Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:54

Genofondu ağlar qoymayın!


Əli Əkbər
Əli Əkbər

-

Ay azərbaycanlılar, qız uşaqlarını abort etməyin... Hindistandakı kütləvi zorlamaların səbəbini bilirsiniz?..

"Bizim də ali rəhbərimiz 28 May günü münasibətilə çıxış edəndə azərbaycanlılara belə müraciət etməlidir:

“Bəsdirin meyxana dediniz, quş uçurtdunuz, qeybət etdiniz, onun-bunun həyatına o yekə qafqazlı burnunuzu soxdunuz...""

Əli Əkbər

İLAN OYNADAN XALQIN ATOM BOMBASI

Hindistanda biabırçılıq baş alıb gedir. Oxuduğum xəbərlərdən belə başa düşdüm ki, siz də məni bağışlayın, orda kim kimi tutdu, zorlayır, gözünün yaşına da baxmır.

Özü də zorlayandan sonra, zorlayanlar öz qurbanlarını ağacdan asırlar.

1996-cı il istehsalı olan, baş rolda Kevin Speysinin oynadığı “Qətl zamanı” filmində olduğu kimi – ağdərili irqçilər (Ku Kluks Klan) əvvəl on yaşlı qaradərili qızı zorlayıb, sonra işgəncə verərək analıq imkanından məhrum edirlər.

Qızın atası da məhkəmə binasının içində tüfənglə irqçiləri qətlə yetirir və filmin sonunda, vəkilin də ustalığı sayəsində, ata məhkəmədən bəraət alır (“bəraət”i bir anlayış kimi hüquq kitablarından silmiş və leksikonlarından həmişəlik çıxarmış azərbaycanski hakim və prokurorlarımızın qulağından uzaq).

Vəkilin ustalığı filmin kulminasiyasıdır. Ustalıq deyəndə ki, vəkil qeyri-adi fokus göstərmir orda, əksinə, çox sadə fənd işlədir – məhkəmə zalında əyləşənlərdən xahiş edir ki, hamı gözlərini yumsun və başlayır hadisəni əvvəldən sona qədər nəql etməyə - qız uşağı evdən necə çıxdı, dükana necə getdi, yolda onu necə tutdular, necə zorladılar, üstünə necə sidik ifraz etdilər, uşaqlıq yoluna, analıq funksiyalarına necə xəsarət yetirdilər və s.

Çıxışının sonunda isə gözlənilmədən deyir:

“İndi isə təsəvvür edin ki, bu qız qaradərili yox, ağdərilidir”. Elə bu cümlə bəs edir ki, ağ adamın belə bir vəhşiliyə məruz qalma ehtimalını istisna edən andlılar şoka düşüb, qaradərili ataya bəraət qazandırsınlar. (Ardı aşağıda)

Hindistanda da vəziyyət eynən bu filmdəki kimidir. Günaşırı təkrarlanan zorlama hadisələri bütün dünya mətbuatının ana səhifələrindən verilir.

Zorlanan qızların ataları da qeyrətə gəlib əllərinə silah-filan almırlar. Ümid yenə də qalıb qadınlara – onlar “Zorlamaya yox!” şüarı ilə dəyənəklərlə silahlanıb, küçələrdə təcavüzkarlara pusqu qururlar. Allah cəmi hindlilərin köməyi olsun.

Mən, ustad Cəmil Meriçin “Hind”ini oxuyanda bu ölkəni, xalqı və qədim mədəniyyəti ayrı cür təsəvvür etmişdim. Mitxun Çakraborti və Dxarmendradan sonra, əlbəttə ki, Cəmil Meriçin Hindistanını sevməliydim.

Hollivuddan fərqli bir Hindistan mənzərəsi yarada və göstərə bildiyinə görə. O boyda tarix, o boyda ənənə, o boyda xalq!

Cem Yılmaz demişkən: “Biz burda biri ilə bacara bilmirik, amma Hindistanda otuz min dənə tanrı var”.

Hə, noolsun var? Hindistanın baş naziri “Yalvarıram, qızları öldürməyin” deyə xalqına müraciət edirsə, istəyir yetmiş min tanrısı və yüz min əsrlik tarixi olsun. Siz də deyirsiniz, insan haqları belə gəldi, seçki saxtakarlığı belə getdi.

Qos-qoca, milyard yarımlıq, qədim ölkənin baş naziri görün çıxıb nə danışır – “Qızları zorlamayın”. Kosmos texnologiyası, atom silahı, kompüter dahiləri olan bir dövlətin probleminə baxın.

Hindistan -- Polis kütləvi zorlamada şübhəli bilinənləri məhkəməyə aparır, 18 mart 2013
Hindistan -- Polis kütləvi zorlamada şübhəli bilinənləri məhkəməyə aparır, 18 mart 2013

Bu problemlərin kökündə nə dayanır? Heç şübhəsiz, toxunulmaz kasta sistemi. Qranit sərtliyindəki ənənələr. Qədimdən qədim tarix. Dədə-baba adətləri. Əsrlərdən süzülmüş mahnılar və rəqslər. Hər şey aydındır, hər şey öz yerindədir - braxman braxmandır, şudra şudradır. Nöqtə. Amma bu sistem, yəni hindlilərin “öz müstəqil, suveren yol”ları onlara bu gün nə təklif edir?

Heç nə. Böyük bir sıfır. İt günündə yaşayırlar. Küçələrdə doğulurlar,

Hindistan -- kütləvi zorlamalara qarşı sərt cəza tələb edən aksiya, 3 yanvar 2013
Hindistan -- kütləvi zorlamalara qarşı sərt cəza tələb edən aksiya, 3 yanvar 2013

küçələrdə tualetlərini edirlər, küçələrdə yeyirlər, yatırlar və küçələrdə ölürlər.

İlk dəfədir ki, Hindistanda bu problem, bu qədər açıq şəkildə dilə gətirilir. İlk dəfədir Hindistan bu problemin varlığını ən yüksək səviyyədə etiraf edir. Baş nazir Narendre Modi Müstəqillik Günü münasibətilə hind xalqına müraciətində deyir, “Oğlundan soruş ki, hara gedirsən, qızından yox. Küçəyə çıxan qızda deyil problem. Küçədə zorlamağa qız axtaran oğlanlardadır problem. Hindistanda tez-tez baş verən zorlama hadisələrinə görə biz xəcalətdən başımızı aşağı salmalı oluruq. Hər evdə valideynlər qızından soruşurlar ki, hara gedirsən, nə vaxt geri dönəcəksən, sənin dostun kimdir? Ancaq unutmayaq ki, qızları zorlayanlar da kiminsə oğludur. Bəsdirin qızlarınızı abort elədiniz, doğub öldürdünüz. Bir azdan oğlanlarımız evlənməyə qız tapmayacaq”.

Baş nazir misal da çəkir: “Ailələr tanıyıram ki, 5 oğlu olub. Bu oğulların da yaxşı imkanları var. Ancaq onlar valideynlərin qocalar evinə göndəriblər. Elə də olub ki, ailənin tək bir qızı olub. O da valideynlərinə yaxşı baxmaq üçün heç ərə də getməyib”.

Allaha şükür, zorlama hadisələrinin sıxlığı bizim ölkə ilə müqayisəyə gəlməsə də, problemlər görün necə də oxşardır. Adam rəsmən deyir ki, “tipik hindli” olmaqdan vaz keçin, lazım deyil bizə bu dəyərlər, bu adətlər, bu tarix, bu mədəniyyət.

Yadıma düşmüşkən, bizdə tez-tez Yaponiyanı da misal çəkirlər ki, “baxın yaponlar ənənələrini qoruyaraq hansı səviyyəyə çatıblar”.

2009-cu ildə, ReAL hərəkatının sədri İlqar Məmmədovun və iyirmiyə yaxın başqa adamın hüzurunda, Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki cənablarından şəxsən soruşmuşdum:

“Cənab səfir, bizdə və əsasən də Türkiyədə (zatən bizimkilər də Türkiyədən eşidib əzbərləyiblər) tez-tez Yaponiyanı misal gətirirlər ki, “Görün yaponlar ənənələrinə sadiq qalaraq necə inkişaf ediblər. Deməli, biz də ənənələrimizə sadiq qalaraq inkişaf edə bilərik. Buna nə deyə bilərsiniz? Siz doğrudanmı ənənələrinizə bağlısınız və bu, sizi inkişafa aparır?”

Səfir Oki xeyli güldü, güldü, bir az özünə gəldi, su içdi, sonra yenə qaqqıltı ilə güldü, güldü və axırda sakitləşib dedi:

“Çox gülməli və cəfəng iddiadır. Ənənə nədir? Bu dəqiqə samuraylar da, geyşalar da Yaponiyanın özündə ekzotikaya çevriliblər. Yaponiya tam olaraq vahid Qərb həyat tərzini mənimsəyib. Gənclərimiz saçlarını sarıya boyayır. Ənənəvi yapon paltarını geyinən yoxdur. Yəni ənənələrə bağlılıq və inkişaf dəxilsiz söhbətlərdir. Əlbəttə, hər kəs kimi bizim də milli xarakterimiz, kimliyimiz var, dolaylı olaraq inkişafımıza kömək də etmiş ola bilər, amma bu günün Yaponiyası tipik Qərb cəmiyyətidir. Biz də bundan narahat deyilik. Biz heç başımıza atılan atom bombasına görə ABŞ-a acıqlı da deyilik. Olan olub, keçən keçib. Yaponiya gələcəyə baxır”.

Doğrudan da, samuray qiyafəsində, əli qılınclı, keçəl və hörüklü yapon kişilərinin “Toyota”ya minib düşdüyünü, “Sony” idarə etdiyini, “Mitsubishi”yə mühərrik hazırladığını təsəvvür edə bilərsinizmi?

Yaponiya çoxdan ayılıb, Hindistan isə indi-indi tərpənməyə başlayır. “Qədim mədəniyyətlər” özlərini sorğu-sual edirlər. Hindistanın baş naziri deyir ki, “Bəsdirin gic-gic işlərlə məşğul oldunuz, kobraları tütək çalıb oyatdınız və oynatdınız. Bəsdirin! Nə üçün mən sizinlə tualet haqqında danışmalıyam? 21-ci əsrdə yaşayırıq. Hələ də qadınlar gözləyirlər ki, qaranlıq düşsəydi özlərini kolluqların dalına verərdilər. Siz düşünə bilirsizmi ki, bu işə görə onlar nə qədər çətinlik çəkirlər?

Kimsə deyə bilər ki, Müstəqillik Günündə tualetdən danışmaq yerinə düşmür. Bəlkə də. Ancaq mən kasıb ailədən çıxmışam, mən kasıblığın nə olduğunu ondan-bundan eşitməmişəm, öz həyatımda kasıblığı yaşamışam. Kasıb adamlarda özünə hörmət hissi məhz elə tualetdən başlayır.

Mən rəqəmsal texnologiyada öndə gedən Hindistan arzusundayam, yoxsa tütək çalıb ilan oynadan Hindistanın yox! Hindistanlılar arasında bu qədər kompüter üzrə əla mütəxəssislərin olması nə işə yarayır, əgər ölkənin özündə gününü ilan oynatmaqla keçirən oyunbazlar, lüt gəzən dərvişlər Hindistanı biabır edirlər?”

Cənab baş naziri başa düşmək mənim üçün, bir azərbaycanlı olaraq çətin deyil. Əslində bizim də ali rəhbərimiz 28 May günü münasibətilə çıxış edəndə azərbaycanlılara belə müraciət etməlidir:

“Bəsdirin meyxana dediniz, quş uçurtdunuz, qeybət etdiniz, onun-bunun həyatına o yekə qafqazlı burnunuzu soxdunuz. İctimai tualet mədəniyyətiniz olsun, ictimai nəqliyyat mədəniyyətiniz olsun, nəzakətli olmağı öyrənin, adam olun, adam! Qız uşaqlarını abort etməyin, genofondu ağlar qoymayın. Nanay-nanay yerinə gedin kitab oxuyun, savadlanın. Bəsdirin məhəlli dəyərlərdən yapışıb qaldınız, gedin dünyaya açılın...”

Bizimkilər belə sözləri eşitsələr, “Kişinin oğlu nə qoyub, nə axtarır” deyəcək, mırtlarını sallayacaqlar.

Halbuki məhz elə tualetdən başlamaq lazımdır.

Yeni Müsavat

XS
SM
MD
LG