Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:18

Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrliyə başlayandan bəri tutulanlar


Kimlər siyasi məhbus sayılır?
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Kimlər siyasi məhbus sayılır?

-

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayandan bəri 2 hüquq müdafiəçisi, 2 seçki eksperti, 4 «facebook» fəalı həbs edilib.

Bu həbslərdən ən hay-küylüsü iyulun 30-da baş verib. Həmin gün Sülh və Demokratiya İstitutunun direktoru Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə aparılıb. Bir neçə saatlıq sorğu-sualdan sonra ona qarşı dövlətə xəyanət ittihamı da daxil, Cinayət Məcəlləsinin 6 maddəsi ilə itiham irəli sürülüb və Leyla Yunus üçaylıq həbs edilib. Onun həbsindən 6 gün sonra, avqustun 5-də həyat yoldaşı, politoloq Arif Yunus təcridxanaya yemək apararkən saxlanıb.

İyulda tutulan iki «facebook» fəalından biri Müsavat Partiyasının üzvü, partiyanın internet səhifəsinin idarəçisi bloqqer Fərəc Kərimli, digəri Şəmkir rayonunda yaşayan «facebook» fəalı İlham Muradovdur. Araşdırma zamanı üzə çıxıb ki, narkotik ittihamı ilə həbs olunanadək mediada İlham Muradovu kosmik sənaye mütəxəssisi, ixtiraçı kimi tanıdan xəbərlər yayılıb. Ailə üzvlərinin dediyinə görə, onun həbsindən 8 gün sonra xəbər tutublar. Həmin müddətədək onun harada olması bilinməyib. Sosial şəbəkələrdə İlham Muradovun həbsi onun yüksəkvəzifəli dövlət məmurlarının karikaturalarını yayması ilə də əlaqələndirilir.

AXCP FƏALI FACEBOOK-DA «EVENT» YARADANDAN SONRA SAXLANIB

İyul ayında Müsavat partiyasının daha bir üzvü, Tərtər rayon təşkilatının keçmiş sədri Xəqani Məmmədli həbs edilib. Xuliqanlıqda ittiham edilərək, barəsində 2 aylıq həbs qətiimkan tədbiri seçilib.

Fərəc Kərimlidən əvvəl onun böyük qardaşı Sirac Kərimli həbs edilib. Hər iki fəala narkotik ittihamı irəli sürülüb. Atası Raqif Kərimli narkotik ittihamını rədd edir, hər iki iki oğlunun həbsini onların və özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.

Hüquq müdafiəçisi Rəsul Cəfərov həbs edilənlər siyahısındadır. Bank hesabları dondurulan hüquq müdafiəçisinin daha sonra ölkədən çıxması yasaqlanıb. Gürcüstana tədbirə çağırılan Rəsul Cəfərov sərhəddən geri qaytarılıb. Ona deyilib ki, Baş Prokurorluq onun ölkədən çıxmasına qadağa qoyub.

Daha bir məhbus AXCP üzvü, «facebook» fəalı Ruslan Nəsirlidir. O, cəbhə xəttində baş verən hərbi itkilərə görə «facebook»da «Ali Baş Komandan, xalqa cavab ver!» dəvəti ucbatından tutulduğunu iddia edir. O bu iddiasını həbsindən az əvvəl AzadlıqRadiosuna müsahibəsində dilə gətirib. Dediyinə görə, ondan «facebook»dakı həmin dəvəti silmək tələb olunub. Bu tələbi yerinə yetirməyincə, atası Şamil Nəsirov saxlanılıb və ondan oğlunun polisə gəlməsi istənib.

Xırda xuliqanlıqda və polisə müqavimətdə suçlanan AXCP fəalının harada saxlandığı açıqlanmayıb. Avqustun 4-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna AXCP fəalının inzibati xəta törətdiyi üçün məhkəməyə aparıldığı deyilsə də, partiya onun hansı məhkəməyə aparıldığını hələ müəyyənləşdirə bilməyib.

««FACEBOOK» SƏHİFƏMƏ GİR, SƏHİFƏNİ SİL»

«Facebook» fəalı Kamran İsmayılzadə də həbs olunub. Yaxınlarının dediyinə görə, o, avqustun 2-də naməlum istiqamətə aparılıb və harada olduğu bəlli deyil. Onlar ehtimal edirlər ki, Kamran İsmayılzadə «facebook»da yaratdığı «Vətən, başın sağ olsun» dəvətinə görə həbs olunub. Yenə yaxınları bildirir ki, həbsindən az öncə ondan da «facebook»dakı dəvətini silməsini istəyiblər. Daha sonra əlaqə kəsilib.

Kamranla yazışan «facebook» istifadəçisi Nəzrin Nağdəliyeva deyir ki: «Kamran avqustun 2-də mənə sms yazdı ki, «facebook» səhifəmə gir, səhifəni sil. Zəng elədim, zəng çatmadı, yazdım ki, haradasan? Yazdı ki, Nərimanov məhkəməsinə apardılar. Yazdım ki, gəlim? Yazdı ki, artıq buraxdılar, fb-də yaz mənə. O gündən nömrələrinə zəng çatmır ... nə məsələdir, bilmirəm».

Bütün bu həbslərin fonunda Azərbaycanda fəaliyyət göstərən xarici və yerli QHT-lərdə aparılan yoxlamalar da diqqət çəkir. Mediada 15-dən çox QHT və ictimai fəalın bank hesablarının dondurulması və bir neçə QHT rəhbərinin ölkəni tərk etməsi barədə xəbərlər yayılıb. Hesabı dondurulanlar arasında «IREX Azərbaycan» və «Internews-Azərbaycan» təşkilatlarının adları da çəkilir.

Azərbaycan hüquq-müdafiə təşkilatlarının monitorinq qrupu bildirir ki, Əfv Komissiyasına müraciət etsələr də, siyasi məhbus özəlliklərinə sahib 29 məhbusdan cəmi 5 nəfər azad olunub. Sözügedən qrup Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrliyə başlayandan sonra həmin müraciətlə üz tutubmuş.

Sülh və Demokratiya İnstitutunun açıqladığı son hesabata görə, hazırda Azərbaycanda 100-dən çox siyasi məhbus var. Azərbaycan 2014-cü il mayın 14-dən 47 ölkənin üzv olduğu Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb. Bu səfrlik ilin sonunadək davam edəcək.

XS
SM
MD
LG