Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:24

ABŞ Helsinki Komissiyası Azərbaycanda vətəndaş cəmiyyətinə hücumu pisləyir


ABŞ Helsinki Komissiyasının sədri senator Ben Cardin
ABŞ Helsinki Komissiyasının sədri senator Ben Cardin
-

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (ABŞ Helsinki Komissiyası) 8 NİDA-çı gəncin məhkum edilməsi, aparıcı jurnalist və insan haqları fəallarının həbsi ilə bağlı Azərbaycan hökumətini qanunun aliliyinə və insan haqlarına dair öhdəliklərinə hörmət etməyə çağırıb.

ABŞ Helsinki Komissiyasının sədri senator Ben Cardin NİDA fəallarının məhkəməsi ilə bağlı deyib:

«Bu gənclərə qarşı bütün hüquqi proses heç də təkcə hökumətin mövqeyindəki məntiqsizliklə deyil, həm də bu həbslərin və bunun ardınca irəli sürülmüş ittihamların siyasi motivli olduğuna və hökumət tənqidçilərinin susdurulmasına yönəlməsi ilə bağlı inandırıcı iddiaların olması ilə narahatlıq yaradır. Mən bu uzunmüddətli azadlıqdan məhrumetmə hökmlərindən və aclıq elan etmiş gənclərin səhhətindən və durumundan son dərəcə narahatam».

Ben Cardin Azərbaycan hökumətini istintaqa yenidən baxmağa və bu işdə qanunun aliliyinin və ədalətin təmin edilməsinə çağırıb.

RAUF MİRQƏDİROV VƏ YUNUSLAR BARƏDƏ
Chris Smith
Chris Smith
ABŞ Helsinki Komissiyasının həmsədri, konqresmen Chris Smith Ermənistanın xeyrinə casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirovun həbsindən, habelə Leyla Yunus və onun əri Arif Yunusun tutulub saxlanmasından və onlar barəsində aparılan təhqiqatdan narahatlığını ifadə edib:

«Bu həbslər hökumət tənqidçiləri barəsində çıxarılan bir neçə ittiham qərarlarının ardınca həyata keçirilir. Bu, çox narahatedici meyldir. Mən Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının üzvü olan Azərbaycanı bu işə səkkiz fəalın azadlığa buraxılması perspektivinə yenidən baxmağa və bir daha qanunun aliliyinə sədaqət göstərməyə çağırıram. ATƏT özünün təməl ideyasının – «insan haqlarına ehtiramın sabitlik və təhlükəsizliyi artırdığının» həqiqiliyini dəfələrlə nümayiş etdirib» –konqresmen belə deyib.

İTTİHAMLAR QONDARMADIR

Sözü gedən gənclər – Şahin Novruzlu, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı və İlkin Rüstəmzadə qanunsuz silah və narkotik maddə saxlamaq ittihamı ilə 6 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.

ABŞ Helsinki Komissiyasının bəyanatı bu ittihamların fəalların qorxudulması və susdurulması məqsədilə qondarıldığına geniş inam olduğunu xatırladır.

Səkkiz fəal məhkəməyədək bir il müddətində həbsdə olublar və onlara qarşı ittihamlara etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Bəyanatda qeyd olunur ki, Rauf Mirqədirov mötəbər jurnalist sayılır və Azərbaycan hökuməti də daxil olmaqla, çox sayda hökumətlər barədə tənqidi yazıların müəllifidir.
Leyla Yunus Sülh və Demokratiya İnstitutunun yaradıcısı və direktoru və Ermənistanla «xalq diplomatiyası»nı təbliğ edən insan haqları müdafiəçisidir.

AMNESTY: AZƏRBAYCAN ÖZ KONSTİTUSİYASINA VƏ ÖHDƏLİKLƏRİNƏ HÖRMƏT ETMİR
NİDA-çı gənclər
NİDA-çı gənclər
Bu arada Amnesty İnternational beynəlxalq insan haqları təşkilatı da diqqəti Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsinin bu ölkənin mayın 14-də Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə hazırlaşması ərəfəsinə təsadüf etdiyinə çəkir.

Təşkilatın Avropa və Mərkəzi Asiya Proqramının direktor müavini Denis Krivosheev deyib ki, gənclər barəsində çıxarılmış hökmlər Azərbaycanın təməl azadlıqlarına və insan haqlarına hörmətdən davamlı olaraq imtina edilməsini bir daha nümayiş etdirib.
Cənab Krivosheev əlavə edib ki, konstitusiyası və Avropa Şurasına üzvlüyü ilə təməl insan haqlarına ehtiram öhdəliyi olsa da, Azərbaycan öz qanunvericiliyi, siyasəti və hərəkətləri ilə bu öhdəliklərə əməl etmədiyini nümayiş etdirir.

19 VİCDAN MƏHBUSU

Amnesty İnternational təşkilatının bəyanatında deyilir ki, Azərbaycanda hazırda, sadəcə olaraq öz baxışlarını ifadə etdiyinə görə dəmir barmaqlıqlar arxasında 19 vicdan məhbusu var.

Bəyanatda deyilir ki, vicdan məhbuslarının azad edilməsi çağırışlarına Azərbaycan onların sayını artırmaqla cavab verir.

Amnesty Avropa Şurasını, onun Parlament Assambleyasını, baş katibi və Nazirlər Komitəsini Azərbaycana münasibətdə daha tələbkar olmağa çağırır.

Bəyanatda bu da qeyd olunur ki, təşkilat Nazirlər Komitəsinin sədrliyinin ötürülməsi mərasiminin keçirildiyi binanın qarşısında etiraz aksiyası keçirəcək.
XS
SM
MD
LG