Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:01

«Həbsdə olan NİDA-çıların vəziyyəti normaldır»


NİDA-çı gənclər
NİDA-çı gənclər
-
Vəkil Əshabəli Mustafayevin AzadlıqRadiosuna bildirdiyinə görə, aclıq aksiyasını dayandırandan bəri gənclərin səhhəti də tədricən bərpa olunur:

«Cümə günü Rəşad, Şahin və Üzeyirlə görüşdüm. Bəzi xırda problemləri qala bilər. Ancaq, özlərini sındırıb bu haqda şikayət etmirlər. Biz hər hansı ciddi problem görəndə dərhal maraqlanırıq. Saxlanma şəraitindən də narazı deyillər. Hazırda Apellyasiya məhkəməsini gözləyirik. Ötən həftə müraciət etmişik. Hələlik cavab yoxdur».

İlkin Rüstəmzadənin anası Atlas Rüstəmzadə də oğlu ilə görüşdüyünü, onun səhhətinin normal olduğunu bildirdi:

«Hər cümə axşamı görüş günüdür. Bu həftə də görüşmüşük. Aclıqdan sonra bir az mədəsində problemlər yaranmışdı, indi yaxşıdır. Təkcə problem azadlıqda olmamasıdır. Bir də onun ürəyində genişlənmə var, bu bir az problem yaradır. Həmin xəstəlik əvvəldən də var idi. İndi yəqin ki, oturaq həyat pis təsir edir. Gözləyirdik ki, əfvə salalar, olmadı. Hesab edirdik ki, beynəlxalq təşkilatların təsiri güclənmişdi deyə, buraxarlar. Ancaq, özü də deyirdi ki, inanmayın, buraxmayacaqlar».

Türkan Hüseynova da həyat yoldaşı Rəşadət Axundovla görüşüb. O, həyat yoldaşının səhhətində ciddi problem olmadığını bildirib.

8 NİDA-çı gənc ötən ilin mart-aprel aylarında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar kütləvi işğtişaşlar hazırlamaqda ittiham olunublar.

Gənclər həbslərinə etiraz olaraq bu ilin aprel ayında saxlandıqları təcridxanada aclıq aksiyasına başladıqlarını bildirmişdilər.

Mayın 6-da məhkəmənin onlar haqqında çıxardığı hökmdən sonra NİDA-çılar 20 günlük aclıq aksiyasının başa çatdığını elan etmişdilər.

Məhkəmənin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə 8 il, Məmməd Əzizov, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational gəncləri vicdan məhbusu sayır.
XS
SM
MD
LG