Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:29

Yadigar Sadıqlının vəkili: «Zərərçəkən eyni saatda həm polisdə olubmuş, həm də həkim müayinəsində»


Adil Ismayilov
Adil Ismayilov

-

İyulun 22-də Şirvan Apellyasiya Məhkəməsi Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqlının cəzasını 6 ildən 4 ilə endirib. Onun vəkili Adil İsmayılov AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Adil bəy, Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qərarı nə dərəcədə gözlənilən idi?

- Apellyasiya şikayəti verirsənsə, nəyəsə ümid edirsən. Biz Yadigar Sadıqlıya bəraət istəyirdik. Məhkəmə də tələbimizi qismən təmin etdi.

- Ortaya hansı sübutları çıxardınız ki, məhkəmə bunu nəzərə almalı oldu?

- Yadigar Sadıqlıya verilən cəza, hətta o bu cinayəti törətmiş olsaydı da, həddindən artıq ağır idi. Məhkəmə də bu baxımdan cəzanı yüngülləşdirdi. Amma tövsifdə heç bir dəyişiklik olmadı. Verilən ittihamlar yerində qaldı. Biz məhkəmədə sübut elədik ki, dırnaqarası zərərçəkmiş şəxs, ittiham tərəfinin iddia etdiyi kimi, az ağır xəsarət almayıb, ümumiyyətlə, onun xəsarət dərəcəsi yüngül sayılmalıydı. Məhkəmədə eksperti dindirdik, sonra Lənkəran təcili yardım stansiyasına müraciət etdik, ordan cavab aldıq. Məlum oldu ki, zərərçəkən hadisədən bir neçə saat sonra öz evinə təcili yardım çağırıb. Təcili yardım həkimləri onda hər hansı xəsarət aşkar etməyib, sadəcə, əzələ ağrıları ilə bağlı diaqnoz qoyublar. Yəni bu adamın heç bir xəsarəti olmadığı halda istintaq zərərçəkənin az ağır dərəcəli xəsarət almasını yazıb. Bir də müəyyən elədik ki, zərərçəkən ikinci dəfə saat 9.40-da təcili yardım çağırıb. İşdə olan sənədlərdən isə görünürdü ki, zərərçəkən şəxs 9.40-da polisdə olub. İkinci dəfə çağırılan həkim də yazmışdı ki, xəstə ağrılarının olmadığını əsas gətirib müalicədən imtina etdi.

- Sizcə, bunlar məhkəmənin qərarına təsir göstərdi?

- Fikrimcə, təqdim etdiyimiz sübutların təsiri oldu. Bu sübutlardan sonra məhkəmə bir az dərinə getsəydi... Məsələn, vəsatət vermişdim – müstəntiq gəlib ifadə versin ki, həkim zərərçəkəni müayinə elədiyi saatda o necə polis idarəsində ola bilərdi? Belə ziddiyyətlər vardı ortada və məhkəmə də dərinə getmədi. Deyək ki, hər iki tərəfi az da qane edən qərar verdi.

- Adil bəy, bir qayda olaraq, ictimai-siyasi fəallarla bağlı həbslərin, hökmlərin sifarişli, qərəzli olduğu deyilir. Sizcə, Yadigar Sadıqlının cəzasının endirilməsini bir sifariş, yoxsa məhkəmənin sübutları nəzərə alması saymaq daha doğrudur?

- Bu suala birmənalı cavab vermək çətindir. İş ondadır ki, bildiyim qədər, belə məhkəmə qərarları müzakirə olunur. Amma o müzakirədə də gətirilən sübutlar rol oynayır. Bir qayda olaraq, belə məhkəmə işlərində biz uzaq nəticələri də hesaba alırıq. Bilirik ki, bu işlər, gec-tez, Avropa Məhkəməsinə gedəcək. Avropa Məhkəməsi, təbii ki, gətirdiyimiz sübutlara Azərbaycan məhkəməsi kimi baxmır. Amma onu da əlavə edim: Yadigar Sadıqlının işi göstərdi ki, əl üzmək də lazım deyil, axıradək getmək lazımdır. Mən bu işə qoşulanda deyirdilər ki, məhkəmə istintaqına nə ehtiyac var, onsuz da Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayacaq. Amma fikirləşdim ki, bunu etmək lazımdır. Ən azı Avropa Məhkəməsi də tələb edir ki, yerli məhkəmə instansiyalarında araşdırılması üçün bütün tələblərinizi göstərməlisiniz.

- Avropa Məhkəməsinə şikayət edəcəksiniz?

- Əlbəttə. Yadigar Sadıqlının həbsinin özü qanunsuz olub. Bununla bağlı artıq Avropa Məhkəməsinə müraciət etmişik. Ali Məhkəməyə kasasiya şikayəti veriləcək, bundan sonra da, şikayət nəticə verməsə, ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasını əsas gətirib, Avropa Məhkəməsinə üz tutacağıq.

- Sizcə, Ali Məhkəmə Yadigar Sadıqlının cəzasına fərqli yanaşa bilər?

- Ümid axırda ölür. Axıradək getmək lazımdır.

XS
SM
MD
LG