Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:37

Tələbə qəbulunda boş qalan yerlərin doldurulmasına ehtiyac varmı?


Narazı qalan abituriyentlərin avqustun 23-dən 27-nə qədər apellyasiya şikayəti vermək hüququ var
Narazı qalan abituriyentlərin avqustun 23-dən 27-nə qədər apellyasiya şikayəti vermək hüququ var

Avqustun 20-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə keçirilən imtahanların nəticələrini açıqlayandan sonra məlum oldu ki, iki mindən çox yer boş qalıb. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadənin sözlərinə görə, əsasən ödənişli olan boş yerlərin 700-dən çoxu özəl, qalanı isə dövlət ali təhsil müəssisələrindədir. Cənab Nağızadə deyir ki, əsasən birinci qrup üzrə riyaziyyat və texniki ixtisaslarda yerlər boş qalıb. Həmin boş yerlərə əlavə yerləşdirmənin olacağını söyləyən TQDK rəsmisi bildirir ki, abituriyentlər ikinci turda yalnız öz qrupları üzrə müsabiqədə iştirak edə bilərlər.


TQDK ali məktəblərdə boş qalmış yerlərə təkrar yerləşdirmədə iştirak etmək istəyənlərin ərizələrini avqustun 23-dən 31-dək qəbul edir. Komissiyadan deyirlər ki, imtahanın ilk mərhələsində topladığı bal boş yer üçün nəzərdə tutulan həddi kecərsə, abituriyent tələbə adını qazana bilər. Ali məktəblərə qəbul ola bilməyənlərin həm də təhsillərini topladıqları bala uyğun texnikumlarda davam etdirmək imkanı var.


Müdafiə Nazirliyinin müraciətinə əsasən Rusiyanın ali hərbi məktəblərində təhsil almaq üçün birinci və ikinci qrup üzrə 300-dən, Azərbaycan hərbi məktəblərində oxumaq üçünsə 150-dən yuxarı bal toplayan, amma ali məktəblərə qəbul ola bilməyən oğlanlar yaxın vaxtlarda keçiriləcək müsabiqəyə qatıla bilərlər. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının sərhəd qoşunları fakültəsi də ikinci və üçüncü qrup üzrə 150-dən yuxarı bal toplayanları müsabiqəyə dəvət edir. Hər üç müsabiqənin digər şərtinə görə isə, yalnız 19 yaşa qədər oğlanlar ərizə verə bilərlər. Qızlar bu müsabiqələrdən kənar saxlanıb.


Komissiyaya ünvanlanan şikayətlərə gəlincə, Elnur Nağızadə deyir ki, imtahan nəticələrindən narazı qalanların avqustun 23-dən 27-nə qədər apellyasiya şikayəti vermək hüququ var.


TQDK hər il qəbul imtahanlarının ilk mərhələsinin nəticəsində ali məktəblərdə boş qalan yerlərə təkrar yerləşdirmələr aparır. Amma hər il də bu yerlərin doldurulması mexanizmləri müxtəlif söz-söhbətlərə səbəb olur. Bu sahənin mütəxəssisləri arasında belə fikirlər var ki, ümumiyyətlə, boş qalan yerlərin təkrar müsabiqə yolu ilə doldurulması təcrübəsi aradan qaldırılmalıdır. 1992-ci ildə yaradılan TQDK-nın ilk rəhbəri olmuş Vurğun Əyyub isə hesab edir ki, boş qalan yerlərin yenidən doldurulmasına ehtiyac yoxdur: «1992-ci ildə də 13 min yer boş qalmışdı. Biz də təzyiq altında əlavə yerləşdirmə keçirdik. Ancaq bunun nəticəsində savadsızlar da instituta qəbul olurlar. Yüksək bal toplayıb qəbul ola bilməyənlər isə qıraqda qalmamaq üçün əlavə yerləşdirmədə istmədikləri ixtisası seçirlər və sonra da müxtəlif problemlər yaranır».


Bu ilki tələbə qəbulu kampaniyasında ali təhsil almaq üçün 25 629 yerə 100 mindən çox abituriyent ərizə verib, onlardan 22 927 nəfəri tələbə adını qazanıb.


XS
SM
MD
LG