Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:30

Vəfa Quluzadə: «Bu, görüntü deyil, Qarabağa diqqət həqiqətən də artıb»


Vəfa Quluzadə
Vəfa Quluzadə

-

Gözlə

No media source currently available

0:00 0:04:19 0:00
Direct-ə keçid

Bir gün öncə Azərbaycan və Ermənistan prezidentləri Uelsdə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüşdə ABŞ Dövlət katibi John Kerry də iştirak edib. Buna qədər prezidentlər Soçidə bir araya gəlmişdilər.

Politoloq Vəfa Quluzadə son görüşdən gözləntilərini AzadlıqRadiosu ilə bölüşür.

- Vəfa müəllim, ilk baxışdan elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə prezidentlərin görüşləri intensivləşib. Bu görüntüdür, yoxsa doğrudan da supergüclərin, həmsədr ölkələrin münaqişənin həllinə marağı artıb?

- Mən hesab edirəm ki, bu, görüntü deyil. Diqqət həqiqətən də artıb. Qarabağ məsələsinin həllini gündəmə gətirən Rusiyanın Ukrayna əleyhinə başladığı müharibədir və aqressiv siyasətidir. Cənubi Qafqazda Qərbin böyük maraqları var, Azərbaycan Qərblə Şərqin arasında geostrateji əhəmiyyətə malik tranzit ölkədir. Qarabağ məsələsi isə Rusiyanın əlində qumbaradır, Putin o qumbaranı istədiyi vaxt partlada bilər, bu da yeni müharibələrə səbəb olar və Qərbin maraqlarına da zərbə dəyər. Bu baxımdan məsələ aktualdır və sülh əldə olunmadan təhlükəsizliyi təmin etmək olmaz. Ona görə hesab edirəm ki, Qərb bu dəfə olduqca əzmlidir və Qarabağ məsələsinin həllinə ciddi səylər göstərəcək.

- Onda belə çıxır ki, ABŞ dövlət katibi ilə görüşün danışıqlara müəyyən təsiri ola bilər?

- Olmalıdır. Burda əsas məsələ Ermənistanı düzgün istiqamətləndirməkdir. Ermənistanda həm rəhbərlik, həm xalq müharibədən çıxmaq istəyir. Qərb Ermənistanı Rusiyanın diktəsindən çıxmağa razı sala bilsə, münaqişənin həllinə səbəb olacaq.

- Amma yada salaq ki, bundan öncə prezidentlər Soçidə görüşmüşdülər. Yəni Rusiya da öz mövqeyindən geri çəkilmir. Bir məqam da Ukraynaya müdaxilə zamanı Qərb dövlətlərinin Kiyevə yetərincə dəstək vermədiyi iddia olunur. Belə şəraitdə Ermənistanın mövqeyini dəyişəcəyini gözləmək çətin deyilmi?

- Rusiyanın marağı odur ki, nə hərb, nə sülh vəziyyəti uzansın, Ermənistan da, Azərbaycan da ondan asılı olsun. Bizim marağımız tələb edir ki, Rusiyadan asılılığımızı qurtaraq. Bizim milli maraqlarımız Qərblədir, Avropa İttifaqı, NATO ilədir. Onlar bizi müstəmləkə etmək istəmirlər.

- Sizcə, bu gün Qərbdən Ukraynaya yetərincə dəstək varmı?

- O dəstək olmasaydı, Rusiya çoxdan Ukraynanı zəbt etmişdi. Həmin dəstək sayəsində Ukrayna dözdü. Bu dəstək güclüdür. Bütün NATO nümayiş etdirdi ki, Ukraynanın arxasındadır.

- ABŞ dövlət katibi münaqişə bölgəsində avqustun əvvəlində atəşkəsin pozulmasından narahat olduqlarını dilə gətirib. Sizcə, son hadisələrin fonunda atəşkəs bölgəsində belə «narahatlıq»ların sayı arta bilərmi?

- Həmin axırıncı təxribatı, gərginliyi Soçi görüşündən əvvəl Rusiya təşkil edib. İndi baxaq görək Qərb Rusiyaya nə qədər təzyiq edə bilir? Bizim Rusiyaya gücümüz çatmır, nə bizim, nə Ermənistanın.

- Amma hər şeyə rəğmən belə başa düşmək olar ki, prosesin gedişatına pozitiv yanaşırsınız.

- Mən arzu edirəm bunları. Qərb gərək burda Rusiya faktorunu zərərləşdirsin. Ermənistanı marionetkalıqdan çıxarsın. Gəlsin bizi kimi müstəqil dövlət olsun. Biz də Rusiyadan asılıyıq, amma müstəqilik. Ermənistanı xilas etmək lazımdır. Görək bacaracaqlarmı? Biz bunu bacaracağıqmı?

XS
SM
MD
LG