Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:37

Qəzet-məmur qalmaqalı yenidən aktuallaşır


Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitləri «24 saat» və «Azadlıq» qəzetlərinə qarşı iddialar qaldırıblar
Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitləri «24 saat» və «Azadlıq» qəzetlərinə qarşı iddialar qaldırıblar

Son vaxtlar bir sıra məmurlar yenidən qəzetləri məhkəməyə verib. Elmar Hüseynovun qətlindən sonra prezidentin göstərişi ilə məmurların qəzetlərə qarşı məhkəmə iddiası qaldırmasına moratorium qoyulmuşdu. İndi nə baş verir?


Bu günlərdə Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitləri «24 saat» və «Azadlıq» qəzetlərinə qarşı iddialar qaldırıblar. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, Elmar Hüseynovun öldürülməsindən sonra bir sıra qəzetlər hesab edirlər ki, kimə böhtan, şər atsalar onlar məsuliyyətə cəlb edilməyəcəklər. Elə bu arxayınlıqla da son vaxtlar məmurların, o cümlədən də Daxili İşlər naziri Ramil Usubovun şərəf və ləyaqətini təhqir etməkdən çəkinmirlər: «Ən demokratik ölkələrdə də dövlət məmurları özlərini müdafiə edirlər. Yəni sıravi vətəndaş ona böhtan atan jurnalisti döyməklə buna cavab verirsə, dövlət məmuru da hüquqi yolla özünü müdafiə edir».


«24 saat» qəzetində «Ramil Usubov ölkədən qaçmaq istəyir» başlığı ilə çap olunan məqalədə iddia edilib ki, nazir Azərbaycanı tərk etmək istəyərkən Gəncə Hava Limanında onu saxlayaraq geri qaytarıblar. Ehsan Zahidov deyir ki, bu məqaləylə cənab Usubova dəyən mənəvi zərərin ödənilməsi üçün nazirlik «24 saat» qəzetindən üzr istəməyi və 5 min yeni manat cərimə ödəməyi tələb edir.


«Azadlıq» qəzetində isə «Mirzə Sakitə qarşı çirkin oyunlar qurulub» və «Mirzə Sakiti kimlər şərləyib?» adlı məqalələrə görə Daxili İşlər Nazirliyi məhkəməyə müraciət edib. Hər iki məqalədə istər qəzetin müəllifi, istərsə də bu nəşrə müsahibə verən politoloq Zərdüşt Əlizadə iddia edib ki, Azərbaycanda narkotik vasitələrin alverini Daxili İşlər Nazirliyində Baş Narkotiklərlə Mübarizə İdarəsi himayə edir. Ehsan Zahidov deyir ki, həm «Azadlıq» qəzeti, həm də Zərdüşt Əlizadə məhkəmədə öz iddialarını sübut etməlidirlər. Onun sözlərinə görə, əgər məhkəmədə bu cür iddialar sübut edilməsə, onlar hakimdən həm qəzetin əməkdaşının, həm də Zərdüşt Əlizadənin Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə böhtana görə məsuliyyətə cəlb edilməsini istəyəcəklər.


Politoloq Zərdüşt Əlizadə isə deyir ki, Azərbaycanda ədalətli məhkəmə olarsa, o, öz iddialarını sübut etməyə hazırdır: «Mənim sübutlarım var. Əgər məhkəmə həqiqəti yox, sifarişi əsas götürsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm».


Qəzetlərin də bu məhkəmə iddiaları ilə bağlı öz arqumentləri var. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov deyir ki, Elmar Hüseynovun qətlindən sonra məmurlar ictimai qınaqdan çəkinərək qəzetlərə qarşı məhkəmə iddiaları qaldırmırdılar. Onun sözlərinə görə, artıq cəmiyyət jurnalistlərin öldürülməsinə, döyülüb təhqir edilməsinə öyrəşdiyindən məmurlar qəzetlərə qarşı açıq mübarizəyə keçiblər: «Əslində, biz məhkəmə iddialarından çəkinmirik. Çünki biz buna öyrəşmişik. Ancaq bütün bunlar Azərbaycanda mətbuata olan münasibəti göstərir».


Məhkəmə iddialarının siyasi xarakterli olub-olmaması da maraq doğuran məqamlardandır. Daxili İşlər Nazirliyində hesab edirlər ki, qəzetlərin məhkəməyə verilməsi siyasi yük daşımır. Çünki əgər «Azadlıq» qəzeti müxalifət mətbuatı sırasına aid edilirsə, «24 saat» qəzeti haqqında bunu demək mümkün deyil. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, «24 saat» qəzetinin Ramil Usubov haqqında həqiqəti əks etdirməyən məqalə dərc etməsinin kökündə həmin nəşrin süni yolla məşhurlaşmaq istəyi durur.


Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, əgər qəzetlər cəmiyyətdəki qanunsuzluqlardan bəhs edirsə, məmurların da hüquqi yolla özlərini müdafiə etmək haqqı var. Çünki heç kimin, o cümlədən də jurnalistin böhtan atmağa haqqı yoxdur. Sadəcə, kimin haqlı, kimin haqsız olduğunu müstəqil məhkəmələr həll etməlidir. Ancaq cənab Hacılı işin məhkəmədə araşdırılmasında problem görür. Onun fikrincə, nə qədər ki, Azərbaycanda müstəqil məhkəmələr yoxdur, belə qarşılıqlı iddialar sonsuzluğa qədər davam edəcək.


Əslindəsə Azərbaycanda müstəqil məhkəmələr problemi təkcə söz və mətbuat azadlığı ilə bağlı mübahisələrdə deyil, cəmiyyətdəki istənilən xarakterli çəkişmələrdə də həmişə aktualdır.


XS
SM
MD
LG