Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:23

«Forum 18» Azərbaycanda Ləzgi Məscidinə təzyiqlərdən yazır


məsciddə ibadət
məsciddə ibadət
-
Dini hüquqlar üzrə ixtisaslaşmış Forum 18 təşkilatı Azərbaycanda sünni məscidlərində ibadətə məhdudiyyət qoyulmasına dair yazı dərc edib.

POLİS KORDONU

Müəllif Felix Corley yazır ki, İçərişəhərdəki Ləzgi məscidi ətrafında hər cümə günü axşam müsəlmanların ibadətini əngəlləmək üçün polis kordonu qurulur. Səbail Rayon Polis İdarəsindən Kamal Vəlişov mayın 27-də Forum 18-in telefon zənginə belə cavab verib: «Daxili İşlər Nazirliyi ilə danışın». Mayın 28-i bayram olduğundan Forum 18 Daxili İşlər Nazirliyindən münasibət ala bilməyib.

Məscidin imamı Faiq Mustafa Forum 18-ə bildirib ki, hər axşam saat 8-də məscidin bağlanması onların saat 9 və 11 ibadətlərinin qarşısını alır.

«Bununla barışa bilmərik. Allah bizə dua etməyi buyurub», məscidin başqa bir üzvü belə söyləyib.

​Dindarların sözlərinə görə, polis onlara azanı səsgücləndirici ilə verməməyi tapşırıb. İmam Mustafa: «Ancaq bu, bizim yolumuzun ayrılmaz hissəsidir. Polisə dedik ki, bu məsələnin ona dəxli yoxdur». Polis əmrlərinə əməl olunmayacağı halda, məscidi bağlamaqla hədələyib.

İBADƏTƏ GƏLƏNLƏRİN SAYI 150-YƏ DÜŞÜB

Müəllif bildirir ki, mayın 2-dən başlayaraq, xeyli sayda polis maşını və əməkdaşı səhər 10-dan Ləzgi məscidi ətrafında kordon qurub. Onlar namaz bitənədək məscid ətrafında qalır və sonra da dindarları tələsik dağılmağa məcbur edirlər.

İmam Mustafa deyib ki, əvvəllər cümə ibadətinə 600-dək dindar gəlirdisə, indi onların sayı 150-yə düşüb. Məscid ətrafında heç kəsin ibadətinə icazə verilmir.

Forum 18 bildirir ki, Ləzgi Məscidi Bakıda açıq olan iki sünni məscidindən biridir. Əbu Bəkr və Türk məscidi kimi tanınan Şəhidlər Məscidi 2008-ci ildən bəri müxtəlif bəhanələrlə bağlanıb. Gəncədəki yeganə sünni məscidi 2009-cu ildə bağlanıb.

MÜŞFİQABAD MƏSCİDİ YENİ NƏZARƏTƏ VERİLİB

Müşfiqabaddakı sünni məscidi çoxdandır dövlət təzyiqinə məruz qalır və bu ilin əvvəlində yeni nəzarətə verilib.

Rəsmilər Ləzgi və Müşfiqabad məscidini gəncləri Suriyaya göndərməkdə ittiham edib. Ancaq buna heç bir sübut-dəlil gətirilməyib və məscidlərin indiki və keçmiş rəhbərlərinə qarşı heç bir tədbir görülməyib.

Müşfiqabad məscidi
Müşfiqabad məscidi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sözçüsü Orxan Əli Forum 18-ə deyib ki, sualları telefonla cavablandıra bilməz.

O. Əli AzadlıqRadiosuna da səslənən iddiaları nə təsdiq, nə də təkzib edib:

«Cümə günü özünüz gedin həmin məscidə, görün deyilənlər yalandır, yoxsa düz».

KONSTİTUSİYA DİN AZADLIĞINA TƏMİNAT VERİR

Komitənin sədri Elşad İsgəndərov mayın 2-də vəzifəsindən çıxarılıb. Hazırda Komitənin sədri vəzifəsini 62 yaşlı Səyyad Salahlı icra edir.

Hələlik məsələyə Daxili İşlər Nazirliyindən reaksiya almaq mümkün olmayıb.

Rəsmilər ölkədə dini azadlıqların dövlət səviyyəsində təmin olunduğunu bildirir. ABŞ Dövlət Departamenti din azadlığına dair hesabatında bildirirdi ki, ölkə Konstitusiyası din azadlığına təminat verir, amma başqa qanunlar praktikada bu azadlığı məhdudlaşdırır.

«Bəzi hallarda müsəlman və xristian qruplardan olan dindarlar saxlanırlar. Hökumət bəzi qrupları «qeyri-ənənəvi dinlər» adlandırır, çünki onların bu ölkədə o qədər də uzaq tarixləri yoxdur».
XS
SM
MD
LG