Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:19

Rəbiqə Nazimqızı: "Bu, gülüş doğurur"


-

"Bəzən tərcüməçi, xüsusilə də yazıçı, yaxud şair olan tərcüməçi eqosunu üstələyə bilməyib mətnə öz baxışlarını köçürür və orijinaldan fərqli fikirlər əlavə edir. Bununla müəllifdən daha güclü olduğunu göstərmək istəyir".


Şair, tərcüməçi, jurnalist Rəbiqə Nazimqızı ilə söhbət


- Rəbiqə xanım, neçə müddətdir tərcümə ilə məşğulsuz?

- İlk tərcüməmi 9-10-cu sinifdə oxuyanda etmişəm. Rus şairi Aleksandr Mejirovun kitabından bir şeir idi. Təbii ki tərcümə o qədər də uğurlu alınmamışdı. Çünki mən mahiyyətini saxlasam da, formanı saxlaya bilməmişdim, heca vəznində olan şeiri sərbəst vəzndə tərcümə etmişdim. Poetiklik yerində olsa da, forma yerində deyildi. Çox sonralar başa düşdüm ki bu şəkildə tərcümə hətta məqbul olsa belə, dəqiq və gözəl görünmür.

Həvəskar şəkildə tərcümələr etmişəm. Bunların arasında şeir tərcüməsi, hekayə, bəyəndiyim yazıların tərcüməsi olub. Amma şeir tərcüməsindən çox zaman qaçıram. Üst-üstə toplasaq bəlkə 5-6 şeir tərcümə etmişəm. Bununla belə iki şeir tərcüməmin rus şeir antalogiyasına daxil olmasını uğurlu saymaq olar. Daha çox publisistik, hekayə, esse tərcüməsini xoşlayıram.

Təxminən 7 ildir təcümə ilə məşğul oluram. Saytlarda tərcüməçi kimi işləyəndə paralel olaraq ədəbi tərcümələr də etmişəm. Rus dilindən Azərbaycan dilinə tərcümələr edirəm. Türk dili vərdişlərim o qədər də qənaətbəxş deyil. Həm də türk dili bizim dilə yaxın olduğu üçün çox ehtiyat edirəm. Yazı dilimə təsir edə bilər deyə bu tərcümə ilə məşğul olmaq istəmirəm.

Sonuncu tərcüməm Strindberqin "Tənha" əsərdir. Bu, dünyanın 100 ən yaxşı əsəri siyahısına daxil olmuş əsərdir. Tərcümə prosesi mənim özüm üçün də maraqlı idi.

- Əslində tərcüməçi kimdir və tərcümə işi necə aparılmalıdır?

- Tərcüməçi bir vasitəçidir, müəllifin oxucuya dediyini ötürməlidir.Tərcümədə yaradıcı yanaşma ola bilər, amma bu, müəllifin yazdıqlarını üstələməməlidir. Bəzən tərcüməçi, xüsusilə də yazıçı, yaxud şair olan tərcüməçi eqosunu üstələyə bilməyib mətnə öz baxışlarını köçürür və orijinaldan fərqli fikirlər əlavə edir. Bununla müəllifdən daha güclü olduğunu göstərmək istəyir. Bu, gülüş doğurur. Yazmaq istəyən ayrıca əsər yazmalıdır, orijinal əsərin mətnində dəyişiklik etmək düzgün deyil. Eqonu tərcümənin üzərində reallaşdırmaq lazım deyil.

- İndiki bədii tərcümələrin vəziyyətini necə qiymətləndirirsiz?

- Tərcümədə iki məqam var, bir tərcümə etdiyin dili bilməlisən, bir də tərcümə edilən dili. Əgər əsər ruscadan Azərbaycan dilinə tərcümə edilirsə, burda artıq Azərbaycan dilini daha yaxşı bilmək vacibdir. Çünki rus dilini anlaya bilərsən, amma cümlənin quruluşunu olduğu kimi vermək olmaz. Bunun üçün Azərbaycan dilinin incəliklərinə bələd olmalısan.

İndi tərcümələr ya rus, ya türk dilindən aparılır. Amma yaxşı olar ki, əsər orijinalın dilindən çevrilsin.

Hər hansı əcnəbi dili bilənlər eyni zamanda Azərbaycan dilini peşəkar səviyyədə bilməldir. Bizdə mütəxəssis çatışmazlığı var. Azərbaycan dilini yaxşı bilən azdır. Redaktor məcbur olur ki, cümlələri düzgün formaya salsın. Bu da xeyli zaman alır.

Tərcümə işlərinə gəlincə, iki il əvvəllə müqayisədə indiki vəziyyəti daha yaxşıdır. Əvvəllər tərcümələr peşəkar səviyyədə aparılmırdı, naşirlər ucuz qiymətə tərcümələri alır və bazara kitab çıxarmaq üçün bu tərcümələrdən istifadə edirdilər. İndi rəqabət üzə çıxır deyə vəziyyət düzəlmək üzrədir. Düşünürəm ki, tərcüməçilərə yaxşı qonorar verildikcə tərcümələrin kefiyyəti daha da artacaq.

- Bədii tərcümə ilə məşğul olan kimlərin işini uğurlu hesab edirsiz?

İndi rus dilindən dilimizə az tərcümələr olur. İngiliscədən tərcümələr üstünlük təşkil edir. Kifayət Haqverdiyeva, Nihalə Abdullanın adını qeyd edə bilərəm. İngilis dili ilə yanaşı Azərbaycan dilini də gözəl bilirlər. Tərcümələrində demək olar ki,redaktəyə ehtiyac olmur.

- Tərcümə işi necə qurulmalıdır, sizcə, əvvəlcə müəyyən tərcümə mərkəzində yoxlanmalıdır ya birbaşa naşirlərlə aparılmalıdır bu iş?

- Yaradıcı insan üçün, əlbəttə, birbaşa naşirlərlə işləmək daha asandır. Amma bu iş üçün tərcümə institutları olmalıdır, tərcümə məsələləri tənzimlənməlidir. Nəzarət sistemli şəkildə aparılmalıdır. Bu, senzura sayılmır. Sadəcə, araşdırılmalıdır ki, hansı əsərlərin tərcüməsinə tələbat var.

- Oxucular bəzi tərcümələrin qəliz olduğunu deyir. Ona görə əsərin orijinaldan oxunmasına üstünlük verirlər. Bu, ümumiyyətlə, əsərin qəlizliyindən, ya tərcüm edilən dilin söz ehtiyatının qıtlığından irəli gəlir?

- Bu, qeyri-peşəkar tərcümədən qaynaqlanır. Dünyada pis dil yoxdur, Azərbaycan dilinin öz incəlikləri var. Doğrudur, bəzən dilimizə elə tərcümələr edirlər ki, onu anlamaq çətin olur. Amma bu o demək deyil ki söz ehtiyatımız yoxdur. Tərcüməçi işində çətinlik çəkirsə, bu, mətnin qəlizliyindən, dilin zəifliyindən irəli gəlmir. Bu həmin tərcüməçinin tərcümə etdiyi dili yaxşı bilməməyindən qaynaqlanır. Tərcüməyə gəlməyən mətn yoxdur, sadəcə, zəif və yaxşı tərcümələr var. Azərbaycan dili lakonik dildir, fikirləri çox asanlıqla ifadə edə bilirsən. Dilimiz fikri tam çatdıra biləcək qədər zəngindir.
XS
SM
MD
LG