Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:00

Ukraynada çeçen, osetin, tacik yaraqlılar - Mətbuat icmalı


-
- İran prezidenti deyir ki, insanları zorla cənnətə aparmaq olmaz.
- Poroshenko ümidləri doğrultmasa, Maydan onu Yanukovichin ardınca göndərə bilər

Bu və digər xəbərlər Qərb mətbuatının icmalında


ZUCKERBERGİ MƏHKƏMƏYƏ!

İranda 8 Facebook istifadəçisi 20 ilədək həbsə məhkum olunub, Facebookun yaradıcısı Mark Zuckerbergə qarşı məhkəmə iddiası qaldırılıb ki, Facebookun sosial media proqramları insanların özəl həyatına müdaxilə edir və Zuckerberg məhkəmədə gəlib, cavab versin.

New York Times yazır ki, İran ədliyyəsinin qərarı Zuckerbergi məhkəməyə gətirtmək gücündə deyil, İranla ABŞ arasında müvafiq saziş də yoxdur, ancaq bütün bunlar məhkəmələri və polisi əlində saxlayan mühafizəkarların prezident Rouhaniyə hücuma keçdiyini göstərir. Çünki Rouhani cəmi 2 həftə qabaq iranlılara daha çox İnternet azadlığı verməyə çağırırdı.

ZORLA CƏNNƏTƏ APARMAQ OLMAZ!

Times qəzeti yazır ki, İran prezidenti Rouhani “Happy” videosunda rəqs edən gənclərin həbsi ilə bağlı üzünü İran rəsmilərinə tutaraq deyib ki, “insanlara imkan verin, cənnətə öz yollarını seçsinlər. Siz onları zorla cənnətə apara bilməzsiniz”.

İranın şəhər gənclərinin fikrincə, Pharrel Wiliamsın “Happy” mahnısına rəqs edən 6 gəncin həbsindən sonra İran prezidenti gənclərin tərəfini tutub.

İran polisi isə bu həbslə belə videoların qabağını alacağını düşünürsə, yanılır. Son bir həftədə “Happy” mahnısına meşədə, yolda, meydanda rəqs edən yeni-yeni gənclərin yeni videoları sosial şəbəkələrdə dalbadal çıxır.

VURUŞAN XARİCİLƏR

New York Times qəzeti yazır ki, Ukraynada xarici döyüşçülərin vuruşması haqda şayiələr bir-birindən qəribə səslənir. Bəziləri deyir ki, Ukraynada Amerikanın yarım-hərbi şirkəti Blackwaterin döyüşçüləri var. Digərləri Rusiyanın xüsusi xidmətlərinin əsgərlərinin, hətta çeçen döyüşçülərin Ukraynada vuruşduğunu deyir.

Bunlardan birinə aydınlıq axır ki, gəldi. Donetsk xəstəxanasının qabağında əlində avtomat silah olan çeçenlər xəstəxanada olan yaralı yoldaşlıarının keçiyini çəkirlər.

Qəzet yazır ki, rus dilində güclü aksentlə danışan yaraqlı deyir: “Biz öz qardaşlarımıza yardım etmək dəvətini aldıq”. Çeçen yaraqlısı deyir ki, o, Qroznıdandır və 1999-cu ildə Çeçen müharibəsində vuruşub. Ukraynaya keçən həftə gəlib. Onunla birlikdə onlarla çeçen yaraqlısı gəlib.

Xarici yaraqlıların olmasının rəsmi təsdiqi isə Donetsk meri Lukyanchenkodan gəldi. O deyib ki, şəhər xəstəxansına yerləşdirilən yaraqlılardan 8-də Rusiya pasportu var. Onlar Moskvadan və Çeçenistanın Qroznı və Qudermes şəhərlərindəndir.

Bu xəbərdən sonra Çeçenistan prezidenti Kadırov bu yaraqlılarla hər hansı bir əlaqənin olmasını inkar etdi.

Bəs başqa haralardan yaraqlılar var?

Qəzet yazır ki, Slavyansk şəhərinin 26 yaşlı sakini Yevgeni Matveychuk 2 xarici yaraqlı ilə söhbət etdiyini bildirir. Onlardan biri Şimali Osetiyadan, digəri Tacikistandan idi. Matveychuk deyir ki, onlar bura Rusiyadan gəldiklərini deyirdilər.

OLİQARXLARIN ÇOXUNDAN YAXŞI OLİQARX

Foreign Policy məcmuəsi yazır ki, Poroshenko seçkiləri uddu, bəs xalqın sevgisini qazana biləcəkmi?

İnformasya texnologiyaları üzrə mütəxəssis olan bir qrup kiyevli gənc deyir ki, “Yanukovich dövründə biz illərlə geri getdik, indi Poroshenko dövründə illərlə qabağa getmək istəyirik”.

Poroshenko bunu edə biləcəkmi? Foreign policy yazır ki, Poroshenko mürəkkəb fiqurdur. O, sərvətini SSRi dağılandan sonra keçmiş SSRİ məkanını bürüyən quldurluq illərində qazanıb. Ona görə onun biznes keçmişi ilə bağlı suallar var.

O, Ukraynanın ən böyük şirniyyat şirkəti olan Rosheni yaradıb, Ukraynanın ən populyar xəbər televiziyası olan 5 Kanal TV-nin sahibidir.

Ancaq Ukraynanın oliqarx standartları ilə götürəndə o, çox da varlı deyil. Onun var-dövlətini Forbes jurnalı 1,6 milyard dollar qiymətləndirir, müqayisə üçün, Ukryanın ən varlı adamı olan Rinat Akhmetovun sərvəti 12,5 milyard dollardır.

Poroshenko şübhəsiz, sistemin bir halqasıdır. Buna görə onun real dəyişiklik edə biləcəyinə skeptizm var.

Kiyev ziyalılarının ümumi əhvalı belədir ki, Ukraynada son 20 ildə xəstəliyə çevrilən korrupsiyanı və bürokratiyanı və bunlara söykənən siyasi sistemi bunun içindən çıxan adam dəyişə bilməz.

Ancaq seçki günü səsverməni çəkən Bohdan adlı jurnalist Poroshenko barədə Foreign Policy-yə deyib: ”O , oliqarxdır və oliqarxlar ölkənin düşdüyü vəziyyətin səbəbkarlarıdır. Ancaq Poroshenko o oliqarxların çoxundan yaxşıdır”.

Foreign Policy yazır ki, Poroshenko Maydan inqilabçılarının da ümidlərini doğrultmalıdır. May ayının əvvəllərində Kiyevdə hələ də meydanda yaşayan nümayişçilərin Maydan Şurası qərar verdi ki, onlar sentyabr ayına kimi Maydandan dağılmayacaqlar.

Onlardan biri - Oleksandr deyir ki, “baxaq, görək, Poroshenko nə edəcək. Əgər o, yaxşı olmasa, o, Yanukovichin ardınca gedəcək. Buna əmin ola bilərsiniz”.
XS
SM
MD
LG