Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:47

QHT-lərə Milli Dəstək Şurası xaricdən qrant alanların işini asanlaşdırmaq istəyir [Video]


"QHT-lər hesablarından öz pullarını çıxara bilmir"
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

"QHT-lər hesablarından öz pullarını çıxara bilmir"

-
Azərbaycanın Qeyri-Hökumət Təşkilatları (QHT) 2013-cü ildə 1200 müqavilə üzrə 69 milyon manatlıq qrant alıb. – QHT-lərə Milli Dəstək Şurasının üzvü Əliməmməd Nuriyev AzadlıqRadiosuna belə deyib. Bu vəsaitin 23 milyon manatını xarici qurumlar ayırıb. Onun sözlərinə görə, qrant vəsaitləri, özəlliklə insan haqları, gənclərlə iş, maarifləndirmə, sosial-iqtisadi yönümlü layihələrə verilib:
«Azərbaycanda QHT-lərin layihələrini daha çox ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Demokratiyaya Dəstək Fondu (NED) və Avropa Komissiyası maliyyələşdirir».

QHT-LƏRİN MALİYYƏ PROBLEMİ HƏLLİNİ TAPACAQ?


Əliməmməd Nuriyev son günlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən layihələrin bank probleminə də toxunub. O, QHT-lərə Milli Dəstək Şurasının bu problemləri çözməyə çalışdığını və bununla bağlı Mərkəzi Banka müraciət etdiyini söyləyib:
«Buna ehtiyac fevralın 13-də «QHT-lər haqqında» Qanuna dəyişikliklərdən sonra yaranıb. Amma bir məsələyə diqqət çəkmək istəyirəm. Mərkəzi Bank bütün banklara məktub göndərib ki, qeydiyyata alınmaq barədə Ədliyyə Nazirliyindən arayış gətirməyən QHT-lərin hər hansı əməliyyat aparmasına imkan verməsin. Amma burada bir məsələni vurğulamağı unudublar ki, sözügedən tələb 16 fevral 2014-cü ildən sonrakı layihələrə aiddir. Biz bununla bağlı Mərkəzi Banka müraciət etdik. İndi məsələ həll olunmaq üzrədir».

QANUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRDƏN SONRA


Əliməmməd Nuriyev lüzumsuz arayış tələb edən bankların səlahiyyət hədlərini aşdığını bildirərək, bununla üzləşən QHT-ləri məhkəməyə üz tutmağa çağırıb. O, banklarda yaranan başqa bir problemə – hər dəfə vəsait köçürülərkən arayış istənməsinə də toxunub. Söhbət eyni layihəyə aid vəsaitin hissə-hissə köçürülməsindən və bankların hər dəfə ayrıca arayış tələb etməsindən gedir:
«Qanunda belə bir tələb yoxdur. Tələb layihənin qeydə alınmasına aiddir. Layihə bir dəfə qeydiyyata düşübsə, buna görə yenidən arayış tələb edilməsinə lüzum yoxdur. Biz digər bir məsələnin də həllinə çalışırıq. Bu, QHT layihələrinin ciddi problem yaradan notarial təsdiqi ilə bağlıdır. Axı xarici fondların maliyyələşdirdiyi layihələrlə bağlı işləmlər ancaq onlayn həyata keçirilir. Bu halda notarial təsdiq üçün xarici qrant verən təşkilatın orijinal möhürlü sənədini təqdim etmək qeyri-mümkündür. Biz bununla da bağlı məsələ qaldırmışıq. Ədliyyə Nazirliyi lazımi kömək ediləcəyini bildirib».

SON DƏYİŞİKLİYİN TƏLƏBLƏRİ

QHT-lər haqda qanuna bu il fevralın 13-də əlavə və dəyişikliklər edilib. Həmin dəyişikliklərdən sonra QHT-lərə Milli Dəstək Şurası yanında Hüquq və Monitorinq Komissiyası yaradılıb. Bu komissiyanın əsas məqsədi son dəyişiklərin təsirini öyrənmək və qarşıya çıxan problemlərin həllini ümumiləşdirib çıxış yolu tapmaqdır.

«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əlavədə qeyd edilir ki, birbaşa və dolayı yolla ianələrin qəbulu yolverilməzdir. Qanuna əlavə və dəyişiklikləri prezident İlham Əliyev fevralın 16-da təsdiqləyib.

Dəyişikliklərdən sonra 200 manatdan artıq ianə və qrant almaq qadağan edilir. Bundan çox məbləğdə ianə və qrantların qəbulu yalnız bank yolu ilə həyata keçirilməlidir. Əks halda, ianəni qəbul edənlər cərimələnəcəklər.

Dəyişikliklər fevralın 15-də parlamentdə qəbul edilmişdi.
XS
SM
MD
LG