün heç bir iş görülməyib, kitab mağazaları artsın, onların artmasının heç bir qorxusu yoxdur, monopoliya məhz nəşriyyat işində ola bilər, kitabın idxalı ilə bağlı ola bilər. Oxucunun istədiyi kitablar olmasa, Nigar xanım necə satacaq o kitabları.

Səadət A.

- Qalib bəy, bir iqtisadi dəyərləndirmə aparsanız, sizin fikrinizcə bu daha çox siyasi, yoxsa iqtisadi monopoliya cəhdi ola bilər?

Qalib Bayramov

- Elə hesab etmirəm ki, bu bazarda gəlir var, kimsə ordan gəlir götürmək istəyir. Kənardan görünən budur ki, bu sahənin iqtisadi cəlbediciliyi yoxdur. Amma sizə bir misal gətirmək istəyirəm. Ötən əsrin ortalarında yaşamış Corc Orvelin bir fikri vardı ki, “Bir azdan kitab oxuyan qalmayacaq, ona görə qalmayacaq ki, faşist hakimiyyətləri imkan verməyəcəklər kitab oxuyan olsun, çünki onlara başıboş bir yığnaq lazımdır”. “Qanun” nəşriyyatının gördüyü ən böyük iş odur ki, sovet hakimiyyəti dövründə Azərbaycan dilinə tərcümə olunmamış kitabları bir neçə il ərzində çevirib oxuculara çatdırdı.

Səadət A.

- Belə fikirləşirsiniz ki, bu monopoliya yalnız ona yönəlib ki, tərcümə olunan ədəbiyyata nəzarət olunsun, eləmi?

Qalib B.

- Mən onların məqsədini aydın deyə bilmərəm, amma müşahidələrimdən gəldiyim nəticəni deyirəm. Nigar xanım və Şahbaz bəy də çox tez-tez səsləndirir ki, 18 faizlik ƏDV ləğv olunsun. Amma biz təxminən bir ildən sonra o ƏDV-nin ləğv olunmasını görə bilərik. Həmin bazar ələ keçirildikdən sonra, inhisara alındıqdan sonra ola bilər o 18 faizlik ƏDV ləğv olunsun.

Nigar K.

- Mən bununla tamamilə razıyam, ən böyük qorxum budur, bilirəm ki, ƏDV-nin ləğv olunması hansısa böyük bir qrupun xeyrinədir.

Səadət A.

- Nigar xanım, axı ƏDV ləğv olunsa siz də bu işdən qazanacaqsınız, axı siz də bu sahədə işləyirsiniz. Yoxsa düşünürsünüz ki, sizin mağazanız bağlanacaq o vaxta qədər? (ardı aşağıda)
Səadət Akifqızı
Səadət Akifqızı


Nigar K.

- Mən ƏDV-nin ləğv olunmasının tərəfindəyəm, amma başa düşürəm ki, ƏDV ləğv olunsa, bu hansısa bir qrupun maraqlarına xidmət edəcək.

Qalib B.

- Bilirsiniz, monopoliya o deməkdir ki, bazarda hamıya eyni oyun qaydaları ilə oynamağa imkan verilmir. Nigar xanımın rəqibi ondan daha üstün olacaq, ona daha geniş şərait yaradacaqlar, o zaman “Əli və Nino” kitab şəbəkəsi məcbur olub sıradan çıxa bilər.

Səadət A.

- Şahbaz Xuduoğlu bizim efirdə bildirdi ki, hər halda bu məbləğ heç də onların tamam dayanmasına gətirib çıxarmayacaq.

Nigar K.

- Bu mümkün deyil, inanmıram ki, “Qanun” nəşriyyatı o qədər sanksiyanı ödəyə bilər. Mən istəmirəm pafoslu səslənsin, amma əgər “Qanun” bağlansa, Azərbaycanın kitabı bağlanacaq. Bu qədər müddətdə, kitabları Azərbaycan oxucusuna kim tanıtdı, kim təbliğ elədi? Yalnız “Qanun” nəşriyyatı. “Qanun” nəşriyyatı olmasa, ümumiyyətlə Azərbaycanda heç bir kitab buraxılmayacaq. Bilirsiniz hansı kitablar buraxılacaq? Özünüz görürsünüz hansısa siyasi ideologiyaya uyğun olan, senzuradan keçən kitablar, ya da oxucuya maraqlı olmayan mənasız kitablar.

Baxın, vəziyyət belədir. Səhv etmirəmsə, Azərbaycanda 80-ə yaxın nəşriyyat var, bunlardan 5-6-sı daha böyükdür. Onların modern avadanlıqları var, amma bunlar dövlət tenderlərini udub işləyirlər, “Qanun” nəşriyyatı isə heç bir tenderdə iştirak etmir. Ona görə ki bu böyük nəşriyyatlara bazar maraqlı deyil. Bazara böyük nəşriyyat girişmir, tutaq ki, sən min nüsxəli kitab nəşr edirsən, ən yaxşı halda bu 1 ilə satılacaq. Bir kitabın satış qiyməti 5-6 manatdırsa, sənin dövriyyən elə bir ilə 5-6 min manatdır. Sən bundan maksimum 10 faizini qazanacaqsan. Bu bazar böyük nəşriyyata maraqlı deyil. Biz dəlilərə maraqlıdır. Yəni bu bazarda ancaq dəli bir adam yaşaya bilər.

Səadət A.

- İndi telefon xəttində “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyevdir. Arif bəy, bir vaxtlar qəzet çapı ilə bağlı, kağızla bağlı qiymətlər qalxdı, indi necə bilirsiniz bu məsələlər kitab nəşrinə, ədəbiyyata da keçə bilərmi? (ardı aşağıda)
Arif Əliyev
Arif Əliyev


Arif Əliyev

- Bu məsələlər ümumiyyətlə bizim həyatımıza keçib, son dövrlər görünür hakimiyyətdə müəyyən bir dairə formalaşıb ki, intellektual biznes sahələrinə maraq göstərirlər. Əvvəl medianı, ardınca dərshanələr və sonda nəşriyyat sistemini nəzarətə almağa çalışırlar. Düşünürəm ki, bu həmin sahələrdə nəzarəti ələ ala bilmək üçün həmin dairələrin planlarının bir mərhələsidir.

Səadət A.

- Sizin fikrinizcə, kitab bazarı o qədərmi görünür?

Arif Ə.

- İki məsələ var, əvvəla, kitab bazarı əlbəttə ki, olduqca cəlbedicidir. Biz yalnız bu günün ölçüləri ilə düşünməyək. Bu həm ideoloji cəhətdən çox mühüm, həm də biznes tərəfdən çox maraqlı sahədir və mən onun böyük gələcəyini görürəm. Hətta Azərbaycan bazarında da müəyyən irəliləyişlər var. Bu bazarda müəyyən şəraitləri dəyişməklə deməzdim sıçrayış, amma kifayət qədər böyük inkişaf əldə etmək mümkündür. Mən o fikirlə razıyam ki, indi həmin şəraiti yaratmaqla bazarın ələ keçirilməsi, bazarın monopollaşdırılması mərhələsi gedir. Əminəm ki, bu mərhələni bitirəndən sonra kitab satışı bazarında daha əlverişli şərtlər yaranacaq. Həm maliyyə şərtləri, həm oxu mədəniyyətini yaratmaq, oxu ehtirasını artırmaq üçün müəyyən proqramlar var, o proqramları da həyata keçirmək mümkündür. Mənə elə gəlir belə bir düşünülmüş hərəkətdir, kiminsə kimdənsə hayıf alması deyil.

Səadət A.

- Yəni fikrinizdən belə çıxır ki, bunun ardınca kitabın təbliğatı gələcək?

Arif Ə.

- Hər halda dedim ki, bu üsullar mövcuddur, amma bazarı istədiyin kitablarla doldursan, ona ideoloji nəzarəti 80-90 faiz əlindən saxlasan, niyə də bunu etməyəsən. Necə ki, mediada eynilə də burda ediləcək. Biz də vaxtilə deyirdik ki, bu qədər müxtəlif mediaya, fərqli KİV-lərə ideoloji nəzarət etmək mümkün deyil, amma təcrübə göstərdi ki, mümkündür. Əgər media kimi kifayət qədər güclü bir sahəni nəzarətə götürmək mümkün oldusa, kitab bazarı elə bir çətinlik yaratmayacaq.

Səadət A.

- İndi telefon xəttində “Hədəf” nəşrlər evinin rəhbəri Müşfiq Xandır. Müşfiq bəy, siz son vaxtlar kitab dükanın təqdimatını keçirirsiniz. Bir az danışardınız, bu bazar sizə cəlbedici görünürmü?

Müşfiq X.


- Kitab bazarının cari vəziyyəti hamımızın gözümüzün qabağındadır. Qaneedici vəziyyətə yaxınlaşır, amma normallaşmır. Bizim bazarda əsas əlaqə saxladığımız qonşu Rusiya, Türkiyə kitab bazarları ilə müqayisədə ciddi disbalans var, amma çalışanlar var, yəqin ki, yaxın 10 il ərzində yetəri səviyyəyə çata bilər.

Səadət A.

- Perspektivi necə görürsünüz, bu bazar gəlirli bir bazar olacaqmı?

Müşfiq X

- Bizim arzu və istəyimiz budur ki, ən azından, kitab bazarı gələcəkdə gəlirli sahəyə çevrilsin. İndinin özündə də geridə deyil, amma digər istehsalat sahələrinə, biznes sahələrinə baxanda ən az dəbdə olan sahədir kitab. Son beş ildə olan irəliləyişləri, artımları görürük, sevinirik ki, Azərbaycanda oxucular formalaşır, yazarlar formalaşır, keyfiyyət artır. Bu, müəlliflər və oxucular üçün böyük görünsə də, bizim üçün elə deyil, Azərbaycanda bir populyar müəllifin ki, kitabı min nüsxə satılırsa, bu, böyük rəqəm deyil, kiçik bir rəqəmdir. Bizim də əlimizdə başqa rıçaqlar yoxdur. Əlimizdən maksimum gələn budur. Nigar xanım da vurğuladığı üçün, kitab mağazalarını artırmaq lazımdır, xüsusilə əyalətlərdə, indi prioritet məsələ bu olmalıdır.

(Proqrama tam bax)
XS
SM
MD
LG