Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:09

«Referendum danışıqları çətinləşdirəcək»


Referendumun nəticələrini beynəlxalq ictimaiyyət tanımır
Referendumun nəticələrini beynəlxalq ictimaiyyət tanımır
Moldovanın separatçı Dnestryanı regionunda keçirilən referendumun ilkin nəticələrinə görə, seçicilərin 97 faizi müstəqilliyə səs veriblər. Region gələcəkdə Rusiyaya birləşmək istəyini bildirib. Səsvermənin hüquqi nəticəsi olmasa da... Müşahidəçilər narahatdırlar ki, bu referendumun keçmiş Sovet məkanındakı «dondurulmuş» münaqişələrə təsirləri ola bilər.

Londondakı Müharibə və Sülh İnstitutunun əməkdaşı, britaniyalı ekspert Tomas De Val deyir ki, bu cür referendumların münaqişələrin həllinə mənfi təsiri olur. O, misal kimi Dağlıq Qarabağda 1991-ci ilin dekabrında keçirilmiş referendumu göstərir. Ekspertin sözlərinə görə, Qarabağda ermənilərin keçirdiyi referendumdan sonra Azərbaycan və erməni tərəfinin mövqeyi daha da sərtləşdi. Eyni vəziyyət 1999-cu ildə Abraziyada müstəqilliklə bağlı keçirilən referendumdan sonra müşahidə olundu: «Bu cür referendumları əvvəllər də görmüşük. Çeçenistanda ilk olaraq müstəqilliklə bağlı referendum keçirildi, 3 il sonra isə Rusiyanın təşkil etdiyi müstəqillik əleyhinə referendum oldu.

«Bu referendumları heç kim tanımır. Bu cür referendumlar daha çox təbliğat üçündür, daxili ictimaiyyətə yönəlib və real beynəlxalq təsirə malik deyil»
Bu referendumları heç kim tanımır, beynəlxalq müşahidəçilər onları izləməyib. Bu cür referendumlar daha çox təbliğat üçündür, daxili ictimaiyyətə yönəlib və real beynəlxalq təsirə malik deyil».


Yəni bu halda referendumun nəticəsindən daha çox onun tanınması məsələsi daha önəmlidir. Beynəlxalq ictimaiyyət Dnestryanı regionda keçirilən referendumu əsasən rədd edir. Moldova və Qərb ölkələri referendumu tanımaqdan imtina edərək, regionu Kişinyovla danışıqlara qayıtmağa çağırırlar.


Bu arada isə Rusiyanın müxtəlif siyasi dairələrində referendumun nəticələrinin tanınmasına dair çağırışlar getdikcə güclənir. Rusiya Dumasının vitse-spikeri Serqey Baburin sentyabrın 18-də bildirib ki, Parlament hökuməti Dnestryanı regionu rəsmən tanımağa çağırmalıdır. Rusiyanın bu rusdilli regiondakı maraqlarını nəzərə alaraq bu cür çağırışlar təəccüblü görünməməlidir. Regionda 1200 nəfərlik qoşunu olan Rusiyanın referendumu tanımaq barədə ideyası regiondakı digər «dondurulmuş» münaqişələrə ciddi təsir edə bilər. Artıq bu ilin noyabrında Gürcüstanın rusiyapərəst Cənubi Osetiya regionunda müstəqilliklə bağlı referendum keçiriləcək.


Britaniyalı ekspert Tomas De Val deyir ki, Rusiya referendumlar yolu ilə Dnestryanı, Cənubi Osetiya, Abxaziya və müəyyən mənada da Dağlıq Qarabağda manipulyasiya ilə məşğuldur. Moskva göstərmək istəyir ki, bu referendumlarda xalqın iradəsi əks olunur. Lakin aydın məsələdir ki, həmin referendumlar azad və ədalətli keçməyib:

«Əgər bu gün Qarabağda referendum keçirilsə və hətta regionun keçmiş azərbaycanlı əhalisi iştirak eləsə, yenə də nəticəni əvvəldən demək mümkündür. Çünki, səsverənlərin 3/4-ü ermənilər, 1/4-i isə azərbaycanlılar olacaq»
«Məsələn, Qarabağda müstəqilliklə bağlı 1991-ci il referendumunda azərbaycanlı əhali iştirak etməmişdi. Halbuki münaqişədən qabaq Dağlıq Qarabağın əhalisinin azı 25 faizini azərbaycanlılar təşkil edirdi».


Britaniyalı ekspert Tomas De Val: «Bu münaqişələrdə iki tərəf var. Onların həlli üçün qarşılıqlı, hər iki tərəfin qəbul edəcəyi güzəştlər tələb olunur. Referendumlar isə danışıqların aparılmasını daha da çətinləşdirir. Məsələn, Abxaziya rəsmiləri deyir ki, biz statusla bağlı danışıqlar aparmayacağıq, çünki Abxaziya artıq müstəqilliyini elan edib. Və ya Qarabağı götürək. Əgər bu gün Qarabağda referendum keçirilsə və hətta regionun keçmiş azərbaycanlı əhalisi iştirak eləsə, yenə də nəticəni əvvəldən demək mümkündür. Çünki, səsverənlərin 3/4-ü ermənilər, 1/4-i isə azərbaycanlılar olacaq. Belə referendumlar problemi daha da ağırlaşdırır».


Müşahidəçilərin rəyinə görə, Dnestryanı və Abxaziya kimi «dondurulmuş» münaqişələrin nizamlanmamış qalması, Moldova və Gürcüstanın Avropa Birliyinə və NATO-ya üzvlüklə bağlı planlarını çətinləşdirə bilər.


XS
SM
MD
LG