Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:30

Avqustun 16-dan məktəblərə dərsliklər paylanmağa başlayır


Builki orta məktəb dərslikləri 108 adda olacaq, onlardan 51-i yenidir
Builki orta məktəb dərslikləri 108 adda olacaq, onlardan 51-i yenidir

Azərbaycanda orta məktəblərdə dərslər sentyabrın 15-dən başlansa da məktəblilər üçün dərsliklərin hazırlanmasına çoxdan başlanıb. Təhsil Nazirliyində bildirirlər ki, sentyabrın 15-də şagird məktəbə gələndə dərsliyi stolunun üstündə görməlidir. Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Nəcəf Nəcəfov əmin edir ki, nəinki şəhərlərdəki məktəblərdə, ucqar dağ kəndlərində də belə olacaq: «Heç bir problemimiz olmayacaq, çünki buna tam hazırlaşmışıq».


Nəcəf Nəcəfovun verdiyi məlumata görə, avqustun 16-dan etirabən məktəblər dərsliklərlə təmin olunmağa başlayacaq. Dərsliklər əvvəlcə Bakıdakı məktəblərə, sonra bölgələrə paylanacaq, hamısı da pulsuz: «Valideynlər bilsinlər və eşitsinlər ki, dərsliklər pulsuzdur, məktəbin bu ilki və keçən ilki fondu hesabına dərsliklərin hamısı veriləcək». Builki dərsliklər 108 adda olacaq, onlardan 51-i yenidir. Bu il ilk dəfə olaraq 10-cu siniflər üçün «Ədəbiyyat müntəxəbatı» da hazırlanıb.


Bakının kitab pasajlarında isə orta məktəb dərsliklərinə həmişə rast gəlmək olur. Satıcı Kamal Əliyev deyir ki, məktəblərə kitablar pulsuz verilsə də şagird müştəriləri həmişə var. Onların arasında köhnə kitabları bəyənməyənlər də, kitab çatmayanlar da olur: «Bizdə Azərbaycan tarixi, coğrafiya, riyaziyyat, cəbr, kimya, Azərbaycan dili, bütün kitablar var. Kimsə köhnə kitabdan oxumaq istəmir, yenisini alır, ya da kiməsə kitab çatmır, onda alırlar».


Kitab satıcıları deyirlər ki, dərsliklərə tələbatın necə olduğunu sentyabrın 15-dən sonra, yeni dərs ili başlayanda biləcəklər. Satıcı Şövqi deyir ki, indilik alıcılar azdır, valideynlər hələ kitabların paylanacağını gözləyirlər: «Paylanandan sonra hamıya vəziyyət aydın olacaq, kimə lazımdır gəlib alacaq, satış sentyabrın 15-dən sonra qalxacaq». Ancaq indi də alıcılar var. Onlar daha çox rus bölmələrində oxuyan şagirdlərin valideynləridir. Kamilə deyir ki, o dörd kitaba 70 min manat pul verib: «Bunlar Rusiyadan gələn kitablardır. Bu kitabları məktəbdə vermirlər. Bizə məktəbdən pulsuz kitab verirlər, ancaq hansılar ki, yoxdur, onları alırıq. Aldıqlarım isə rus dili, riyaziyyat, oxu kitablarıdır».


Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Nəcəf Nəcəfov isə deyir ki, ildən ilə rus məktəbləri üçün də dərsliklər hazırlanır və pulsuz paylanır. Yeni dərs ilində ilk dəfə olaraq 7-11-ci siniflərə riyaziyyat, fizika, astronomiya kitabları veriləcək. 5- 8-ci sinif şagirdləri isə ədəbiyyat dərslikləri ilə təmin olunacaqlar.


Yeni dərs ilində Azərbaycandakı azsaylı xalqlar üçün də yenilik var. Keçən il gürcü məktəbləri üçün gürcü dilində ana dili və 1-ci siniflərə riyaziyyat dərslikləri paylanmışdı. Bu il isə gürcü məktəblərində 2-ci sinif şagirdləri üçün də riyaziyyat dərsliyi çap olunub.


Bundan başqa 2-3-4-cü siniflər üçün talış dilində, 2-ci siniflər üçün ləzgi, avar və saxur dillərində ana dili kitabları da hazırlanır və bu dərs ilində paylanacaq. Əvvəlki ildə olduğu kimi bu il də Əlifba kitabı bütün birinci sinfə gedənlərə hədiyyə olunacaq. Yəni dərs ilinin sonunda isə bu kitablar onlardan alınıb məktəbin kitab fonduna verilməyəcək.


XS
SM
MD
LG