Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:01

Erdoğan və İlham Əliyevdən «nurçular»ı soruşdular


Recep Tayyip Erdoğan və İlham Əliyev - 4 aprel 2014
Recep Tayyip Erdoğan və İlham Əliyev - 4 aprel 2014
-
Aprelin 4-də Türkiyənin baş naziri Recep Tayyip Erdoğan Bakıya gəlib. Bu, 30 mart bələdiyyə seçkilərində qələbəsindən sonra Erdoğan-ın ilk rəsmi səfəridir.

AzadlıqRadiosu səfərlə bağlı xəbərləri aşağıdakı mətndə xronoloji ardıcıllıqla yerləşdirir. Ən yeni məlumatlar mətnin yuxarı hissəsindədir

Gözlə

No media source currently available

0:00 0:17:32 0:00
Direct-ə keçid

19:00 - «BİZİM «NUR HƏRƏKATI» İLƏ BAĞLANTIMIZ YOXDUR»

Mətbuat konfransında R.T. Erdoğan və İ. Əliyevə Azərbaycandakı «Gülən məktəbləri»nin fəaliyyəti barədə də suallar verilib.

- «Cəmaat məktəbləri» kimi tanınan türk məktəblərinə dair tələbiniz oldumu?

Erdoğan: – Burda olmağımızın ən önəmli səbəbi hər seçkidən sonra ilk səfərimizin Azərbaycana olmasıdır. Təbii ki, ölkələrimizdə sıxıntılar varsa, bunları da aramızda müzakirə edirik.

- Ölkənizdəki türk məktəbləri haqda nə düşünürsünüz?

İlham Əliyev: – Biz müttəfiqik, qardaşıq. Geniş sahələrdə danışıqlar aparırıq. Münasibətlərimizə zərrə qədər zərər vuracaq addım atmırıq. Buna izn verməmişik, verməyəcəyik.

- AKP-nin «Nur hərəkatı» ilə əlaqəsi var?

Erdoğan: – Bizim elə bir bağlantımız yoxdur. Yalnız millətlə bağlantımız var. O üzdən səslərin 46 faizini aldıq.

18:40 - «HƏR SEÇKİDƏN SONRA BİRİNCİ AZƏRBAYCANA GƏLİRİK»
«Fikir verirsinizsə, Azərbaycanla Türkiyə arasında yuxarı səviyyədə səfərlər çoxalır. Bizim hər seçkidən sonra ilk səfərimiz Azərbaycanadır».

Bunu aprelin 4-də Bakıya rəsmi səfərə gələn Türkiyənin baş naziri Recep Tayyip Erdoğan deyib. O, daha sonra ikitərəfli əlaqələrdən söz açıb:
«Özəlliklə təbii qaz sahəsində atacağımız addımlar çox önəmlidir Nazirlərimiz həm enerji, həm də müdafiə sənayesi barədə danışıblar... Hər seçkidən sonra ilk səfər etdiyimiz ölkə Azərbaycandır. İkitərəfli münasibətimizi müzakirəyə çıxarırıq. Təbii ki, ölkələrimizdəki hər hansı sıxıntı varsa, onu da müzakirə edə bilərik».

Erdoğan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, bildirib ki, Qarabağ məsələsində bu günədək necə qərarlıydıqsa, indən belə də elə olacağıq.

15:04 - ERDOGAN BAKIDADIR

Türkiyənin baş naziri Receb Tayyip Erdoğan Bakıya gəlib.

Erdoğanı müavini Beşir Atalay, enerji və təbii ehtiyatlar naziri Taner və başqa şəxslər müşayiət edir.

14:25 - BİRGƏ YOL XƏRİTƏSİ HAZIRLANA BİLƏR

Türkiyədə prezident və parlament seçkilərindən sonra yeni seçilən prezident və baş nazir ilk səfərlərini adətən ya Şimali Kipr Türk Respublikasına, ya da Azərbaycana edirlər. 30 mart bələdiyyə seçkilərindən partiyası qalib çıxan Türkiyənin baş naziri Receb Tayyip Erdogan ilk səfərini Bakıya edir.

Səfər zamanı siyasi-iqtisadi, enerji əməkdaşlığı müzakirə olunacaq.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə diqqəti başqa məsələlərə də yönəldir. O, deyir ki, bölgədə baş verən son hadisələr bu səfərin əhəmiyyətini artırır:
Elxan Şahinoğlu
Elxan Şahinoğlu
“Rusiyanın Krımı işğal etməsindən sonra Rusiya digər istiqamətlərdə də təhlükəli siyasət aparır. Bu istiqamətlərdən biri də Cənubi Qafqazdır. Digər tərəfdən yaxın gələcəkdə Rusiyanın Türkiyədən asılılığı da arta bilər. Çünki Rusiya Qərb tərəfdən təcrid olunub. Gələcəkdə Avropa ölkələri Rusiya qazını az ala bilər. Rusiya qazını hansısa ölkələrə ixrac etməlidir. Bu ölkələrdən biri də Türkiyə ola bilər. Bundan başqa, Türkiyənin Krım tatarları üzərində nüfuzu var. Bu nüfuzdan da Rusiya istifadə etmək istəyir ki, Krım tatarları çox da radikal addımlar atmasın. Türkiyənin də Rusiyadan istəkləri ola bilər. Bu istəklərdən ən başlıcası Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir –Rusiya addımlar atsın ki, Qarabağ ətrafındakı torpaqlar boşalsın. Gərək bunun üçün Rusiya Ermənistana təzyiq etsin. Düşünürəm ki, Erdoganin Bakı səfərində Türkiyə-Azərbaycan ittifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində hansı addımlar ata biləcəyi məsələsi müzakirə olunacaq. Hətta mümkündür ki, birgə yol xəritəsi də hazırlansın”.

AZƏRBAYCANDAKI GULEN HƏRƏKATI

Türkiyənin baş naziri hakimiyyətinə təhlükə olan Gulen hərəkatının xaricdə də qarşısını alacağına dəfələrlə toxunub. Elxan Şahinoğlu da səfər zamanı bu məsələyə toxunulacağını ehtimal edir:
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00
Direct-ə keçid

“Seçkiqabağı çıxışlarında Erdogan Gulen hərəkatının Azərbaycanda da çirkli planlarının olduğunu söyləmişdi. Bu, Azərbaycan hakimiyyətinə bir növ mesaj idi ki, Gulen hərəkatının xaricdə ən güclü qolu olan Azərbaycandakı şəbəkəsini nəzarət altına alsın. Düşünürəm ki, səfər zamanı bu məsələ də bağlı qapılar arxasında müzakirə olunsun”.

HƏLLİNİ GÖZLƏYƏN VİZA MƏSƏLƏSİ

Türkiyə Azərbaycan arasındakı problemlərə gəldikdə, əsas problemin viza məsələsi olduğu vurğulanır. Ekspertin də fikrincə, viza məsələsi əlaqələrin tam yüksək səviyyəyə çıxmasına mane olur:

“Azərbaycan hakimiyyəti dəfələrlə vurğulayıb ki, guya bu texniki məsələdir, həll olunacaq. Amma aydındır ki, bunu texniki deyil, siyasi problemə çeviriblər. Çünki İranla da eyni məsələ var. İran da Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırıb. Eyni addımı Bakıdan gözləyir. Bakı Tehranla münasibətlərdə hələ ki, bu addımı ata bilmir. Azərbaycan rəsmiləri qeyri-rəsmi söhbətlərdə Türkiyə rəsmilərinə İranı misal çəkirlər ki, bəs, sizinlə viza məsələsini həll etsək, İran da eyni məsələni tələb edəcək. Düşünürəm ki, hər iki dövlətlə bu məsələni həll etmək olar. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyəti, dövlət başçısı İlham Əliyev İranın yeni prezidenti Həsən Ruhani ilə çox sıx münasibətlərə çalışır. Davosda görüşmüşdülər, indi İlham Əliyevin yaxın günlərdə Tehrana səfəri olacaq. Mümkündür ki, viza məsələsi Tehranda da müzakirə olunsun. Yaxşı məqam olardı ki, Erdoğanın Bakı səfərində bu məsələ həll olunsun. Yox, yenə də bu məsələ qalacaqsa, yenə də mətbuat konfransında deyəcəklərsə ki, bu texniki məsələdir, bu, Türkiyədə növbəti dəfə inamsızlıq yaradacaq. Əgər indi bölgədə vəziyyət gərgindirsə, Azərbaycanın həqiqətən Türkiyənin dəstəyinə, daha çox da hərbi dəstəyinə ehtiyacı varsa, bu məsələni qısa müddətdə həll etməlidir”.

12:30 - "SEÇKİLƏRDƏ SÜLH QƏLƏBƏ ÇALDI"

“Bələdiyyə seçkilərindən sonra Bakıya edəcəyim bu ilk rəsmi səfər həm rəmzi olaraq, həm də beynəlxalq əlaqələrimiz baxımından böyük əhəmiyyət daşıyır. 30 mart seçkilərində xalq bizə etibar etdiyi üçün səs verib, bu müzakirə oluna bilməz. Bələiyyə seçkisi olmasına baxmayaraq, bu seçki partiyamızı birinciliyə apardı”.

Bunu aprelin 4-də Türkiyənin baş naziri Receb Tayyip Erdogan Bakı səfəri ərəfəsində Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında deyib.

Erdogan bildirib ki, 30 mart seçkilərində təkcə rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) deyil, sülh qələbə çalıb. “Türkiyə tarixindən aldığı güclə daxildə və xaricdə demokratik hüququn müdafiəsini davam etdirəcək”.

Türkiyənin baş naziri deyib ki, “bunu xüsusi ilə vurğulamaq istəyirəm ki, Türkiyə Azərbaycan münasibətləri nümunə olacaq bir səviyyədədir. Mükəmməl səviyyədə olan ikitərəfli münasibətlərdən başqa Cənubi Qafqaz miqyasında da uğurlu layihələrimiz var. Bölgədə sülhün təmini istiqamətindəki işlərdə fəal şəkildə payımız var. Səfərim vaxtı İlham Əliyev ilə keçirəcəyim görüşdə Azərbaycanın ərazi bütövlüyü ilə həyata keçirilən işlərlə bağlı da müzakirələrimiz olacaq”.

11:10 - ERDOGAN BAKIYA GƏLİR

Aprelin 4-də Türkiyənin baş naziri Receb Tayyip Erdogan Bakıya gəlir.

Türkiyə Baş Nazirliyinin açıqlamasında bildirilir ki, bir günlük səfər zamanı Erdogan prezident İlham Əliyevlə görüşəcək. Türkiyə-Azərbaycan arasında ikitərəfli əlaqələrlə yanaşı iki ölkənin maraq dairəsində olan beynəlxalq və regional məsələlər də müzakirə olunacaq.

Türkiyə Baş Nazirliyinin açıqlamasında deyilir ki, “Erdoganın səfəri gücünü tarixi və insani bağlardan alan, iki ölkə xalqlarının ortaq mənafeləri ilə bağlı hər sahədə sürətli inkişaf etməkdə olan əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
XS
SM
MD
LG