Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:32

Ecclestone – Azərbaycan: Hansının reputasiyası daha yaxşıdır?


Bernie Ecclestone və Bəhreyn kralı Hamad Bin Isa Al Khalifa - 2005
Bernie Ecclestone və Bəhreyn kralı Hamad Bin Isa Al Khalifa - 2005

-

«Formula 1» avtomobil yarışlarının rəhbəri Bernie Ecclestone ona qarşı irəli sürülmüş rüşvət ittihamlarına xitam verilməsi üçün Almaniya məhkəməsi ilə sövdələşmə əsasında 100 milyon dollar ödəyərək canını 10 illik həbsdən qurtara bilib.

Ona qarşı qaldırılmış cinayət işində prokurorlar iddia edirdilər ki, Ecclestone və onun ailə fondu «Bambino» BayernLB bankının keçmiş icraçı direktorlarından Gerhard Gribkowsky-yə 40 milyon dollar rüşvət verib.

İttihamnamədə deyilirdi ki, Ecclestone bu pulu ona görə ödəyib ki, BayernLB-nin «Formula 1»dəki nəzarət səhm paketinin CVC investisiya fonduna satışına nail olsun. Öz növbəsində CVC Ecclestone-u vəzifəsində, yəni «Formula 1»in rəhbəri kreslosunda saxlamağa boyun olubmuş.

Ecclestone isə rüşvət ödədiyini danır və bildirir ki, pulu Gribkowsky-ə ona görə verib ki, sonuncu onun vergidən yayınması ilə bağlı orqanlara məlumat verəcəyi barədə şantajlarını dayandırsın.

PİVƏ PULU

Bu məhkəmə prosesi artıq ötən apreldən bəri davam edirdi və nəhayət sonunda Bernie Ecclestone 100 milyon dollarından keçərək ittihamlara xitam verdirmək qərarına gəlib.

Pulun 99 milyon dolları Bavariya dövlət məhkəməsinə, yerdə qalan 1 milyon dolları yerli uşaq xəstəxanasına çatacaq.

Britaniya mətbuatı yazır ki, sərvəti 7 milyard dollar olan «Formula 1» başçısı üçün 100 milyon dollar «pivə pulu»dur.

Bununla yanaşı, indi Ecclestone məhkəmə işinə xitam verilməsi üçün Almaniyanın ədliyyə tarixində ən böyük təzminatı ödəmiş şəxs sayılır.

«Formula 1» rəhbəri məhkəmədən sonra hakimə təşəkkürünü bildirib və müxbirlərə deyib ki, «indi öz işi-gücü ilə başağrısız məşğul ola bilər».

Başqa bir media qurumu isə Bernie Ecclestone-nun 2016-cı il üçün planlaşdırılmış iş-gücündən yazır. Söhbət Bakıda keçiriləcək «Grand Prix» yarışından gedir.

«FORMULA 1» VƏ AVTORİTAR AZƏRBAYCAN

Amerikanın nüfuzlu idman xəbərləri və təhlili saytı «Bleacher Report» diqqəti belə bir məqama çəkir ki, son vaxtlar «Formula 1» yarışları intensiv olaraq avtoritar rejimlərə malik ölkələrdə keçirilir.

Vladimir Putin sükan arxasında - 2010
Vladimir Putin sükan arxasında - 2010

Bernie Ecclestone-la Azərbaycan hökuməti arasında 2016-cı ilin «Grand Prix» yarışının Bakıda keçirilməsinə dair müqavilə bu ilin əvvəllərində imzalanıb. Lakin Azərbaycan İdman və Gənclər Nazirliyindən fərqli olaraq o vaxt «Formula 1» xəbəri rəsmən təsdiq etməmişdi.

Jurnalist Matthew Walthert-in «Avropa Grand Prix» yarışının Azərbaycanda keçirilməsi yaxşı bir ideyadırmı?» adlı məqaləsində deyilir ki, Bakı yarışı barədə şayiələrin həqiqət olduğunu Bernie Ecclestone yalnız ötən həftə «Forbes» məcmuəsinə müsahibəsində təsdiq edib.

Müəllif yazır ki, «Formula 1» yarışlarının son illərdə tez-tez avtoritar rejimlərə və bərbad insan haqlarına malik ölkələrdə keçirilməsi meylə çevrilib.

«Bleacher Report» yazır ki, Azərbaycan prezidenti İlham Əliyev 2012-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya barədə Yazılar Layihəsi (Organized Crime and Corruption Reporting Project's Person of the Year) tərəfindən İlin adamı elan edilib. Beynəlxalq insan haqları təşkilatları Azərbaycanda azadlıqlar sahəsində vəziyyətin getdikcə pisləşdiyi qənaətindədirlər.

Müəllif yazır ki, reputasiya qurmağa bəzən bütün həyat sərf olunur, lakin onu bir anda itirmək olar.

Matthew Walthert-in fikrincə «Formula 1» öz dəyərlərini və brendinin reputasiyasını 60 ilə qurub və indi bu dəyərləri dəyər-dəyməzinə satmamalıdır.

LEGİTİMLİK GƏTİRƏN EV SAHİBLİYİ

«Formula 1»in son mətbuat konfranslarından birində keçmiş avtomobil ötüşçüsü, hazırda yarışların rəhbərliyində olan Christian Horner Bakı yarışı barədə suallara hövsələsiz cavab verib: «Məncə, «Formula 1»i siyasi bəyanatlar alətinə çevirmək lazım deyil. Bu, idmandır».

Lakin «Bleacher Report»un məqaləsində deyilir ki, avtoritar rejimlər məhz «Formula 1» kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özlərini legitimləşdirməyə çalışırlar.

Müəllif buna misal olaraq Çin, Rusiya və Qətər kimi ölkələrin Dünya futbol çempionatlarını qonaqlamasını göstərir.

Formula-1
Formula-1

«Sponsorlar öz adlarının Çin, Rusiya, Bəhreyn və indi də Azərbaycan kimi ölkələrlə yanaşı çəkilməsindən narahat olmalıdırlar» – yazır müəllif – ««Formula 1» yarışı 2016-cı ildə doğrudan da Bakıda keçirilsə, televiziya tamaşaçıları parlaq bir şəhərin yeni modern F1 trasını görəcəklər, lakin bütün bunların pulsuz və nüfuzsuz yerli sakinlərə nəyin bahasına başa gəldiyini çoxları bilməyəcəklər».

Jurnalist «Human Rights Watch» təşkilatının 2014-cü il üçün hesabatına istinadən yazır ki, hökumət Bakının abadlaşdırılması adı ilə yüzlərlə insanı zorla və müvafiq kompensasiya vermədən evlərindən çıxarmaq kampaniyasını davam etdirir.

HƏR BİR ZİYANDA OLAN XEYİR

Bununla belə, məqalədə deyilir ki, yarışın Bakıda keçirilməsindən hər halda fayda da var.

Bu yarışı işıqlandıracaq beynəlxalq media hökumətin insan haqlarını pozması hallarına da diqqət yetirməli olacaq. Bundan əlavə «Formula 1» Azərbaycanı Qərbin nüfuz dairəsində saxlamağa, onu Rusiyadan uzaqlaşdırmağa xidmət edəcək.

Müəllif yazır ki, yarışın «Avropa Grand Prix» adlanmasının özü də simvolikdir və bu, ölkəni bir daha Avropa icmasının üzvü kimi təqdim edir.

Lakin Matthew Walthert reallıqdan çox da uzaqlaşmamağa çağırır.

«Əlbəttə «Formula 1»in mülahizələrinin mənəviyyat və sosial məsuliyyətlə heç bir bağlılığı yoxdur, pulla bağlılığı var. Nə qədər ki, Azərbaycan və ona bənzər ölkələr belə yarışların keçirilməsi üçün ağlasığmaz pullar ödəyəcəklər, bu ölkələrin adları, hökumətlərin insanlarla rəftarının necəliyinə baxmayaraq, yarış təqvimlərində görünəcək» - yazır jurnalist.

XS
SM
MD
LG