Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:58

Başörtüyü problemi qalsa da, qanuna dəyişiklik ediləcəyi gözlənilmir


Başıaçıq şəkil çəkdirib şəxsiyyət vəsiqəsi almaq olmaz, amma xarici pasport almaq mümkündür
Başıaçıq şəkil çəkdirib şəxsiyyət vəsiqəsi almaq olmaz, amma xarici pasport almaq mümkündür

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi Dini İşlər üzrə Dövlət Komitəsinə müraciət edərək, hicablı qadınların şəxsiyyət vəsiqələri ilə təmin olunmalarına kömək göstərmələrini xahiş edib. Hicablı qadınlardan olan Gülər Abbasova deyir ki, o, başını bağlayan gündən sənəd, şəxsiyyət vəsiqəsi problemi ilə üzləşib. Başıaçıq şəkil çəkdirib şəxsiyyət vəsiqəsi almadığına görə, problemlərini həll edə bilməyib: «Şəxsiyyət vəsiqən yoxdursa, xəstəxanaya gedə bilmirsən, təhsil, istirahət, seçki hüququn pozulur». Xanım Abbasova deyir ki, bir çox problemlərlə üzləşsə də, o, başıaçıq şəkil çəkdirmək istəmir. Fikirləşir ki, bu hərəkəti etiqadı ilə üst-üstə düşməz.


Daxili İşlər Nazirliyinin Pasport İdarəsi və Vətəndaşların Qeydiyyatı İdarəsi isə qanundan kənara çıxmaq fikrində deyil. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanunda göstərilir ki, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi və pasport üçün şəkli başıaçıq çəkdirməlidirlər.



Başıörtülü şəklə icazə verilməməsinin təhlükəsizliklə bağlı olduğunu deyənlər də, bu fikrə qarşı çıxanlar da var

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Zülfiyyə İbrahimova isə bildirir ki, bu məsələ ancaq qanunla tənzimlənməlidir: «Dövlət səviyyəsində qanun qəbul olunmalıdır ki, başıaçıq şəkil çəkdirməyə icazə verilir, yoxsa etirazla deyil ki». Bu problem neçə illərdir olsa da qanunun dəyişdiriləcəyi gündəlikdə yoxdur.


Başıörtülü şəklə icazə verilməməsinin təhlükəsizliklə bağlı olduğunu deyənlər də, bu fikrə qarşı çıxanlar da var. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin koordinatoru İlqar İbrahimoğlu deyir ki, başıörtülü şəkil təhlükə yaratmır: «Bu problemin qalması ölkəyə başucalığı gətirmir. Rusiyada və başqa ölkələrdə bu problem həll olunub».


Dinşünas alim Altay Göyüşov isə o qənaətdədir ki, bu məsələ daha çox təhlükəsizliklə bağlı olan məsələdir: «Dövlət iki prioritet əsasında düşünür. Bir prioritet vətəndaşın vicdan azadlığıdırsa, o biri təhlükəsizliklə bağlıdır. Bu gün təhlükəsizlik məsələsi aktualdır, ona görə də bu başa düşüləndir». Cənab Göyüşov hesab edir ki, müəyyən vaxtdan sonra bu problem aradan qaldırıla bilər.


Bəs dindar qadınlar xaricə ziyarətə hansı sənədlərlə gedirlər? Bu məsələni araşdırarakən məlum oldu ki, onların hamısı başıaçıq şəkil çəkdirib xarici pasport alırlar. Həmin qadınlar deyirlər ki, başıaçıq şəkil çəkdirmək istəməsələr də, belə səfərlər zamanı məcburiyyət qarşısında buna gedirlər.


XS
SM
MD
LG