Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:00

İranda Türk lüğəti çap edilir - Müsahibə


Həsən Cavadi
Həsən Cavadi
-

"Səyyahlardan biri yazır ki, türkcəni bilməsən, İsfahanda, Səfəvi sarayında işin çətin olar. Çox mühüm idi bu dil. Sarayda həm türk, həm də fars dilini bilmək mühüm idi".


Bir aya Tehranda "Lüğət-e Nəsiri" çap olunacaq. 17-ci əsrdə yazılan və Azərbaycan türkcəsini də əhatə edən lüğəti çapa tanınmış alim, Dr. Həsən Cavadi öz həmkarları ilə birgə hazırlayıb. Amerikada yaşayan, əslən İran Azərbaycanından olan alimin Azadlıq Radiosuna müsahibəsi.


- Nəsirinin lüğəti 17-ci əsrin ikinci yarısında yazılıb. Şah Sülеyman Səfəvi zamanında. Lüğət 5 hissədən ibarətdir. Türkcə sözlər farsca izah edilir. İlk bölüm o zaman ən geniş yayılan türkcəni - cığatay türkcəsini əhatə edir. Sözlərin mənası verilərkən Əlişir Nəvainin şeirlərindən nümunələr gətirilir. Bundan başqa kitabda Rumi, yəni İstanbul türkcəsi, Qızılbaş, yəni Azərbaycan türkcəsi, eləcə də tatar və kalmık türkcələri də əhatə edilir.

- O zaman Azərbaycan dili Qızılbaş dilimi adlanırdı?

- Bəli, o zaman Azəri termini yox idi. Türkcələr fərqləndiriləndə adı Qızılbaş türkcəsi kimi verilib. Sonralar isə adına tatar dili, ondan sonra isə Azəri dili deyilib. Nəsirinin lüğəti yazılanda Rumi türkcəsi ilə Azəri türkcəsi bir-birindən ayrılmaqda idi. Əslində bu proses qaraqoyunlular, ağqoyunlular dövründə başlanmışdı. Lüğət həm o zaman türk dilləri üçün ortaq olan sözlər haqda bilgi verir, həm də fərqli sözlər. Amma o zaman bu kitab əsasən farslar üçün nəzərdə tutulmuşdu. Məsələn, ağappaq sözü verilir, qabağında yazılır sepid-e sepid... Kitabın müqəddiməsi də farscadır. Lüğəti Məhəmməd Nəsiri başlayır, 20 il üzərində işləyib tamamlayır, sonra da oğlu Əbdülcəmil təkmilləşdirir. Müəllif kimi ikisinin də adı gedir.

- Bu kitab o dövrdə türk dilinin Səfəvi dövlətində nə dərəcədə mühüm olduğuna sübut sayıla bilərmi?
Şah Abbas sarayında məclis
Şah Abbas sarayında məclis

- Biz Nəsirinin lüğətinə yazdığımız müqəddimədə bu barədə ətraflı bilgi vermişik. Səfəvi dövlətində türk dili çox mühüm idi. Sarayda rəsmi dil kimi idi. Məsələn, belə bir fakt var ki, Şah Abbasın sarayına bir italyan səyyah gəlibmiş, türkcə bilirmiş, amma o zaman Səfəvi sarayında heç də hamı türkcə bilmirdi. Şah Abbas özü həmin səyyahla əyanları arasında tərcüman olubmuş. Lüğətə ehtiyac həm də ona görə vardı ki, o zaman müxtəlif türk tayfaları ilə yazışmalar türkcə aparılırdı. Elçilər saraya gəlib-gedirdilər, onlarla ünsiyyət türkcə idi. Sankt-Peterburq muzeyində isə 50-cən məktub var ki, Səfəvilərlə kalmık tayfaları arasında yazışmaları əks etdirir.

- Belə iddialar da var ki, o zaman Səfəvi sarayında fars dili hakim idi, türkcə yox...


- Biz səyahətnamələrdən və başqa mənbələrdən yaxşı bilirik ki, saray dili elə türk dili imiş. Yəni əksərən Azərbaycan türkcəsi olaraq. Səyyahlardan biri yazır ki, türkcəni bilməsən, İsfahanda sarayda işin çətin olar. Çox mühüm idi bu dil. Sarayda həm türk, həm də fars dilini bilmək mühüm idi. Yazı dili isə əsasən fars dili idi. Amma məncə, buna millətçilik baxımından yanaşmaq doğru deyil. O zaman bu mənim-o sənin söhbəti yox idi. Dil canlı bir orqanizmdir. Məsələn, bir zamanlar Təbrizdə türk az imiş, amma sonra çoxluq təşkil ediblər və daha çox türkcə danışılıb. Şirazda türk çox imiş, amma sonradan sayları azalıb. Belə yanaşmaq olmaz ki, bu, şanlı dildi, o biri dil isə şansız...

- Amma Şah İsmayılın türkcə də fərmanları olub...

- Olub. Amma çoxu farscadır.

- Həsən bəy, bildiyimizə görə, siz artıq növbəti araşdırma obyektini də seçmisiniz. Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəng-e türki" lüğətini.

- Bəli, Nəsiri lüğəti üzərində iş zamanı mənə kömək etmiş professor Mustafa Kaçalin bu ideyanı verdi. Dedi ki, Həsən bəy, Hindistanın Heydərabad şəhərində belə bir lüğət var. Siz ki ora tez-tez gedirsiniz (Oğlim Mumbayda yaşayır), o lüğəti də araşdıra bilərsiniz. Mən də gedib o lüğəti tapdım. M.Qaraqoyunlu əslən Həmədandan olub, amma sonradan Hindistana köçüb. Lüğəti də orda yazıb. Çox böyük bir əsərdir. 1119 səhifədən ibarətdir. Yazılma zamanı hicri tarixi ilə 1137-ci il, miladi tarixi ilə 1727-ci ildir.
Həsən Cavadi
Həsən Cavadi

Əslində bu lüğəti ilk tapan alim Vaqif Aslanov olub, əsər 2006-cı ildə Bakıda faksimile formasında çap edilib.

Amma bunu istifadə üçün o qədər də yararlı saymaq olmaz. Çünki faksimilenin bəzi yerləri yaxşı oxunmur. Bu da surəti çıxarılan nüsxənin özünün xəttinin yaxşı olmamasından irəli gəlir. Bu həm də Vaqif Aslanovun lüğətdə bəzi yerləri düzgün oxuya bilməməsi ilə nəticələnib. Bu da onun lüğət haqda müqəddiməsində hiss olunur. Mən Heydərabadda olarkən həmin lüğətin ayrı bir nüsxəsini də tapdım ki, onun xətti daha aydın, daha təmizdir. Belə görünür ki, Vaqif Aslanov bu nüsxəni görməyib. İndi biz çalışırıq ki, həmin nüsxənin surətini əldə edək. Məhz həmin nüsxə üzərində işləyəcəyik. Nəsirinin lüğəti kimi burada da türk sözləri farsca izah edilir.

- Asandırmı əlyazmanın surətini əldə etmək?

- Əslində bunun elə bir xərci yoxdur. Amma əcaib bir şey var. Bizə dedilər ki, Hindistan qanunlarına görə, siz kitabın yalnız 40 faizinin surətini ala bilərsiniz. O biri 40 faizini də gərək ayrı bir adam alsın. Açığı, bu qanunun məntiqini anlamadım. Amma çalışıb nüsxəni tam şəkildə əldə edəcəyik.

- İstər Nəsiri olsun. istərsə də Qaraqoyunlu, lüğətçi kimi peşəkarlıqları hansı səviyyədədir?

- Hələ ki Qaraqoyunlunun lüğəti üzərində o qədər işləməmişəm ki, onun səviyyəsi haqda söz deyim. O ki qaldı Nəsirinin lüğətinə, hiss olunur ki, kitaba çox zəhmət çəkilib, üzərində çox işlənilib. Onu da deyim ki, ən yaxşı cığatay lüğəti "Səngilax" sayılır. Onu Nadir şahın münşisi Məhəmməd Mehdi xan Astarabadi yazıb. Nəsirinin lüğətindən sonra yazılıb. Kitab kimi də çap olunub. Orada, kitabın redaktorunun yazdığına görə, Nəsirinin lüğətinə istinadlar var. deyilir ki, Nəsiri 3 yerdə səhv edib. Yəni Astarabadi Nəsirinin lüğətini oxuyub və bir mötəbər mənbə kimi ona istinad edib. Necə ki alimlər indi bir-birinin əsərini oxuyub istinad edirlər, səhvini düzəltməyə çalışırlar.

Nəsiri peşəkardır, həvəskar deyil. Bu lüğətlərin oxşar cəhəti odur ki, əlifba sırası ikinci hərflədir. Qədimdə belə idi. Nəsirinin lüğətinin fərqi odur ki, o yalnız türkcə olan sözləri yox, türk dilində yer alan fars sözlərini də verir. Məsələn. abdəst. Orada elə sözlər var ki, vaxtilə istifadə edilmiş, amma istifadədən çıxmış əşyalar barədə məlumat verir. Məsələn, adam balıq yeyəndə boğazında tikan sancılıb qalarsa, onu çıxarmaq üçün hansı əşya istifadə edilir. Yaxud yazılır ki, müsəlmanlığı qəbul etməyən vaxtlarda özbəklər, ya türkmənlər 30 cam şərab içəndən sonra birini yerə tökərmişlər. Bu, ölülərin payıdır deyə... Bu lüğət o zamankı ənənələr haqda da məlumat verir.

- Nəsirinin lüğətini Azərbaycanda da çap etmək mümkündürmü?

- Əlbəttə. Azərbaycanda kimsə bu lüğəti latın əlifbasına çevirib çap edə bilər.
XS
SM
MD
LG