Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:24

Putin-lə görüşə gedən Əliyevə müxalifət liderindən «ev tapşırığı»


Əli Kərimli
Əli Kərimli

-

«Azərbaycanın Rusiya orbitinə qayıtması Azərbaycana nə vəd edə bilər?». «Azadlıq» qəzeti bu suala AXCP sədri Əli Kərimlinin verdiyi cavabını dərc edib. Qəzet bu cavabı «Putin-lə görüşə gedən Əliyevə müxalifət liderindən «ev tapşırığı»» hesab edir:

«Əvvəla, nəzərə alaq ki, Rusiya Ukrayna ilə konflikt nəticəsində dünyadan ciddi şəkildə təcrid olunub. «Böyük səkkizlik»dən uzaqlaşdırılıb. Avropa Birliyi, ABŞ və «Böyük yeddilik» ölkələri Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. NATO onunla hər cür əməkdaşlığı dayandırıb. Avropa Şurasında səsvermə hüququ əlindən alınıb. ATƏT-də və BMT-də təklənib və Rusiya əleyhinə çıxarılan qərarların qarşısını ala bilməyib. Beləliklə, Rusiyanın diplomatik və siyasi nüfuzu o qədər düşüb ki, onunla bir cinahda yer almaq nəinki heç bir diplomatik, siyasi qələbə vəd etmir, əksinə, labüd beynəlxalq təcridə aparır».

AXCP sədri Azərbaycanın iqtisadi əlaqələrinin istiqamətlərinə də toxunur və qeyd edir ki, Rusiyanın Azərbaycanı çəkib aparmaq istədiyi Avrasiya İttifaqına qoşulmağın siyasi fəsadları çox aydın görünməkdədir:

«Hazırda bu ittifaqda olan Rusiya, Qazaxıstan və Belarusun birlikdə Azərbaycanın idxalında payı 18.5 faiz, ixracında isə cəmi 4.3 faizdir. Azərbaycanın ixracatının 65 faizi isə Avropa Birliyinin payına düşür. Beləliklə, bazar özü artıq Azərbaycanın yerini müəyyən edib. Azərbaycan iqtisadi cəhətdən Avrasiya İttifaqına deyil, Avropa Birliyinə bağlıdır. İnzibati yolla ölkəmizi Avropa Birliyindən qoparıb Avrasiya İttifaqına cəlb etmək ölkə iqtisadiyyatı üçün dəhşətli itkilər demək olar. Nəyin naminə ölkəmiz bu itkiləri verməlidir? Nəzəri cəhətdən Rusiya hətta bütün MDB ölkələrini Avrasiya İttifaqına toplasa belə, bu birliyin dünya ÜDM-də payı cəmi 4 faiz ola bilər. Avropa Birliyinin dünya ÜDM-də payı isə artıq 26 faizdir. Niyə biz hüququn aliliyinin, azadlıq və ədalətin təmin olunduğu, hökumət və parlamentlərin səsvermə ilə dəyişdiyi zəngin və sülhsevər xalqların ailəsinə deyil, aqressiv, avtoritar, seçki yolu ilə dəyişməyən, xalqlarını özlərinə borclu bilən, kasıb xalqların zəngin diktatorlarının klubuna qoşulmalıyıq?».

Qarabağda erməni əsgərləri
Qarabağda erməni əsgərləri

SOÇİ GÖRÜŞÜNDƏN SONRA

«Yeni Müsavat» yazır ki, 2008-ci il Gürcüstan savaşından sonra Rusiya Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsini nəzarətdə saxlamaq üçün hər il avqust ayında prezidentlərin görüşünü təşkil edir:

«Rusiyanın bu görüşləri təşkil etməsinin əsas məqsədi ABŞ və AB-yə Gürcüstanla münaqişədən sonra da regionu öz nəzarətində saxladığı mesajını verməkdir. Sarkisian və İlham Əliyev arasında görüşlərdən əvvəl artıq neçənci dəfədir ki, Ermənistan cəbhədə atəşkəsi pozur. Burda Ermənistanın əsas hədəfi Azərbaycanla danışıqlar masası arxasında oturarkən güclü görünmək istəyidir. Lakin bu dəfə Azərbaycan Ermənistanın bu provokasiya cəhdlərinə açıq şəkildə əks-hücumla yüksək səviyyədə cavab verməyə çalışdı. Ermənistan tərəfinin Azərbaycanın bu reaksiyasından narahat olduğu erməni mediasında açıq şəkildə sezilir».

Qəzet Soçi görüşündən sonra Ermənistan və Rusiya arasında münasibətlərin pozula biləcəyini yazır:

«Ermənistanın keçmiş təhlükəsizlik naziri David Shahnazarian ötən gün mətbuata verdiyi müsahibəsində bu narahatlığı açıq şəkildə ifadə etdi. Onun sözlərinə görə, Rusiya kanalları son atışmalarda Azərbaycanın itkiləri ilə bağlı daha çox məlumat verməyə başlayıblar. Bir növ Azərbaycanı zərərçəkmiş göstərmək üçün. Əvvəllər isə Rusiya tam tərsini edirdi. Bu fikirləri Shahnazarian-ın ifadə etməsi Ermənistan siyasilərinin narahatlığının açıq göstəricisidir».

«ABŞ-IN QARABAĞ KONFLİKTİNİN HƏLLİ ÜÇÜN YETƏRİNCƏ SƏY GÖSTƏRMƏMƏSİNİN ŞAHİDİ OLURUQ»

«Təəssüf ki, biz bu gün ABŞ-ın Qarabağ konfliktinin həlli üçün yetərincə səy göstərməməsinin şahidiyik. Əslində, bu münaqişənin həlli üçün ABŞ-ın daimi maraq göstərməsi çox vacibdir».

Brenda Shaffer
Brenda Shaffer

Bu sözləri «Bizim yol»a müsahibəsində Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa regionunun araşdırılması mərkəzinin elmi işçisi Brenda Shaffer deyib:

«Əslində, bu münaqişənin həlli üçün ABŞ-ın daimi maraq göstərməsi çox vacibdir: həm Cənubi Qafqaz regionunun inkişafı, həm də bu regionda Rusiyanın təsir rıçaqlarının azaldılması üçün. Məlumdur ki, Azərbaycan və Ermənistan liderlərinin mövqeyindən asılı olmayaraq, Moskva onun marağına daxil olmayan istənilən sülh planını pozacaq. Hazırkı «nə sülh, nə müharibə» vəziyyəti Rusiyanın planlarına tam cavab verir. ABŞ hökuməti Azərbaycan və Ermənistan liderlərini ittiham etməkdən əl çəkməli, Rusiyanın bu konfliktdəki rolunu necə azaldacağı barədə düşünməlidir».

Brenda Shaffer-ə görə, bu gün «hamıya məlumdur ki, Ermənistan qoşunları işğal altında olan Azərbaycan torpaqlarından çıxmadan heç bir sülhdən danışmaq mümkün deyil. Rəsmi Yerevanın bu addıma getməsi üçün yalnız və yalnız Türkiyə ilə sərhədlərin açılması stimul rolunu oynaya bilər».

Politoloqa görə, «əgər ABŞ regionun demokratikləşməsinə, konfliktlərin həllinə, qlobal təhlükəsizliyə nail olmaq istəyirsə, bu zaman Cənubi Qafqazda daha çevik və dinamik siyasət yeritməlidirlər. Əks halda regionda Rusiya hegemonluğu davam edəcək».

XS
SM
MD
LG