Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:32

Azərbaycan rəssamlarının əsərləri «Sotheby's»də hərraca çıxarılıb


«Sotheby's» Hərrac Evi
«Sotheby's» Hərrac Evi
-
Martın 27-dən Londondakı «Sotheby's» Hərrac Evində Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, «Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət» devizi altında keçirilən sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 59 əsəri nümayiş olunur.

Tədbirə «PASHA Bank» sponsorluq edir.

Dünyaca məşhur hərrac evində region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət sərgi artıq ikinci dəfədir ki, təqdim olunur.

Bu sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş etdirilir.

Sərgidə üç nəsil rəssamların --Tahir Salahov, Mirnadir Zeynalov, Aida Mahmudova, Tofiq Cavadov, Aydan Salahova, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Faiq Əhməd, Rəşad Ələkbərov və Rauf Məmmədovun portret janrında əsərləri yer alıb.

Xatırladaq ki, 2013-cü ilin martında «Sotheby's» Hərrac Evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil etmişdi.
Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən 50-dək əsər satışa çıxarılmışdı.

İkinci dəfə təşkil edilən sərginin əhatə dairəsi genişlənib, Türkiyə, İran və Əfqanıstan kimi ölkələrin rəssamlarının da iştirakı təmin olunub.

Sərgi aprelin 1-dək davam edəcək.

«Sotheby's» 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında birləşdirən dünyanın ilk beynəlxalq hərrac evidir.

Hazırda «Sotheby's» Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.
XS
SM
MD
LG