Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:33

Əgər Çaldıranda Şah İsmayıl qalib gəlsəydi...


Güntay Gəncalp
Güntay Gəncalp

-

Necə oldu sovet zamanında şairlər və yazarlar Şah İsmayıl adında bir qəhrəman kəşf etdilər?

Bunun səbəbi rus dərin dövləti idi. Rus dərin dövlətinə görə, Şah İsmayıl türklük bilincini ortadan qaldırmaq üçün bir fürsət sayılırdı.

Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalp bu məqaləsi ilə Azadlıq Radiosunun "Oxu zalı"nda Çaldıran döyüşünün 500 illiyi ilə bağlı başlanmış müzakirəyə qoşulur.

Güntay Gəncalp

ÇALDIRAN SAVAŞI ÜZƏRİNƏ DÜŞÜNCƏLƏR VƏ İNCƏLƏMƏLƏR

Tarix elmi ilə ilgilənən iki aktiv sahə mövcuddur: 1- Historioqrafiya, 2- Historiologiya.

Historioqraflar (olay yazarları) hadisələrin baş verdiyi zamanda yaşarlar. Historioloqlar (tarixşünaslar) sonrakı əsrlərdə, özəlliklə bir tarixi sürəc nəticələndikdən sonra incələmə ilə məşğul olarlar.

Bu üzdən də tarixşünas historioqrafların yazdıqlarını ağıl məhkəməsində yarqılayıb sorqulaya biləcək səlahiyyətə sahibdir.

Historioqraflar “bu hadisə niyə oldu?” deyə sormazlar, ancaq historioloqlar hadisəni səbəb-nəticə arasındakı bağları incələyərək tarixi dialektik sürəcində durumu sorqularlar.

Şah İsmayıl
Şah İsmayıl

Tarixşünaslar hadisənin baş verdiyi zamanda yaşarlarsa, hakim siyasət tərəfindən öldürülərlər. Səfəvi dövlətinin quruluşu, çöküşü və doğurduğu nəticələr ortada olduğu üçün onu historioloji (tarixşünaslıq) ölçüləri ilə incələmək mümkündür.

Tarixşünasın da amacı bundan ibarət olmalıdır, yoxsa historioqrafların yazdığı nəqli tarixi hər kəs önünə qoyub oxuya bilər. Hər oxuyana da tarixşünas deyilməz.

Tarixşünas olayların incələnməsi və günümüzlə bağlantısı baxımından oxucunun ağlında onu düşündürəcək soru işarəti yaratmalıdır.

Çaldıran savaşı və Səfəvi dövlətinin kimliyi üzərinə belə bir yöntəmlə yanaşmaq mümkündürmü?

Toplumların kollektiv və tarixi şüuraltını incələyən Yunq və Adler kimi psixoloq alimlərə görə, hər min ildə xalqların ortaq şüuraltında dəyişikliklər ortaya çıxar.

Lakin şüuraltı dəyişikliyi din və məzhəb dəyişimi ilə daha qabarıq biçimdə meydana gələrək davranışlarda özünü göstərər.

Məsələn, Səfəvilərə qədər bizim millət Dədə Qorqud nağıllarını oxuyardı, Səfəvilərdən sonra məzarları ziyarət edən, başına döyüb ağlayan fərqli bir xalq ortaya çıxdı.

Səfəvi dövlətinin quruluşu ilə böyük soyqırımlar nəticəsində xalqımız məzhəb dəyişikliyinə məruz qaldı.

Bu dəyişiklik nəticəsində onun davranışlarında, amaclarında və tarixi kimliyində köklü dəyişiklik ortaya çıxdı. Çünkü xalqları ortaqlaşdıran ortaq inanc sistemidir. İnanc dəyişimi ilə bir xalq özünə yabancılaşa bilir və bunu son 500 illik tariximizdə görmüşük.

Tarixi durumları incələrkən şübhəsiz ki, onun aparıcı şəxsiyətlərini ilk öncə araşdırmaya tabe tutmaq gərəkdir.

Kimdir Şah İsmayıl?

Bir doğma və dörd ögey qardaşı olan (Bax: Əhsən-üt təvarix, 2-ci cild, Hazırlayan Əbdülhüseyn Nəvai, Əsatir yayınları, s. 907.)

İsmayıl kimdir? Nədən özündən böyük dörd qardaşı haqqında heç bir məlumat yoxdur?

Gerçəkdən tarixə daxil edilən İsmayıl Heydərin oğludur, yoxsa onu da digər beş qardaşı kimi öldürüb İran-Sasani dövlətini qurmaq üçün başqa birini “Mehdi” axtaran qızılbaşlara təqdim etmişlər?

Nədən beş qardaş haqqında əsla bilgi yoxdur?

Tarixə gətirilən saxta İsmayıl deyil də, gerçək İsmayıl isə, o zaman heç bir dövlətçilik təcrübəsi olmayan bu uşağı pərdə arxasından idarə edənlər kim idi?

Çaldıran döyüşü, miniatür
Çaldıran döyüşü, miniatür

Bu suallara cavab vermək gerçək tarixçinin əsas işi olmalıdır. Lakin Səfəvilərdən sonra həm Azərbaycanda və həm də İranda türklər öz tarixi köklərindən, Dədə Qorqud kültüründən köklü şəkildə ayrılaraq pirpərəst, məzar ziyarətçisi, Allahın dışında imamdan, imamzadalardan imdad umanlar yığınına dönüşdülər. Bu həyat biçimini davranışlarına dönüşdürən xalqın aydınları və tarixçiləri doğruları bulmaqda zorlanacaqlar. Onların ön yarqıları, Səfəvi həyat şəklini ataraq tarixi doğruları anlaya bilmələri asan deyildir. Bunun üçün güclü bilgi, fədakarlıq və tarixi aydınlatma kimi bir missiya gərəkməkdədir.

İslamdan sonrakı türk tarixində bir çox savaşlar olmuş. Qaraxanlılar-Qəznəvilər, Qəznəvilər-Səlcuqlar, Teymur-Osmanlı, Bayındırlı-Osmanlı savaşları çox məşhurdur.

Ancaq nədən Çaldıran savaşı Türk-İslam tarixini bu qədər dərindən təsirləndirmişdir? Bəziləri bunu türklərin bir-biri ilə qardaş savaşı kimi, bəsit təriflərlə anladırlar, sanki əvvəlkilər türklər arasındakı savaşlar deyilmiş! Çünkü daha öncəki savaşların heç biri din və məzhəb zəminində deyildi. Yalnız Şah İsmayılın Türküstan və Çaldıran savaşları məzhəb savaşları üzərinə idi.

Şübhəsiz ki, 14 yaşında bir çocuğun din bilgisi də yetərli ola bilməzdi. Sadəcə olaraq, Səfəvilik özündən daha öncə mövcud olan fars milliyyətçiliyinin milli-siyasi, dini təcrübələri üzərinə qurulurdu və pərdə arxasındakı şüubiyyə amilləri bir çocuğu “Mehdi” olaraq görən Anadolu qızılbaş gücünü İrani-Sasani kimliyi diriltmək üçün istifadə etdi.

Şah İsmayıl Şahnamənin nostalji bilgiləri və epik-estetik veriləri əsasında tərbiyə edilmişdi. Şahnanmədə ərəb-türk düşmənliyi təlqin edilməkdədir. Möhtəşəm Sasani ölkəsindən ərəb-türk yığınını söküb atmaq gərəkirdi. Şahnamənin sırf bu verilərinə görə, Təbrizdə, Ərdəbildə, Heratda Şah İsmayıl türk soyqırımı gerçəkləşdirdi.

Daha sonra da Şah İsmayıl və sonra da oğlu Təhmasib Heratdan gətirtdiyi rəssam Behzadın rəisliyində bir idarə heyəti quraraq Şahnaməni yenidən yazdırtdi.

Türkləri daha sərt şəkildə aşağılayan beytləri əsərə artırdılar, yəni Şah İsmayıl Çaldıran intiqamını Şahnaməni yenidən yazdıraraq türklərdən aldı, öylə bir intiqam ki, İran coğrafiyasında yaşayan türklər çox əzik duruma düşürüldülər.

Gümüzdə bu əsər “Təhmasib Şahnaməsi” adı ilə mövcuddur. Türk tarixinin yönü ta əzəldən Şərqdən Qərbə tərəf olmuşdur. Qərbdən Şərqə dönüş yazıb-oxuması olmayan qızılbaş kütləsi timsalında bir istisna təşkil etməkdə idi.

11-ci əsrdən başlayaraq Anadoluya yerləşən türklər sünni-ələvi olaraq İslam anlayışı içinə girmişdilər. Sünnilər əkinçiliyə keçərək torpağa bağlanmış və vətənə sahib olmuşdular.

Ələvilər köçəri yaşadıqları üçün torpağa bağlılıqları yox idi. Onlar inancları gərəyi hər tərəfə toplu şəkildə gedə bilərdilər. Digər tərəfdən Osmanlının devşirməçi politikası və türkləri aşağılayan tutumu özlüyündə dövlətə qarşı savaşmaq üçün ideoloji zəmin hazırlayırdı.

Osmanlı yönətimində “ətraki-biidrak” (geri zəkalı türk) aşağılamasından bezmiş olan türklər başqa bir dövlət çatısı altında rahatlıq arama arxasıncaydılar. Bütün bu olaylar Səfəvi dövlətinin quruluşuna gətirib çıxarırdı. Yəni 9-16 əsrlər arasındakı fars milliyyətçiliyinin siyasi, ədəbi, fikri çalışmaları ilə Osmanlıdakı küskün türklərin sosial psixolojiləri uyum və ahəngdarlıq içinə girmişdi. Qızılbaşlarda durumu sorqulayacaq bilgi və tarixi təcrübə mövcud deyildi, onlar “İsmayıl vəliullah”a inanmışdılar.

Qzılbaşların Azərbaycanda qətllər törətməsi çox asan idi. Çünkü şəhər həyatının nə olduğunu bilmir və Təbrizdə yüzillər boyunca təsis edilən mədəniyyətin ortaya çıxışında heç bir əməkləri keçməmişdi. Qurucu deyil, məhv edici güc kimi Təbrizə soxuldular. Azərbaycanda heç bir tarixi xatirələri və qohum-əqrəbaları olmadıqlarından acımadan yerli türk müsəlmanları dəstə-dəstə qətl edə bilirdilər. Çox ilginc ki, qzılbaşlar şəhər mədəniyətinə böyük zərbə vurub, Bayındırılı türk dövlətini tarixdən silib İran-Səfəvi dövlətini qurduqdan sonra missiyaları bitdi və onları şahsevənləşdirərək şəhərə buraxmadılar, yenə də Azərbaycanda köçəri həyata məhkum etdilər. Səfəvi dövləti qurulduqdan günümüzə qədər türklər fars milliyyətçiliyinin hədəfləri yolunda savaş makinası kimi istifadə edilmişlər.

Şah İsmayılın qısa sürədəki böyük zəfərləri onun özünə də “Mehdi” olduğunu inandırmışdı. Çaldıran savaşı başladı.

Çaldıran savaşındakı Səfəvi məğlubiyyəti iki tərəfdən çox təsirli oldu. Qızılbaşlar İsmayılın yenilməyəcəyinə inanırdılar, bu məğlubiyyət onlardakı “İsmayıl vəliullah yenilməzliyi” inancını öldürdü. Şah ismayıl özü də bu yenilgədən sonra inamsızlaşdı. Zəif bir insan olduğunu anlayaraq qalan həyatını içkiyə və əyyaşlığa həsr etdi. Çaldırandan sonra bir savaşa qatılmadı. Bu yenilgədən sonra artıq qızılbaşlar necə bir ağılsızlıq etdiklərini anlamağa başladılar. Bir sürə sonra Varsaqlar kimi, Anadoludan gələn türkmənlər geri döndülər.

Çaldıran savaşında Şah İsmayıl Osmanlını məğlub etsəydi, tarix hansı istiqamətdə irəliləyərdi? Bu suala cavab vermək üçün hər iki tərəfdə tarxin nəticəsinə baxmaq lazımdır. Osmanlının içindən milli türk dövləti və Səfəviyyətin də içindən milli fars dövləti çıxdı. Yəni Çaldıranda Osmanlı deyil, Səfəvi qalib olsaydı, Şah İsmayılın yardımı ilə Vatikan İstanbulu geri alacaq və Anadoluda nə qədər müsəlman türk var hamısını Şah İsmayılla bir yerdə qətl edəcəkdilər, Ankaraya qədər də İran olacaqdı. İranda olduğu kimi, farslaşdırılan türk milləti tarixdən silinəcəkdi. Vatikanın Şah İsmayılı, Şah Təhmasibi dəstəkləməsi də sırf bu üzdən idi.

Burada başqa bir sual ortaya çıxır. Nədən Azərbaycan Cümhuriyyətini quran ziyalıların hamısı Səfəvi kimliyinə qarşı çıxarkən sovetlər zamanında inşa edilən “azərbaycanlı!” kimliyin yazarları Səfəviyyəti abartmışlar?

A. Q. Bakıxanov, Rəsulzadə kimi aydınlar Qafqazın Səfəvi tarixi mühitindən qopmasına sevinmiş və bunu təqdir etmişlər. Hətta Rəsulzadəyə görə, Türkmənçay müqaviləsi olmasaydı, indiki Azərbaycan cümhuriyyəti də İrandakı əhali kimi farslaşıb yox olacaqdı. Bir sürə İranda yaşayaraq orada milli kimlik və milli dövlət qurma peşində olan Rəsulzadə Səfəvilərdən sonra İranda türklüyün məhv edildiyi şüuruna vararaq belə yazırdı:

“Şiəlik İran Türklərini o qədər farslaşdırmışdır ki, indi onlar kəndilərini türkləşmiş fars, yəni əslən iranlı olaraq görürlər.” (Bax: Rəsulzadə “İran Türkleri” Türk Yurdu, 2.c., 1328 / 1912. Sayı: 6(18), s.551-556.) Bütün “Molla Nəsrəddin” məktəbinin yazarları da Səfəviliyə qarşı çıxmışlar və “Ölülər”in 13 yaşlı qızlarına təcavüz edən Şeyx Nəsrullahlar Səfəvilərin başkəndi İsfahandan gəlirdi. Necə oldu sovet zamanında şairlər və yazarlar Şah İsmayıl adında bir qəhrəman kəşf etdilər? Bunun səbəbi rus dərin dövləti idi. Rus dərin dövlətinə görə, Şah İsmayıl türklük bilincini ortadan qaldırmaq üçün bir fürsət sayılırdı. Yoxsa rus mənafeyinə xidmət etməsəydi, Şah İsmayıldan danışanları da gedər-gəlməzə göndərməzdilərmi?

İndi isə, ortaq tarix şüuru təşkil etmənin tam zamanıdır və tarix şüuru da tarixə mədhiyyələr yazmaqla oluşmaz, keçmiş sorqulanaraq tarix şüuru şəkillənər.

XS
SM
MD
LG