Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:09

«Hər nazir bir sahəni özəlləşdirib» [Video]


Hansı sahə hansı məmurun inhisarındadır... [Video]
Gözlə

No media source currently available

0:00 0:09:33 0:00

-
Azərbaycana İran və Gürcüstan sərhədindən gələnlərin, adətən, bir şikayəti var: ölkəyə spirtli içki, banan, xurma və digər məhsullar keçirilməsinə icazə verilmir. Bu qaydanın rəsmi açıqlaması olmasa da, belə vəziyyətin inhisardan qaynaqlandığını söyləyənlər çoxdur. Bütün şikayətlərə gömrük işçilərindən bircə cavab eşidilir: «Olmaz».

«HƏLƏ SƏRHƏDDƏ GÖRDÜYÜM SƏHNƏDƏN SARSILMIŞDIM»

Masallı sakini Ələsgər Həsənli bu olmazlardan təngə gələnlərdən biridir. Yaxın ərazidə yaşasa da, hələ İranı görməyən bu adam ötən ay-may ayında İrana yollanıb. Qonum-qonşunun İrana səfərləri onu da həvəsləndirib. Necə deyərlər həm ziyarət, həm də ticarətə ümid bağlayıb. O, İranda gəzə bildiyi qədər gəzib, qarşısına çıxan məhsullardan da alıb. Qayıdarkən – Azərbaycan tərəfə keçəndə aldıqlarının çoxunu keçirməyə icazə verməyiblər:

Gözlə

No media source currently available

0:00 0:02:27 0:00
Direct-ə keçid

«Uzun illərdən sonra İrana ilk səfərim idi. Hələ sərhəddə gördüyüm səhnədən sarsılmışdım. Qadın-kişi demədən hər kəsi bir yerə salır, adamlar bir-birini itələyə-itələyə saatlarca ayaqüstə qalırlar. Nəfəs almağa da imkan olmur. Öz-özümə düşündüm ki, adamları İrana getməyə nə vadar edir? Oraya çatandan sonra bunun səbəbini daha yaxşı anladım. Qışda 450 manata aldığım soba orada 80 manat idi. Masallıda kilosu 2-2 manat 50 qəpiyə satılan bananı 80 qəpiyə, 200 manata aldığım yataq örtüyünün daha keyfiyyətlisini 50 manata almaq olardı. Bütün ərzaq məhsulları, özəlliklə yağ və çay 3-4 dəfə Masallıdan daha ucuza satılırdı. Evə gərəkli ərzaqdan, digər məhsullardan alıb ehtiyatımı tutdum. Sərhədə çatınca... məlum oldu ki, bəzi məhsulları Azərbaycana gətirmək qadağandır. Bircə qutu çayı da keçirməyə icazə vermirlər. Uşağa bir telefon almışdım. Açıq-aşkar üzümə dedilər ki, telefon inhisardadır, ölkəyə buraxıla bilməz. Hələ növbə tutub gözlərkən söhbətdən anlamışdım ki, banan və xurmanı buraxmırlar. Onlar çoxdan inhisara alınıb. Amma yataq örtüyü, çay və yağ niyə inhisardadır? – heç cür anlamadım. Özləri ölkədə baha satırlar, İrandan da ucuz almağa icazə vermirlər».
Hafiz Məmmədov və Ziya Məmmədov prezident İlham Əliyevə «London taksiləri»ni təqdim edirlər
Hafiz Məmmədov və Ziya Məmmədov prezident İlham Əliyevə «London taksiləri»ni təqdim edirlər

«KORRUPSİYA VƏ İNHİSARÇILIQ... ƏN BÖYÜK ZƏRBƏDİR»

İstər yerli, istərsə beynəlxalq mütəxəssislər, istər hökumət, istərsə müxalifət – bir sözlə hər kəs korrupsiya və inhisarlaşmanı Azərbaycan iqtisadiyyatına ən böyük zərbə sayır.

«Baghlan Group» Azərbaycanda «London taksiləri»nin və «Transgeyt» avtobuslarının, «Bank of Azerbaijan»ın və futbol klubunun sahibi, müxtəlif yol layihələrinin icraçısı, eləcə də hasilatın pay bölgüsü ilə bağlı sazişlərin, digər tender və layihələrin qalibidir. Şirkətlər qrupunun sahibi Hafiz Məmmədov bu günlərdə qafqazinfo.az saytına müsahibə verib. O, müsahibədə nəqliyyat naziri Ziya Məmmədovu özünə ata saydığını və nə az-nə çox 41 şirkəti olduğunu bildirir.

Sözügedən 41 şirkət fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olduğu iddia edilən 235 şirkətin yanında o qədər də çox görünmür. Son rəqəm contact.az saytında əksini tapıb və nazirlik saytın araşdırmasında yer alan siyahı barədə hər hansı açıqlama verməyib. Otel, fabrik və zavodların da yer aldığı bu siyahını sosial şəbəkələrdə paylaşanlar həmin məlumatdan o qədər də təəccüblənmədiklərini yazıblar.

Paytaxtın ən gözəl guşələrindən birində göyə ucalan Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, «Şahdağ» Turizm Kompleksi, lüks villalar, xörək duzundan tutmuş yağ istehsalınadək qida sənayesinin müxtəlif sahələrində inhisarçı mövqe, tikintidən başlayıb əsgər yeməyinədək müxtəlif xidmətlər üçün çoxmilyonluq dövlət sifarişləri... Bunların hamısı bir şirkətin – «Azərsun holdinq»in Azərbaycanda uğur hekayətidir.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun hazırladığı tədqiqatın Azərbaycanla bağlı bölümü belə başlayır. Burada göstərilir ki, «Azərsun Holdinq»in uğur hekayəti öz arxasında həm də böyük bir korrupsiya tarixçəsini gizlədir. Axı Vircin adalarında yaradılan bu şirkətin arxasından Azərbaycan prezidenti və övladlarının və 1-ci xanımın adları boylanır.

«HƏRƏ BIR SAHƏNİ İNHİSARA ALIB»

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda hər bir nazir və ya yüksəkrütbəli məmur bir sahəni inhisara götürüb, başqa sözlə, «özəlləşdirib»:

Natiq Cəfərli
Natiq Cəfərli


«Ölkənin adi sakinindən tutmuş, ictimai-siyasi prosesləri izləyənlərədək hər kəs bilir ki, banan Kəmaləddin Heydərovun, bank, rabitə sahəsi 1-ci ailənin və Paşayevlərin inhisarındadır. Hər şey öz əllərindədir, nəzarət edən də özləridir, çalışanlar da. Xurma inhisara alınandan sonra gömrüyə tapşırılır ki, ölkəyə bu meyvənin idxalına qadağa qoyulsun. Daxili bazarda başqa seçim olmadığından, xurmanı istədikləri qiymətə satırlar. Bu misal inhisarda olan bütün məhsullar üçün keçərlidir. Ölkədə azad sahibkarlıq mühiti yaratmağa, inhisarçılıqla mübarizəyə məsul olanlar elə inhisarçıların özləridir. Ona görə də Azərbaycanda qiymətlər qonşu ölkələrlə müqayisədə qat-qat bahadır».


Natiq Cəfərlinin fikrincə, azad və rəqabət mühiti yaratmaq üçün qarşıda duran ilk məqsəd ölkədə korrupsiya və inhisarçılığın aradan qaldırılması olmalıdır.

Bəs, ölkədə hər hansı sahə inhisara alınır? Təxminən iki il öncə baş verən və hələ də aktuallığını qoruyan bir məsələyə diqqət yetirsək, həmin suala cavab tapmaq olar.

BİR İLİN İÇİNDƏ 26 SEX QAPADILIB

2012-ci ilin yayında Bakı və ətraf qəsəbələrdəki dəmir emalı sexlərinə kimliyini açıqlamayan idmançı görkəmli şəxslər daxil olub, zorla sexlərin bağlanmasını tələb ediblər. Onlar tələbi yerinə yetirməyən sex rəhbərlərinin gözü önündəcə xammal və avadanlığı daşıyıb aparıblar.

2012-ci ildə «Şəhriyyar- 99» metaləritmə müəssisəsi mülkigeyimli şəxslərin hücumuna məruz qalıb
2012-ci ildə «Şəhriyyar- 99» metaləritmə müəssisəsi mülkigeyimli şəxslərin hücumuna məruz qalıb

Sex rəhbərləri polisə və digər uyğun qurumlara yardım haraylarını eşitdirsələr də, məsələ araşdırılmayıb və bir ilin içində 26 sex qapadılıb. Beləcə, paytaxtda dəmir istehsalı tək şirkətin – «Baku Steel Company»nin nəzarətinə keçib.

«Baku Steel Company»nin rəsmi internet səhifəsində yazılıb ki, son 2 ildə yeni istehsal sahələrinin yaradılmasına və yenidənqurma işlərinə 45 milyon dollar (təxminən 36 mln. dollar) investisiya qoyulub və illik istehsal gücü 770 min tona çatdırılıb. Gələcəkdə daha 30 milyon dollar (təxminən 24 mln. manat) yatırım qoymaqla istehsalın həcmini bir milyon 100 min tona çatdırmaq nəzərdə tutulur.

Şirkət öz saytında neftdənkənar sektorun ən böyük vergiödəyicilərindən biri olduğunu da diqqətə yetirir. «Baku Steel Company»nin daxili bazarda ən böyük armatur istehsalçısı olması məlumdur. Sözügedən saytda «Rusiya və Gürcüstana, Türkmənistan və İrana məhsul ixrac etmək təcrübəsi» barədə də qeydlər var.

EKSPERT: «AYRILAN VƏSAİT MƏHZ İNHİSARÇI ŞİRKƏTLƏRƏ QİSMƏT OLUR»

Bəlli bir sahə inhisarçı nəzarətinə keçəndən sonra status və mövqeyindən yararlanan məmurların biznesinə daha geniş imkanlar açılır.

Rövşən Ağayev
Rövşən Ağayev

Ən diqqətçəkən imkanlardan biri – biznesin inkişafına dövlət büdcəsindən ayrılan vəsaitdir. İqtisadçı Rövşən Ağayevin fikrincə, belə təsəvvür yaranır ki, ölkədə biznesi irəlilətməyə ayrılan vəsait məhz inhisarçı şirkətlərə qismət olur:


«İnvestisiya layihələri orta və kiçik sahibkarlara deyil, birmənalı şəkildə iri şirkətlərə ayrılır. Kiçik sahibkarlığın inkişafını hədəf götürən və təyinatı da bu olan Sahibkarlığa Milli Kömək Fondu vəsaitin 70 faizini məhz iri sahibkarlara ayırır. Siyahıda çoxsaylı kiçik və orta sahibkarlar olsa da, məbləğin böyük qismi yalnız iri sahibkarların payına düşüb. Bu, danılmaz bir meyldir və onu göstərir ki, hökumət üzünü orta və ya kiçik sahibkarlara tutmayıb. Dövlət büdcəsini araşdırarkən məlum olur ki, vəsaitin heç 5 faizi də orta və kiçik sahibkarlara çatmayıb. Beləcə, Azərbaycan hakimiyyətinin sözlə real işi arasındakı təzad açıqca görünür. İri bir özəl şirkətin ixrac payı ölkədəki ümumi ixracın 40 faizidirsə, bu, inhisarçılığa bariz misaldır».


«İNHİSAR MƏHSULLARINA YOX DEYƏK!»

Bakı sakini Səadət Cahangir bir neçə ildir inhisarçı məhsullardan imtina etməyə çalışır. Deyir ki, özəlliklə gündəlik ərzaq məhsullarına – un, yağ, qənd, duz, şəkər, çay və digər məhsullara ayrıca diqqət yetirir. Amma bununla belə, inhisardan tam boyun qaçıra bilmir:

Gözlə

No media source currently available

0:00 0:01:41 0:00
Direct-ə keçid

«Ölkəyə başqa məhsulların idxalı məhdudlaşdırıldığından Azərbaycanda ancaq inhisarçı məhsullar satılır. Əlimdən gələni edirəm ki, bu məhsullardan almayım. Birinci səbəb, vətəndaş kimi, inhisara yox deməkdirsə, digər səbəb keyfiyyətdir. Tutalım, çayı dəmləyəndən sonra fincanın üzünə ərp yığılır. Bu, çayın keyfiyyətsizliyinin, ona boya qatılmasının göstəricisidir. Yağ, şəkər və digər qida məhsulları da onu kimi. Təəssüf ki, inhisarçı məhsullardan tam imtina mümkün deyil. Tutalım, banandan. Bizim evdə uşaqlar bananı çox sevir. Amma ölkədə banan tam inhisardadırsa, onu almağa məcburuq».
İlham Əliyev «Azərsun Holdinq»in müasir istixana kompleksi ilə tanış olur – 13 iyul 2012
İlham Əliyev «Azərsun Holdinq»in müasir istixana kompleksi ilə tanış olur – 13 iyul 2012


İDXAL MƏHSULLARI DA TƏK ƏLDƏ CƏMLƏŞİB?

Bu yaxınlarda sosial şəbəkələr «inhisar məhsullarına yox deyək» adlı aksiya başladıb. Əsas məqsəd – ölkədə azad, rəqabətli biznes mühitinin boğulmasına diqqət çəkmək və sahibkarlığını bir əldə cəmlənməsinə etiraz idi. Rəylərdən biri:

«Azərbaycanda istehsal olunan mal və məhsulların keyfiyyətinə inanmıram. Bu məhsulların istehsalında standartlara əməl edilmir. İri oliqarxlardan biri meyvə şirəsi istehsalına başlayandan sonra ölkəyə bu məhsulların idxalına qadağa qoyuldu. Nəticədə, yerli sakinlər həm baha, həm də keyfiyyətsiz məhsul almağa məcbur qaldılar».


Fuad Hüseynov da əlindən gələni etsə də, inhisarçı məhsullara tam yox deyə bilmir. Bu həm seçimsizlikdən, həm də bəzi idxal məhsullarının da inhisara alınmasından irəli gəlir:

«Həmin məhsulları ölkəyə ancaq həmin inhisarçıların özü gətirə bilər. Digərlərinə imkan verilmir».


«ŞƏFFAFLIQ-AZƏRBAYCAN»: «ƏKSİNƏ, BƏZİ MƏHDUDLAŞDIRICI QANUNLAR TƏTBİQ OLUNUR»

Qanunla hökumət rəsmilərinin və məmurların biznes fəaliyyəti qadağandır. Bir məmurun biznesi olarsa, qərar qəbulunda öz marağını üstün tutacaq, bununla da maraqlar toqquşacaq. Azərbaycan parlamenti maraqların toqquşması, korrupsiya şahidlərinin qorunması və dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəza tətbiqi barədə qanunları qəbul etməyib. «Şəffaflıq-Azərbaycan» təşkilatının parlamentin vəziyyətini araşdıran ilkin hesabatında deyilir ki, ölkədə azad sahibkarlıq mühiti yaratmağa kömək edən qanunlar əvəzinə, əksinə, bəzi məhdudlaşdırıcı qanunlar tətbiq olunur:

Milli Məclis
Milli Məclis


«Bəzi millət vəkilləri bizneslə məşğuldurlar, deputat toxunulmazlığından yararlanıb, öz bizneslərini qoruyur və inkişaf etdirirlər. Qanuna zidd olaraq bir çoxları icraedici hakimiyyətdə təmsil olunur, bu da maraq münaqişəsi törədir. Parlament biznes dairələrinin təzyiqi ilə 2012-ci ilin iyununda «biznes sektoru üzərinə gizlilik pərdəsi çəkərək» informasiya əldəetmə hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdıran dəyişikliklər qəbul edib. Bu dəyişikliklərə əsasən, hüquqi şəxslərin təsisçiləri və maliyyə mənbələri, onların nizamnamə kapitalının həcmi barədə və digər oxşar məlumatları ancaq hüquq-mühafizə orqanları əldə edə biləcək. Bu müddəalar Azərbaycanın üzərinə götürdüyü digər beynəlxalq öhdəliklərə, o cümlədən 2012-ci ildə qoşulduğu Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün və «İnformasiya əldə etmək haqqında» qanunun irəli sürdüyü şəffaflıq prinsipinə ziddir».


ADI SAKININ SUALI: «NİYƏ BU QƏDƏR QİYMƏT FƏRQİ VAR?»

Qayıdaq Masallı sakini Ələsgər Həsənliyə. Onun sualı cavabsız qalıb. Təkcə İrandan aldığı məhsulların niyə ölkəyə buraxılmaması deyil, daha çox İranla Azərbaycan arasında niyə bu qədər qiymət fərqi olması haqqında sualı.

XS
SM
MD
LG