Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:32

Hacı Məmmədov: «Məndən də pis adamlar var»


Hacı Məmmədovun rəhbərlik etdiyi bildirilən dəstə üzvlərinin məhkəməsi artıq bir aydan çoxdur ki, davam edir
Hacı Məmmədovun rəhbərlik etdiyi bildirilən dəstə üzvlərinin məhkəməsi artıq bir aydan çoxdur ki, davam edir

«Sifarişçilər varsa, onların adlarını deyəcəyəm. Mənə vaxt verin». Avqustun 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov vəkil Elton Quliyevin Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisinin kim olması ilə bağlı sualına cavab verərəkən belə dedi. Əsas təqsirləndirilən bunu indi açıqlamamasının səbəbini «mənim dediyim hər xırda söz cəmiyyətdə böyük rezonans doğurur, hamısını birdən desəm, hər şey bir-birinə qarışar. Prosesin gedişində hamısını deyəcəyəm».


Hacı Məmmədov bildirdi ki, bəzi vəzifə sahibləri indidən özlərini sığortalamaq üçün guya onları öldürmək istədiyim barədə sifarişli məqalələr yazdırırlar: «Mən onları öldürmək istəməmişəm, istəsəydim öldürərdim». Təqsirləndirilən həmin vəzifəli şəxslərin vaxtilə bir sıra ölüm işlərini ört-basdır etdiklərini bildirdi: «Mən cinayətlər etmişəm, bu məlumdur, ancaq məndən də pis adamlar var».


O, bir daha «Tam arxayın olun, bu prosesdə mən sübutlarla hər şeyi açıqlayacağam», - deyə bildirdi. Hacı Məmmədov adam oğurluğu və qətllərlə bağlı sifarişlərin «qəfil və əvvəlcədən bilinən sifarişlər» olduğunu, Zamirə Hacıyevanın oğurlanmasının isə birinciyə aid olduğunu söylədi.


Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir. Dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyinin ötən il martın 9-dan 10-na keçən gecə keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində zərərsizləşdirilib.


Dəstə üzvlərinin məhkəməsi artıq bir aydan çoxdur ki, davam edir.


XS
SM
MD
LG